Azərbaycan liderinə təkcə 50 milyon azərbaycanlı deyil, bütün dünya inanır və etibar edir!

post-img

Tarix belə yaşanır və yazılır. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin “Ona özüm qədər inanıram” deməsi heç vaxt yanılmadığını göstərdi. Vaşinqton səfəri isə Prezident İlham Əliyevin yalnız ölkəmizdə deyil, beynəlxalq miqyasda da mükəmməl lider kimi dərin hörmət və sevgi ilə qarşılandığını, ona həsəd aparıldığını bir daha təsdiqlədi.

Vaşinqtonda Azərbaycan məğrur, ləyaqətli və öz standartlarını diktə edən tərəf kimi təqdim olunurdu. Prezident İlham Əliyev isə bu dəfə ABŞ-a işğala məruz qalmış zəif tərəf kimi deyil, ərazi bütövlüyünü tam təmin etmiş qəhrəman xalqın qəhrəman lideri kimi getmişdi. Masada müzakirə olunan məsələlərdən biri də Minsk qrupunun ləğvi ilə bağlı idi. O qrup ki, otuz beş  il ərzində heç bir nəticə vermədi və Prezident İlham Əliyevin sözləri ilə desək, işğalı əbədiləşdirmək istəyirdi. Prezident bu dəfə müstəqillik əldə edildikdən sonra Azərbaycanla ABŞ ilə möhkəm təməllər üzərində qurulan, lakin son dörd il ərzində Bayden-Blinken administrasiyasının zədələdiyi münasibətlərdən sonra Prezident Tramp tərəfindən Vaşinqtona işgüzar səfərə dəvət olunmuşdu. Ağ Evdə dövlət başçımızın cənab Tramp tərəfindən yüksək səviyyədə qəbul olunması ölkəmizin liderinin qlobal arenada əldə etdiyi nüfuzun və beynəlxalq əlaqələrinin qüdrətli göstəricisi idi. Bu hadisə Azərbaycan rəhbərinin dünya siyasətində mövqeyinin güclənməsinin və ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz nümunəsi kimi yadda qaldı. Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra liderlər tərəfindən Birgə Bəyannamənin imzalanması Qarabağ zəfərindən sonra Azərbaycanın diplomatik cəbhədə də əldə etdiyi növbəti qələbə kimi tarixə yazıldı. Bu sənəd, təkcə siyasi iradənin deyil, həm də regional güc balansında Azərbaycanın həlledici söz sahibi olduğunu bir daha nümayiş etdirdi.

Beləliklə, sülhə daim sədaqət göstərən, regionda sabitlik və əməkdaşlıq mühitinin möhkəmlənməsinə ardıcıl töhfələr verən Azərbaycan, diplomatik masadan da siyasi iradəsi, prinsipial mövqeyi və qətiyyətli liderliyi ilə qalib ayrıldı. ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların fəaliyyətinə son qoyulması, Almatı Bəyannaməsinə sadiqliyin yenidən təsdiqlənməsi, eləcə də regional təhlükəsizlik və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması ilə bağlı əldə olunan mühüm razılaşmalar bu tarixi görüşün əsas nəticələri kimi yadda qaldı. Bu, həm də postmünaqişə dövründə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qəbul edildiyini və regionda yeni reallıqların artıq rəsmən tanındığını göstərdi.

Uzun illərdir blokadada qalan Naxçıvan Muxtar Respublikasının ölkənin əsas hissəsi ilə bağlantısının bərpası istiqamətində mühüm bir qərar qəbul olundu. Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə bu məsələ xüsusi olaraq vurğulanır. Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi, eyni zamanda Ermənistan Respublikasının da beynəlxalq və ölkədaxili nəqliyyat əlaqələri üzrə qarşılıqlı fayda əldə etməsi nəzərdə tutulur. Bu yanaşma regionda uzunmüddətli sülhün bərqərar olunmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə və kommunikasiyaların açılmasına ciddi təkan verəcək strateji addım kimi tarixə yazıldı.

Bununla yanaşı, Ermənistan Respublikasının ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq məsələsi gündəmə gətirildi. Bu təşəbbüs, bölgədə sülhə və sabitliyə töhfə verməklə yanaşı, iqtisadi inkişaf və regional inteqrasiyanın dərinləşməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunanlarla yanaşı ölkə başçısının 

ABŞ-a səfəri Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın dərinləşməsi baxımından son dərəcə məhsuldar və əhəmiyyətli oldu. Bu səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalandı. Bu mühüm sənəd iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və strateji müstəviyə yüksəlməsi istiqamətində ciddi addım kimi qiymətləndirilir. Memorandum Azərbaycan–ABŞ əlaqələrinin qarşılıqlı maraqlar və bərabərhüquqlu tərəfdaşlıq əsasında arzulanan səviyyəyə çatdırıldığını göstərir. 

Beləliklə, əvvəlcə ölkəmizin iqtisadi qüdrətini möhkəmləndirən, ardından ərazi bütövlüyümüzü tam şəkildə təmin edən Prezident İlham Əliyev, diplomatiya meydanından da qalib ayrılaraq Azərbaycan tarixində yeni bir səhifə yazdı. Zəfər tariximizi vərəqlədikcə Ulu öndər Heydər Əliyevin nə qədər haqlı olduğunu bir daha görür, onun uzaqgörən siyasətinə bir daha heyran oluruq. Bu gün isə Azərbaycan liderinə təkcə 50 milyon azərbaycanlı deyil, bütün dünya inanır və etibar edir!

 

Xumar Məmmədova, 
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti



Siyasət