Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan dövlətinin başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” tarixi razılaşmanı alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, bu tarixi saziş Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması istiqamətində mühüm addımdır və regionun uzunmüddətli və sabit inkişafı üçün yeni imkanlara yol açır.
Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə, regionunun sabitliyinə və rifahına yönələcək əməkdaşlığın gücləndirilməsini qətiyyətlə dəstəkləyir.
“Biz Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəyə son qoymaqda Amerika Birləşmiş Ştatlarının və Prezident Donald Trampın müstəsna töhfəsini və səylərini alqışlayırıq. Ümid edirik ki, bu tarixi hadisə Qara dəniz regionunda və bütövlükdə dünyada münaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari reaksiya verəcək”, – deyə bəyanatda bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi