Cənubi Qafqazın tarix boyu üzləşdiyi münaqişələr və geosiyasi gərginliklər region ölkələri arasında ticarət əlaqələrinin zəifləməsinə və iqtisadi inkişaf tempinin ləngiməsinə səbəb olmuşdur. Xüsusilə, Azərbaycanın ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğal altında saxlanılması, yalnız region miqyasında deyil, daha geniş coğrafiyada mövcud iqtisadi və logistik potensialın tam reallaşmasına ciddi maneələr yaratmışdır. Bu vəziyyət nəqliyyat marşrutlarının qapanmasına, investisiya axınlarının azalmasına və əməkdaşlıq imkanlarının məhdudlaşmasına gətirib çıxarmışdır.
Lakin Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə həyata keçirilən strateji təşəbbüslər mürəkkəb geosiyasi mənzərəni dəyişdirərək regionun dayanıqlı inkişafı üçün yeni imkanlar açmışdır. Bu təşəbbüslərin mühüm nümunələrindən biri Zəngəzur dəhlizi – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsidir. TRİPP uzunmüddətli sabitlik və iqtisadi tərəqqi baxımından strateji əhəmiyyət daşıyır, həm regional, həm də qlobal ticarət axınlarının genişlənməsinə xidmət edir. Layihənin malik olduğu faydalar gələcəkdə digər münaqişəli regionlarda da “infrastruktur → iqtisadi asılılıq → sülh → inkişaf” modelinin tətbiqinə yol aça və regional əməkdaşlığı gücləndirə bilər. Bu mənada TRIPP yolu Cənubi Qafqaz və qonşu bölgələr üçün yeni iqtisadi və geosiyasi perspektivlər formalaşdırır.
Zəngəzur dəhlizi və qlobal iqtisadi inteqrasiya
Ulu öndər Heydər Əliyevin “Azərbaycan dünya iqtisadi sisteminə qovuşmalı, beynəlxalq əməkdaşlığın fəal iştirakçısına çevrilməlidir” prinsipi bu gün Zəngəzur dəhlizinin (TRIPP) reallaşmasında mühüm strateji əsas kimi çıxış edir. Onun uzaqgörən iqtisadi siyasətinin məqsədi Azərbaycanı qlobal arenada güclü mövqeyə çıxarmaq, beynəlxalq ticarət əlaqələrini genişləndirmək və regional sülhü gücləndirmək idi. Bu prinsip ölkəmizin coğrafi mövqeyindən səmərəli istifadə etməyə yönəlmişdir. Zəngəzur dəhlizi layihəsi də məhz bu irsin təbii davamı kimi çıxış edir.
Zəngəzur dəhlizi (Tramp yolu) təşəbbüsü ilə iqtisadi inteqrasiya və sosial rifahı birləşdirən dayanıqlı inkişaf modelinin təməli qoyulur. “Şərq – Qərb” və “Şimal –Cənub” nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşən bu marşrut Mərkəzi Asiyadan gələn yüklərin Avropa və Yaxın Şərq bazarlarına sürətli, təhlükəsiz və əlverişli şəkildə çatdırılmasını təmin edir.
Azərbaycanın liderliyi ilə həyata keçirilən bu təşəbbüs qlobal sülhün və rifahın təşviqi üçün kompleks və sistemli yanaşmanı nəzərdə tutur. Tranzit marşrutunun formalaşdırılması, ticarət axınlarının optimallaşdırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi Zəngəzur dəhlizinin əsas məqsədlərindən hesab olunur. Yeni infrastruktur bağlantıları Şərq ilə Qərb arasında ticarət dövriyyəsinin artmasına, yeni bazarlara çıxış imkanlarının genişlənməsinə və beynəlxalq logistikanın daha müasir və effektiv formada idarə olunmasına şərait yaradır.
Dünya təcrübəsi göstərir ki, düzgün idarə olunan logistika infrastrukturu iqtisadi artım və geosiyasi güc mərkəzlərinin formalaşması üçün zəruri şərtdir. Məsələn, Sinqapur modeli coğrafi üstünlükləri qabaqcıl infrastruktur və yüksək texnologiyalı logistika sistemləri ilə birləşdirərək Asiya – Sakit Okean regionunu aparıcı ticarət qovşağına çevirmişdir. Zəngəzur dəhlizi isə Azərbaycanın Cənubi Qafqazda analoji tranzit və logistika mərkəzinə çevrilməsini hədəfləyir.
Digər nümunə olan Panama Kanalı qlobal ticarət təhlükəsizliyinin təminatçısı və gəlir mənbəyi kimi Panamanın gücünün artmasına xidmət etməkdədir. Zəngəzur dəhlizi isə yalnız gəlir mənbəyi olmaqla kifayətlənmir, eyni zamanda regionda sülh və stabilliyi təmin edən güclü geoiqtisadi vasitə kimi fəaliyyət göstərir. Eləcə də Süveyş Kanalı layihəsi əsasən iqtisadi mənfəət və ticarət həcminin artırılmasına yönəlib. Bundan fərqli olaraq Zəngəzur dəhlizi mövcud ənənəvi yanaşmalardan irəli gedərək iqtisadi inteqrasiya və rifahı prioritet kimi nəzərdə tutur, iqtisadi fəaliyyəti sülh və təhlükəsizlik faktoruna çevirir.
Beləliklə, Zəngəzur dəhlizi qarşılıqlı fayda və əməkdaşlıq üzərində qurulmuş iqtisadi sülh modelinin canlı nümunəsi kimi çıxış edir. Perspektivdə isə o, Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda inteqrasiyanın, sabitlik və inkişafın strateji dayaqlarından birinə çevrilmək potensialına malikdir. Dəhliz boyu yerləşən ölkələr arasında qarşılıqlı iqtisadi asılılığın güclənməsi “İqtisadi sülh nəzəriyyəsi”nin əsas prinsiplərinə uyğun olaraq, bölgədə davamlı sabitliyə xidmət edəcəkdir.
Zəngəzur dəhlizi: strateji sülh körpüsü
Zəngəzur dəhlizi təşəbbüsünün mərkəzində iqtisadi sülh nəzəriyyəsi dayanır. Bu nəzəriyyəyə görə, dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsi təkcə ticarət dövriyyəsini artırmır, həm də münaqişə risklərini əhəmiyyətli dərəcədə azaldır, qarşılıqlı inam və etimadı gücləndirir. Sülhün təmin olunması iqtisadi əməkdaşlığın artması ilə əlaqəli olduqda, əməkdaşlıq özü iqtisadi sabitliyin və sosial rifahın əsas dayağına çevrilir.
Ölkələr arasında qarşılıqlı iqtisadi asılılığın formalaşması, ticarət əlaqələrinin genişlənməsi və qarşılıqlı faydanın güclənməsi münaqişələrin qarşısını alan mühüm amil kimi çıxış edir. Belə bir mühitdə əməkdaşlıq zərurətə çevrilir, qarşılıqlı maraqlar isə sabit, uzunmüddətli münasibətlərin təminatına xidmət edir. Zəngəzur dəhlizi də məhz bu funksiyanı yerinə yetirir − iqtisadi inteqrasiyanı strateji vasitə kimi istifadə edərək region ölkələri arasında qarşılıqlı asılılıq yaradır, bununla da münaqişə risklərini azaldır və uzunmüddətli sülhün təməlini qoyur.
Təcrübə göstərir ki, qarşılıqlı iqtisadi maraqlara əsaslanan əməkdaşlıq, siyasi ziddiyyətlər mövcud olsa belə, sabitliyin qorunmasına töhfə verir. Avropa İttifaqı bu məqsədə yüksək hüquqi standartlar və vahid bazar prinsipləri əsasında nail olur. ASEAN isə daha çevik yanaşma tətbiq edərək ticarət azadlığını ön plana çıxarır; bu modeldə tariflərin azaldılması və sərhəd keçidlərinin sadələşdirilməsi üzv ölkələr arasında ticarət həcmini artırmış, iqtisadi asılılıq isə tərəfləri sərhəd mübahisələrində kompromis axtarmağa sövq etmişdir.
Zəngəzur dəhlizi hər iki modelin üstünlüklərini birləşdirərək hüquqi çərçivəni siyasi dialoqla paralel inkişaf etdirməyi, iqtisadi və ticarət əməkdaşlığını sülh və rifahın əsas hərəkətverici qüvvəsinə çevirməyi hədəfləyir.
Tarixdən məlum nümunələr bunu təsdiqləyir: 1951-ci ildə Fransa və Almaniya arasında qurulan Kömür və Polad Birliyi sonradan Avropa İttifaqının əsasını qoyaraq uzunmüddətli sülhü təmin etdi. 1991-ci ildə yaradılmış Mercosur (Cənubi Amerika İqtisadi Birliyi) regional ticarət bloku Braziliya və Argentina arasındakı gərginliyi azaltdı. ASEAN isə üzv dövlətlər arasındakı sərhəd mübahisələrini yumşaldaraq iqtisadi inteqrasiyanı dərinləşdirdi.
Bunla bir daha iqtisadi inteqrasiyanın ticarəti və sabitliyi gücləndirdiyini göstərir. Bu nümunələrdə ortaq mexanizm odur ki, qarşılıqlı iqtisadi asılılıq münaqişə baş verdiyi halda hər iki tərəf üçün iqtisadi itki riskini artırır, nəticədə kompromislərə yol açılır. Son illərdə Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranla münasibətləri bərpa etməsi, eləcə də Şərqi Afrika İqtisadi Birliyi çərçivəsində əməkdaşlıq da bu tendensiyanı təsdiqləyir.
Zəngəzur dəhlizi bu prinsipləri Cənubi Qafqaz miqyasında tətbiq edərək marşrut boyunca iqtisadi əlaqələri dərinləşdirir, qarşılıqlı maraqları gücləndirir və münaqişə risklərini minimuma endirir.
Zəngəzur dəhlizinin idarəetmə modeli: perspektivlər
Zəngəzur dəhlizi fiziki nəqliyyat əlaqələrinin bərpasını, regional və qlobal iqtisadi inteqrasiyanın dərinləşməsini hədəfləyən strateji əhəmiyyətli təşəbbüsdür. Dəhlizin 99 il müddətinə ABŞ şirkətləri tərəfindən idarə olunması modeli beynəlxalq təcrübədə yeni rast gəlinir. Lakin alternativ yanaşmalar da mövcuddur. Məsələn, Avropa İttifaqında iri infrastruktur layihələri iri konsorsiumlar vasitəsilə idarə olunur, Çin – Pakistan İqtisadi Dəhlizində isə dövlət – özəl tərəfdaşlığı modeli tətbiq edilir. Bu müqayisələr əslində Zəngəzur dəhlizi üçün ən uyğun idarəetmə çərçivəsinin seçildiyini vurğulayır, çünki fərqli yanaşmalar layihənin təsirini və iqtisadi faydasını azalda bilər. Mövcud beynəlxalq təcrübələrə əsaslanan 99 illik idarəetmə modeli Zəngəzur dəhlizinə bir sıra strateji üstünlüklər qazandıracaq:
· ABŞ şirkətlərinin maliyyə gücü və infrastruktur sahəsindəki təcrübəsi regiona milyardlarla dollar sərmayə gətirmək potensialına malikdir. Avropa – Asiya marşrutlarında sərmayələrin 20 milyard ABŞ dollarına çatması, “Yeni İpək Yolu” layihəsində bu rəqəmin yüz milyardlarla dollarla ölçülməsi oxşar yanaşmanın Zəngəzur dəhlizinə də tətbiq edilə biləcəyini göstərir. Bu halda dəhliz yüksək texnologiyalı infrastruktur və müasir nəqliyyat şəbəkələri ilə təchiz ediləcək.
· Layihə ticarət marşrutlarının optimallaşdırılması, logistika xərclərinin azaldılması və tranzit vaxtının qısaldılması ilə illik yüz milyonlarla dollarlıq qənaət potensialı yarada bilər. ABŞ şirkətlərinin qabaqcıl logistika idarəetmə sistemləri ticarət əməliyyatlarını daha sürətli və daha sərfəli edəcək. ABŞ-ın beynəlxalq nüfuzu və strateji tərəfdaşlıq imkanları isə layihənin dayanıqlı icrasını təmin edərək, regional münaqişə risklərini azaldacaq və ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək. İqtisadi asılılığın artması geosiyasi gərginliyi minimuma endirəcək, texnoloji modernləşmə isə xüsusilə qeyri-neft sektorunda yüksək əlavə dəyər yaradan sahələrin inkişafına mühüm töhfə verəcək.
· Dəhlizin inkişafı, həmçinin məhsulların Yaxın Şərq, Avropa və Mərkəzi Asiya bazarlarına daha sürətli çatdırılmasını təmin edəcək. Bu, ixrac bazarlarının genişlənməsinə, iqtisadiyyatın şaxələnməsinə və yeni beynəlxalq ticarət imkanlarının yaranmasına gətirib çıxaracaq. Layihənin həyata keçirilməsi minlərlə yeni iş yeri yaradacaq. Dünya Bankının hesablamalarına görə, hər 1 milyon ABŞ dolları infrastruktur sərmayəsi orta hesabla 6,5 iş yeri formalaşdırır. Beləliklə, qoyulan sərmayə yeni iş yerinin açılması, bu da sosial rifahı əhəmiyyətli dərəcədə güclənməsi deməkdir.
· Zəngəzur dəhlizi nəqliyyat əlaqələrinin bərpası ilə tarixi Qərbi Azərbaycan ərazilərinin iqtisadi axınlara qoşulmasına imkan verəcək. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz avtomobil yolu ilə Qərbi Azərbaycana, İrəvana gedəcəyik...”. Bu proses 1990-cı illərdə Şərqi Almaniyanın Qərbi Almaniya iqtisadiyyatına sürətli inteqrasiyasını xatırladır. Eyni yanaşma ilə, Zəngəzur dəhlizi vasitəsilə yaranacaq iqtisadi asılılıq və qarşılıqlı fayda Qərbi Azərbaycan ərazilərinin sosial-iqtisadi sisteminin Azərbaycana reinteqrasiyasına güclü təkan verəcəkdir. Dəhlizin uzunmüddətli idarəetmə modeli kapital və texnologiya transferini təmin edərək reinteqrasiyanı sürətləndirə bilər.
· 99 illik icarə modeli həmçinin investorlar üçün uzunmüddətli sabit gəlir proqnozu yaradır ki, bu da iri həcmli infrastruktur sərmayələrini stimullaşdırır və texnoloji tətbiqləri sürətləndirir. ABŞ şirkətlərinin rəqəmsal logistika idarəetmə sistemləri daşımaların sürətini artıracaq, əməliyyat xərclərini azaldacaq və tranzit gəlirlərini yüksəldəcək. Dünya Bankına görə, effektiv logistika idarəçiliyi tranzit ölkələrdə iqtisadiyyatın illik artımına orta hesabla 1–1,5 faiz əlavə edə bilir. Bundan başqa, ABŞ şirkətlərinin iştirakı Azərbaycanın nəqliyyat və enerji marşrutlarını qlobal bazarlara birləşdirərək siyasi riskləri azaldacaq və ölkənin beynəlxalq ticarət sistemində əsas qovşaq kimi mövqeyini möhkəmləndirəcək.
· Beynəlxalq təcrübələr göstərir ki, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq münaqişələrin azaldılması üçün ən güclü vasitələrdəndir. Məsələn, Avropa İttifaqı ölkələri arasında iqtisadi əməkdaşlıq, təxminən, 70 illik sülh və davamlı inkişafın əsasını qoyub. Eyni zamanda, Çin tərəfindən həyata keçirilən 1 trilyon ABŞ dolları həcmində “Yeni İpək Yolu” təşəbbüsü regionlararası iqtisadi əlaqələri möhkəmləndirərək qlobal ticarətdə önəmli rol oynayır.
Beləliklə, Zəngəzur dəhlizinin 99 illik müddətə ABŞ şirkətləri tərəfindən idarə edilməsi Azərbaycanın uzunmüddətli iqtisadi dayanıqlığını gücləndirəcək, infrastrukturun beynəlxalq standartlara uyğun modernləşdirilməsini təmin edəcək və ölkəni Avrasiya logistik xəritəsində strateji “hub” mövqeyinə gətirəcək.
Heydər Əliyevdən İlham Əliyevə: iqtisadi strategiyanın davamlılığı
Ulu öndər Heydər Əliyevin iqtisadi strategiyası Azərbaycanın regional əməkdaşlıq imkanlarının genişləndirilməsi və iqtisadi asılılıq mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində formalaşdırılmışdır. O, nəqliyyat marşrutlarını yalnız yükdaşıma vasitəsi kimi deyil, həm də ölkənin iqtisadi təsir gücünü artıran strateji platforma kimi qiymətləndirirdi. Bu yanaşma əsasında 1990-cı illərin sonlarından Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı – Tbilisi – Ərzurum qaz kəməri kimi iri infrastruktur layihələri həyata keçirildi. Nəticədə bu təşəbbüslər Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu gücləndirərək ölkənin iqtisadi əlaqələrinin möhkəm təməlini qoydu.
Bu iqtisadi strategiyanın uğurlu tətbiqi hazırda Azərbaycanın, təxminən, 80 milyard ABŞ dolları səviyyəsində olan ÜDM-inə öz təsirini göstərməkdədir. Beynəlxalq təhlillər göstərir ki, iri tranzit dəhlizləri yerləşdiyi ölkələrin ÜDM-inə illik 3–5 faiz əlavə dəyər qazandırır. Bu baxımdan, Zəngəzur dəhlizinin tam gücü ilə fəaliyyətə başlaması iqtisadiyyatımıza milyardlarla dollar əlavə gəlir gətirə bilər. Belə bir potensialın reallığını qiymətləndirmək üçün Panama və Süveyş kanallarının ölkə iqtisadiyyatına verdiyi əhəmiyyəti misal gətirmək olar: Panama Kanalı ölkə ÜDM-nin 6 faizini, Süveyş Kanalı isə Misirin ixrac gəlirlərinin 10 faizdən çoxunu təşkil edib. Bu göstəricilər Zəngəzur dəhlizinin də oxşar iqtisadi təsirə malik ola biləcəyini göstərir.
Bundan əlavə, Zəngəzur dəhlizinin iqtisadi faydaları yalnız tranzit gəlirlərilə məhdudlaşmır. Dəhliz ticarət marşrutlarının optimallaşdırılmasına, daşınma xərclərinin azalmasına, yeni sənaye zonalarının yaranmasına və xarici investisiyaların artmasına səbəb olacaq. Bu isə Azərbaycanın iqtisadi strukturunu daha da şaxələndirəcək və gücləndirəcək. Dünya Bankının araşdırmaları göstərir ki, yüksək effektivliyə malik tranzit dəhlizləri yerləşdiyi regionlarda investisiya cəlbediciliyini 15–25 faiz artırır ki, bu da əlavə iqtisadi dinamikaya yol açır.
Bu strateji xətti yeni mərhələyə daşıyan Prezident İlham Əliyev iqtisadi inkişafı qarşılıqlı asılılıq, geosiyasi sabitlik, regional inteqrasiya və sosial rifah prinsipləri əsasında qurur. Bu baxımdan Zəngəzur dəhlizi onun konsepsiyasının mərkəzi elementinə çevrilir və Azərbaycanı regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın aparıcı mərkəzinə çevirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Şimal – Cənub Nəqliyyat Dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihələri Zəngəzur dəhlizi ilə sinerji yaradaraq Azərbaycanın Avrasiya loqistik xəritəsində strateji “hub” mövqeyini daha da möhkəmləndirir.
Nəticədə, Zəngəzur dəhlizi Ulu öndərin iqtisadi irsini davam etdirərək Azərbaycanın qlobal iqtisadi sistemdəki mövqeyini gücləndirir. Bu təşəbbüs həm iqtisadi sabitliyi və sosial rifahı artırır, həm də regional əməkdaşlıq və sülhün təminatında mühüm strateji baza yaradır. Dəhlizin gətirəcəyi faydalar Azərbaycanın iqtisadi baxımdan yeni zirvələrə yüksəlməsinə şərait yaradaraq uzunmüddətli sülhə doğru atılacaq önəmli addım kimi qiymətləndirilir.
Beynəlxalq təcrübəyə nəzər yetirdikdə, Sinqapur modeli müasir infrastruktur və iqtisadi inteqrasiya sayəsində regional ticarət mərkəzinə çevrilmişdir. Eynilə, Zəngəzur dəhlizi də Azərbaycanın regional iqtisadi mərkəz kimi inkişafına mühüm töhfə verəcək. Çinin “Yeni İpək Yolu” təşəbbüsü isə qlobal ticarətin yenidən təşkilinə və iqtisadi inteqrasiyanın gücləndirilməsinə yönəlmiş böyük sərmayələri ilə diqqət çəkir. Bu layihə çərçivəsində Zəngəzur dəhlizi strateji əhəmiyyətli əlaqə rolunu oynayaraq, iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir. Bununla yanaşı, Qara dəniz limanlarına çıxışı genişləndirmək məqsədilə Qazaxıstanın həyata keçirdiyi infrastruktur layihələri ölkənin beynəlxalq ticarətə əlçatanlığını artırmışdır. Bu baxımdan, Zəngəzur dəhlizi Azərbaycanın tranzit potensialını yüksəldərək regional iqtisadi inkişafı dəstəkləyir.
Göründüyü kimi, Zəngəzur dəhlizi təşəbbüsü Azərbaycanın gələcək inkişafında mühüm yer tutan, qlobal iqtisadi təsiri genişləndirən və yeni inkişaf modelini yaradan strateji layihədir. “İnfrastruktur → iqtisadi asılılıq → sülh → rifah” zəncirini nəzərdə tutuan bu model qarşılıqlı fayda və müsbət iqtisadi asılılıq üzərində qurulmuşdur və davamlı sülhün təmin olunması ilə yanaşı, sosial rifahın yüksəlməsinə də zəmin yaradır:
1.İnfrastrukturun modernləşdirilməsi: iqtisadi asılılıq üçün təminat. Zəngəzur dəhlizinin ilk mərhələsi infrastrukturun müasirləşdirilməsi ilə başlayır və bu mərhələnin mühüm aspekti regional iqtisadi əməkdaşlığın möhkəmləndirilməsidir. Son 5 ildə nəqliyyat sektoruna 15 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Dəmir yollarının yenilənməsi, magistral yolların çəkilməsi, liman və logistika mərkəzlərinin inkişafı Zəngəzur dəhlizi kimi iri layihələr üçün güclü baza formalaşdırır. Bu, Şərq – Qərb marşrutlarının qısalmasına, logistika xərclərinin azalmasına və Azərbaycanın beynəlxalq ticarət şəbəkəsinə dərin inteqrasiyasına xidmət edir.
2.İqtisadi asılılıq: qarşılıqlı faydaların təmini. İlham Əliyevin iqtisadi siyasəti qarşılıqlı faydalı əməkdaşlıq və iqtisadi asılılıq prinsipinə əsaslanır. Bu, ölkələr arasında əlaqələri gücləndirir, münaqişə risklərini azaldır və “iqtisadi asılılıq → sülh” modelini möhkəmləndirir. Zəngəzur dəhlizi regional ticarət və investisiya əlaqələrini genişləndirərək qarşılıqlı maraqların qorunmasına şərait yaradır. Bu model, iqtisadi faydalar yaratmaqla yanaşı sülhün möhkəmləndirilməsi və qarşılıqlı etimadın artmasına yönəlir.
3.Sülh: iqtisadi və geosiyasi dayanıqlıq. İqtisadi və infrastruktur əsaslar üzərində qurulan sabitlik makroiqtisadi göstəricilərlə yanaşı sosial rifah və geosiyasi balansı da gücləndirir. Naxçıvanın iqtisadi reinteqrasiyası, yeni sənaye zonaları və logistika şəbəkələrinin genişlənməsi bu sabitliyin əsas elementlərindəndir.
4.İnkişaf: iqtisadi artımın və sosial rifahın güclənməsi. Dəhliz ticarət yollarını müasirləşdirərək enerji təhlükəsizliyini artırır, istehsal potensialını genişləndirir və məşğulluğu yüksəldir. Bu proses sosial təminatların genişlənməsi və rifahın artması ilə müşayiət olunur.
Bütün bunlar onu deməyə əsas verir ki, İlham Əliyevin liderliyi ilə həyata keçirilən Zəngəzur dəhlizi (TRIPP) təşəbbüsü yalnız Azərbaycan üçün deyil, Şərq və Qərb arasında iqtisadi əməkdaşlığın yeni bir modelini təqdim edir. Müasir infrastruktur, iqtisadi asılılıq və sabitlik birləşərək həm sülh, həm də inişafın əsasını yaradır. Bu yanaşma müasir iqtisadiyyatın və sülhün birləşən gücünü ortaya qoyur və regional inteqrasiya ilə daha geniş bir iqtisadi əməkdaşlıq modelinin əsası kimi çıxış edir.
Zəngəzur dəhlizi (Tramp yolu) bundan sonra da hələ uzun müddət sabitliklə iqtisadi inkişafın sintezini təmin edən dərin, inteqrasiya olunmuş strateji yanaşma kim öz əhəmiyyətini qoruyacaq. Prezident İlham Əliyevin iqtisadi inkişaf və sülh yönümlü liderliyi sayəsində bu yeni paradiqma güclənərək Cənubi Qafqazda və daha geniş bölgədə uzunmüddətli sabitlik və əməkdaşlıq dövrünə dəstək verəcək.
Şaiq Adıgözəlov,
iqtisad üzrə fəlsəfə doktoru