Finlandiyanın Həmeenlinna şəhər kitabxanasında tanınmış azərbaycanlı rəssam Çingiz Abasovun “Möhtəşəm Bakı” adlı fərdi sərgisi açılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova məlumat verib.
Bildirilib ki, sərginin ”Konstitusiya və Suverenlik İli”ndə təşkil olunması xüsusi məna daşıyır. Rəssamın əsərləri doğma Bakı şəhərinin gözəlliyini, ruhunu və müasirliyini əks etdirir. Rəssam artıq 30 ildir ki, Finlandiyada yaşayır və bu illər ərzində Azərbaycan mədəniyyətini tanıtmaqla özünü bir mədəniyyət elçisi hesab edir.
Rəssam deyir: “Onilliklərdir vətəndən uzaqda yaşasam da, Azərbaycan mədəniyyətinin zənginliyini və xalqımızın humanist, bəşəri dəyərlərini sənətim vasitəsilə hər zaman yaşadığım ölkələrdə çatdırmağa çalışmışam”.
Çingiz Abasov təkcə xaricdə deyil, vətənində də yaradıcılıq fəaliyyətini davam etdirib. Onun son monumental əsəri – “Qarabağ - 30 il və 44 gün” adlı tablosu 2021-ci ildə Bakıda çəkilmiş və İkinci Qarabağ müharibəsində qazanılan zəfərə ithaf olunmuşdur. Bu tablo həm keçmişin xatirəsi, həm də gələcəyə inamın ifadəsidir, xalqımızın mübarizəsini və qələbəsini sənətdə əbədiləşdirir.
Hər birimiz bu cür sənətkarların – eləcə də Azərbaycan mədəniyyətini dünyaya tanıdan və diasporamızın fəxri olan Çingiz Abasovun fəaliyyəti ilə qürur duyuruq.