Gəncə yeniləşir, biz də dəyişək…

post-img

MDB Oyunları ərəfəsində qədim şəhərin gənclik nəfəsi

Gəncə dəyişir. Təkcə parkları, yolları, binaları, idman qurğuları, kommunikasiya xətləri yox – şəhərin özü, nəfəsi, ruhu dəyişir. Və bu dəyişimin içində biz varıq. Sakinlər, qonaqlar, şəhərin sabahını düşünənlər, bu şəhərə xidmət edənlər, Gəncəni sevənlər…

Stadiondan gələn səda – yeniləşmənin rəmzi

Yolumuzu bu səhər yenə Gəncədən saldıq...Küçələr boyu düzülən səliqəli bordürlər, təzə asfaltın parıltısı, fəvvarələrin səsi, parkların nəfəsi, stadionun içərisində və ətrafında işləyən texnika, insanlar – bu sadəcə mənzərə deyil, bu, hazırlığın səsidir.İndi şəhərə hansısa bir qonaq gəlsə, mütləq “bu şəhər nəyəsə hazırlaşır” deyəcək. Çünki Gəncə bu gün böyük bir hadisənin ərəfəsindədir. Azərbaycan üçün strateji, Gəncə üçün isə tarixi əhəmiyyət daşıyan hadisənin. Bəli, Nizami yurdu Üçüncü MDB Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.

Uzaqdan, şəhər stadionu tərəfdən səs gəlir. Bu, təkcə texniki avadanlığın gurultusu deyil. Burda zəhmət var, həyəcan var, sabahın əminliyi var. III MDB Oyunlarının əsas mərasimlərinin keçiriləcəyi Gəncə şəhər stadionu əsaslı şəkildə təmir olunur, tamamilə yenidən inşa edilir. Oturacaqlar, tribunalar, işıqlandırma, ot örtüyü – hər şey beynəlxalq standartlara uyğunlaşdırılır. Əmək briqadaları üç növbəli iş rejimində çalışır.

“Bu stadionda sabah Avropa səviyyəsində yarış olacaq”, – deyə fəhlələrdən biri alnının tərini əli ilə silərək fəxrlə bildirir. Bu gün çəkilən zəhmət sabahın uğuruna yazılır. Hər daşın yerinə qoyulması, hər boltun bərkidilməsi, sadəcə, texniki iş deyil – bu, bir missiyanın yerinə yetirilməsidir. İdman infrastrukturunun yenilənməsi təkcə oyunlar üçün yox, şəhərin gələcək idman siyasəti üçün də təməl təşkil edir.

Bu stadionda bir zamanlar Azərbaycanın futbol əfsanələri addımlayıb, indi isə burada yeni nəsil yetişəcək. MDB Oyunları qurtaracaq, amma stadiona uşaqlar, gənclər, klublar gələcək, məşq edəcək, yarışacaq, ruh qazanacaq. Hər daş, hər kərpic yeni nəfəsin, yeni ruhun nişanəsidir. Mühəndislər yalnız idman obyektini yox, bir şəhərin imicini bərpa edirlər. Hətta xarici ekspertlər bu cür tikinti tempi və texniki keyfiyyətə heyran qalıblar.

“Gəncə stadionu artıq təkcə idman obyekti deyil – bu, şəhərin fəxarət rəmzinə çevrilir. Çünki burada təkcə tikinti yox, ideya inşa olunur”. Bu fikirləri də “Kəpəz” futbol klubunun icraçı direktoru İlqar Nadiri dedi.

“Kəpəz” stadionu beynəlxalq standartlara uyğunlaşdırılır. Hazırda burada son tamamlama işləri gedir. Avropa standartlarına tam uyğun nəhəng bir idman qurğusu ölkə başçımızın gəncəlilərə gözəl bir hədiyyəsidir. Əvvəlki stadion nə gündəydi, heç bu barədə danışmağa dəyməz. İndi burada həm MDB İdman Oyunlarının açılışı olacaq, həm də idman yarışlarının bağlanışı bu stadionda keçiriləcəkdir. Gəncənin siması təkcə gözəlləşmir, həm də ciddiləşir.

Dövlət rəhbərliyi öz üzərinə düşəni edir: Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və həyata keçirdiyi layihələr bunun bariz nümunəsidir. Lakin bu siyasətin dərin qatında vətəndaşın tərbiyəsi, şəhər mədəniyyətinin yüksəldilməsi, ictimai davranışın inkişafı dayanmalıdır. Bir anlıq gəlin yaxşı-yaxşı düşünək. MDB Oyunları gələcək və keçəcək. Qonaqlar gedəcək, tribunalar boşalacaq, alqışlar səngiyəcək. Amma şəhər qalacaq. Bu şəhərin havası, insanı, həyatı yenə öz axarında davam edəcək. Onda sual budur: bu dəyişiklik tədbir üçündür, yoxsa gələcək üçün? Əgər bu dəyişiklik planlıdırsa, davamlıdırsa, dəyərlərə əsaslanırsa — deməli, Gəncə doğrudan da dəyişir. Və bu dəyişiklik yalnız tikinti deyil. Bu, dəyərlərin, baxışların, münasibətlərin, vətəndaş məsuliyyətinin dəyişməsidir. …

... Hazırda şəhərdə aparılan genişmiqyaslı hazırlıq işlərinin mərkəzində dayanan əsas məkanlardan biri də Gəncə İdman Sarayıdır. Şəhərin idman həyatına ev sahibliyi edən bu obyekt indi yeni nəfəs, yeni görkəm, yeni funksionallıqla beynəlxalq səviyyədə qəbul olunan idman kompleksinə çevrilməkdədir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun son günlərdə sarayda aparılan yenidənqurma və təmir işləri ilə yerində tanış olması bu istiqamətdə görülən işlərin nə qədər yüksək səviyyədə aparıldığını göstərdi. Şəhər rəhbərliyi bu tədbirə yalnız idman baxımından deyil, həm də Gəncənin beynəlxalq nüfuzunun artması baxımından yanaşır.

İdman Sarayında yarışların keçirilməsi üçün müvafiq zonalar ayrılıb: idmançılar üçün qarderob və hazırlıq zonaları, mətbuat üçün iş otaqları, VIP və qonaq zalları, hakimlər üçün xüsusi yerlər, eləcə də müasir standartlara cavab verən tamaşaçı tribunaları artıq istifadəyə tam hazırdır. Üzgüçülük hovuzları, istirahət və reabilitasiya guşələri, idman zalı və digər köməkçi sahələr də beynəlxalq standartlara uyğunlaşdırılıb. Bu kompleks yalnız idmançıları deyil, həm də şəhərə gələcək çoxsaylı turist və media nümayəndələrini qəbul etmək iqtidarındadır.

Şəhər yeniləşir, sakin də dəyişir

MDB Oyunları Gəncə üçün təkcə idman tədbiri deyil – bu, mədəni sıçrayışdır. Şəhər hamının gözü qarşısında, hər gün, hər saat dəyişir. Ən əsas dəyişiklik isə insanın özündə baş verir. Təmiz səkidə gəzmək, işıqlı küçədə addımlamaq insanı da işıqlandırır. Gəncə şəhəri indi öz sakinini dəyişməyə başlayıb. Bu da inkişafın əsl göstəricisidir. Yeni salınan yaşıllıqlar, abadlaşdırılan parklar, müasir işıqlandırma sistemi şəhərin nəfəsini dəyişib. Gəncədə “gecə həyatı” artıq təhlükəsiz və rahat şəkildə yaşanır – sakinlər axşamlar ailəvi olaraq şəhərə çıxır, gəzinti edir, musiqi dinləyir. Bu isə artıq həyat tərzinin dəyişməsidir.

Heydər Əliyev Parkı, Xan Bağı, park və prospektlər, yollar, binalar Cavad xan heykəli meydanı - hər biri bu tədbirə yeni görkəmdə daxil olur. Gəncənin siması təkcə gözəlləşmir, həm də ciddiləşir. Təbii ki, hamısını birdən eləmək mümkün olmur. Məsələn, şəhərin bəzi əraziləri hələ də bu yenilənmədən kənarda qalıb. Torpaq yollar, natamam kanalizasiya sistemi, köhnə dirəklər, səliqəsiz səkilər...Gəncənin bir başqa üzü də bax, budur. Unutmamalıyıq ki, şəhərin mərkəzi və kənarı arasında fərq olmamalıdır. Əsl inkişaf yalnız kompleks yanaşma ilə mümkündür. Şəhəri abadlaşdırmaq – dövlətin, icra strukturlarının, bələdiyyənin işi ola bilər. Amma onu qorumaq, yaşatmaq, sevmək vətəndaşın borcudur. Əgər yeni asfaltın üzərinə zibil atılırsa, qazılırsa, səkilər avtomobil üçün işğal olunursa, oturacaqlar sındırılırsa, hasarlar yazılırsa, bu, təkcə mədəniyyətsizlik deyil, həm də biganəlikdir, bu müqəddəs şəhərə, Ulu Nizaminin ruhu dolaşan şəhərə hörmətsizlikdir.

Prezidentin qayğısı – yeniləşmənin dayağı

Niyazi müəllim deyir ki, “bu inkişafın arxasında siyasi iradə, dövlət qayğısı, xüsusilə Prezident İlham Əliyevin Gəncəyə verdiyi dəyər dayanır. Dövlət başçısının bu şəhərə göstərdiyi diqqət təkcə infrastrukturla məhdudlaşmır – bu, təşəbbüslərə açılan qapı, xalqın etimadına cavab deməkdir. MDB Oyunlarının əsas mərhələsinin Gəncəyə verilməsi də birbaşa siyasi güvənin təzahürüdür.

Bu qərar Gəncənin gələcəyinə verilmiş böyük səlahiyyət və məsuliyyətdir. Əgər Gəncə dəyişirsə, bu dəyişimin təməlində dövlətin iradəsi var.

Cənab Prezidentin dəfələrlə Gəncəyə səfəri zamanı verdiyi tapşırıqlar bu gün öz bəhrəsini verir. Təkcə mərkəzi küçələr yox, ən ucqar məhəllə yolları da təmir edilir. Yeni təhsil və səhiyyə müəssisələri tikilir. İctimaiyyətin hər təbəqəsi bu diqqəti hiss edir – təqaüdçü də, tələbə də, kiçik sahibkar da.

Gəncədə keçirilən oyunlar, beynəlxalq forumlar, sərgilər və konfranslar birbaşa dövlət siyasətinin tərkib hissəsidir. Prezidentimizin idmana, mədəniyyətə, regionların inkişafına ayırdığı diqqət Gəncədə konkret nəticələr verir”.

Şəhər rəhbərinin dediyi sözlərdə böyük bir həqiqət var. Çünki bu proses bir şəhəri deyil, bütöv bir bölgəni hərəkətə gətirib. Gəncənin simasında bütün Qərb bölgəsi ayağa qalxıb. Artıq bu regiona sərmayə gəlir, turist axını artır.

Keçmişin səsi – kəhrizlər kimi səssiz, dərin

Gəncənin bugünkü dəyişimi əbəs yerə başlamayıb. Bu şəhərin altında axan kəhrizlər hələ yüzillər əvvəl bizə nəyi necə etməyi öyrədib. Səssiz axıblar, amma hər evə su çatdırıblar. Elə bugünkü yenilənmələr də səssiz, amma təsirli şəkildə gedir. Keçmişin təməli üzərində qurulan gələcək. Budur Gəncənin bugünkü missiyası!

Qədim abidələr bərpa olunur, tarix qorunur, müasirliklə qovuşur. Bu şəhərin altı tarixdir, üstü gələcək...

Kəhrizlər Gəncə tarixinin susan şahidləridir. Hər biri bir mədəniyyət qatıdır. Bu gün mütəxəssislər onların bərpası ilə yanaşı, yeni turizm marşrutları barədə də düşünürlər. Gələcəkdə bu gizli sular şəhərin yeni brendinə çevrilə bilər. Yeri gəlmişkən, qəzetimizin yaxın nömrələrinin birində Gəncə kəhrizləri və onların bugünkü vəziyyəti barədə geniş yazı verəcəyik.

Gəncənin muzeylərində, memarlıq komplekslərində aparılan bərpa işləri də bu keçmişin dirçəlişidir. Hər daş, hər dirək, hər kitabə – öz sözünü deyir. Tarixsiz gələcək olmaz.

Bu şəhərin ruhu qədimliyin içindən gəlir, müasirliklə qoşa addımlayır. Əgər şəhər nəfəs alırsa, bu nəfəs altında axan kəhrizlərdədir.

Gəncə, bizi dəyiş, biz də səni...

İndi Gəncəyə gələn hər kəs burada bir təravət, bir ruh yeniliyi hiss edir. Artıq bu şəhər təkcə görmək üçün yox, daxilən dəyişmək üçün bir yerə çevrilib. III MDB Oyunlarının maskotları Leyla və Bəbir şəhərin simvolik təcəssümüdür: biri zəkadır, mədəniyyətdir, digəri gücdür, iradədir.

Onlar artıq Gəncə ilə sinonimə çevrilib. Şəhərin hər yerində bu iki obrazın şəkilləri, fiqurları və təbəssümü var. Leyla – Azərbaycan qadınının zəkasını, zərifliyini, ruhunu simvolizə edir. Onun gülümsəməsində millətimizin qonaqpərvərliyi, geyimində klassika ilə müasirliyin harmoniyası, duruşunda isə bir ev sahibinin inamı var.

Bəbir isə dağlardan enmiş qürur və çeviklikdir. O, fiziki gücü, idman əzmini, Azərbaycan təbiətinin və gəncliyinin vəhdətini ifadə edir. Onlar birlikdə – qadın zəkası və kişi enerjisinin sintezi, sülhün və əməkdaşlığın çağırışıdır.

Bu maskotlar Gəncənin yeni brendinə çevrilib. Hələlik onların plakatları, şəkilləri çox yerdə olmasa da, bir azdan stadionları bəzəyəcək, suvenirlərə köçürüləcək və şəhərin yaddaşına həkk olunacaq. Gəncə təkcə daşla, asfaltla yox, həm də obrazlarla dəyişir.

Gəncə yenidən doğulub. Amma bu doğuluş təkcə şəhər üçün deyil, həm də bizim üçündür. Gəlin, bu dəyişimin bir parçası olaq. Çünki şəhər dəyişirsə, biz də dəyişməliyik…

Şəhərin simasında hər birimiz özümüzü tapmalıyıq. Bu şəhərin təmizliyi, qaydası, rəngi – bizim daxili dünyamızın aynasıdır. Səssizcə dəyişən küçələr, ucalan yeni abidələr, yaşıllıqlara boyanan prospektlər...Bu mənzərə yalnız memarların deyil, düşünən insanların da əsəridir.

Artıq Gəncə təkcə Gəncə sakinlərinin deyil, bu, regionun, Azərbaycanın, hətta MDB-nin diqqət mərkəzində olan mədəniyyət və idman şəhərinə çevrilir. Burada olmaq həm məsuliyyətdir, həm qürur.

Gəlin, Gəncəyə sahib çıxaq. Dəyişən şəhəri izləməyək, onunla birgə dəyişək.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə









Sosial həyat