AzAK Asiya – Sakit Okean əməkdaşlığına qoşulub

post-img

Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Asiya – Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul edilib.

Dövlət Agentliyinin məlumatına görə, bu, AzAK tərəfindən akkreditasiya edilmiş sınaq və kalibrləmə laboratoriyalarının təqdim etdiyi uyğunluq sənədlərinin (kalibrləmə və sınaq nəticələri və s.) Asiya–Sakit Okean regionunda tanınmasına imkan yaradacaq, təşkilatın digər üzvləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də respublikamızın qlobal akkreditasiya sistemində daha fəal iştirakına töhfə verəcək.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2023-cü il 23 yanvar tarixli sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında milli akkreditasiya qurumunun “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi, habelə qarşılıqlı tanınma razılaşmalarının bağlanılması nəzərdə tutulub. Bu çərçivədə AzAK-ın fəaliyyəti ISO/IEC 17011:2017 standartının, o cümlədən akkreditasiya üzrə beynəlxalq və regional təşkilatların tələblərinə uyğunlaşdırılıb.

 

İqtisadiyyat