Donald Tramp İlham Əliyevin liderliyini təsdiqlədi
“Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”…
Dünyanın ən qüdrətli və hegemon dövlətinin rəhbəri, ABŞ-nin 47-ci Prezidenti Donald Trampın ilk dəfə görüşdüyü və qısa müddətdə apardığı dialoq çərçivəsində xarizması, diplomatik gedişləri, dərin və məzmunlu fikirləri ilə onu heyran edən Prezident İlham Əliyevi dünyanın böyük lideri kimi təqdim etməsi Azərbaycana, onun müdrik rəhbərinə verilən ən yüksək dəyər və qiymət oldu.
Donald Trampın özünün də dediyi kimi, yalnız nadir hallarda təqdim edilən Ağ Evin rəmzi açarlarının cənab İlham Əliyevə hədiyyə edilməsi isə onu təsdiqlədi ki, Azərbaycan Prezidenti ABŞ liderinin ən dəyərli qonaqlarından biridir.
Ağ Evin rəhbərinin dünyanın siyasi xəritəsində kiçik bir məkan kimi görünən Cənubi Qafqaz ölkəsinin lideri barədə səsləndirdiyi dəyərli fikirlər cənab İlham Əliyevin dünyaşöhrətli siyasətçi, vədinə sadiq lider, etibarlı tərəfdaş, sözü imzası qədər keçərli Prezident olduğunu bir daha təsdiqlədi.
Ümumiyyətlə, Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri Bakı-Vaşinqton münasibətləri üçün çox önəmli məsələ, mühüm tarixi hadisə oldu. Reallıq budur ki, ikitərəfli münasibətlərdə artıq yeni əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açılır.
Səfər çərçivəsində iki ölkə arasında imzalanan mühüm sənəd də tariximizə yeni abzasdan yazılmış oldu. Çünki Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasına dair sənədin, həqiqətən də, böyük əhəmiyyəti var. Həmin sənəddə təsbit edilən gələcək əməkdaşlıq istiqamətləri (qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlıq) ölkəmizin qarşısında nə qədər böyük imkanlar açıldığını göstərir. Bunun Azərbaycan üçün əlbəttə ki, çox müsbət təsirləri olacaq.
Etiraf edək ki, Azərbaycan hər zaman ABŞ ilə uğurlu diplomatik münasibətlər qurmaqda maraqlı olub. İki dövlət arasında tərəfdaşlığın 33 ildən artıq bir tarixi var. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. İki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. Belə ki, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-də səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-nin Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir.
Avqustun 8-dək Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 90-a yaxın sənəd imzalanmışdı və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdı.
Lakin bundan öncəki Bayden-Blinken administrasiyası dönəmində sanki bu münasibət dondurulmuşdu. Əksinə, ABŞ rəhbərliyi Ermənistanın yalanlarına uyaraq işğalçı ölkəyə dəstəyini nümayiş etdirir, Azərbaycana qarşı ikili standartlar siyasətini yürüdürdü. Bayden administrasiyasının məqsədi ancaq Azərbaycanı qaralamaq, gözdən salmaq idi. Lakin Azərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətini itirmədi, milli maraqlarından bir addım də çəkilmədi.
Elə Prezident İlham Əliyev də yerli televiziya kanallarımıza verdiyi müsahibədə bu məsələyə toxunaraq əvvəlki administrasiya dövründəki dörd ili “itirilmiş illər” kimi qiymətləndirdi.
ABŞ səfərində cənab İlham Əliyevin tarixi uğurlarından biri də “Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması oldu. Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdir. Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdır.
Düzdür, hazırda Azərbaycan özü ehtiyacı olan ölkələrə yardımlar edir. Yəni iqtisadi cəhətdən qüdrətli donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də ABŞ lideri tərəfindən Azərbaycan üçün siyasi jest hesab edilməlidir.
Vaşinqton görüşünün ən mühüm hadisələrindən biri də Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı Birgə Bəyannamənin imzalanması oldu. ABŞ Prezidenti D.Trampın şahidliyi ilə Prezident İlham Əliyev və baş nazir N.Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq imzalanan sənəddə mühüm məsələlər yer aldı.
Burada ATƏT-in Baş katibinə Minsk qrupunun ləğvinə dair birgə müraciət təsdiqlənir. Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair sazişin mətni paraflanandan sonra adıçəkilən sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılmasının zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Beləliklə, Zəngəzur dəhlizi (“Tramp yolu”) də reallaşır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin ABŞ‑yə səfəri siyasi və diplomatik sahədə bir neçə tarixi dönüş nöqtəsini özündə birləşdirir. Bunlar qarşılıqlı münasibətlərin strateji çərçivəyə yüksəldilməsi, barış və sülhün mümkünlüyü üçün Qafqazda yeni reallıqların yaranması, Azərbaycanın tranzit və enerji imkanlarının genişlənməsi perspektivləri, regionda geosiyasi təsirin diversifikasiyasıdır. Əlbəttə ki, bu addımlar həm Azərbaycan üçün, həm də region üçün təhlükəsiz, sabit, inkişafyönümlü bir gələcəyə işarə edir.
Bütün bunlar təbii ki, Prezident İlham Əliyevin tarixi uğuru kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan qüdrətli, tam müstəqil siyasət yürüdən Prezidentinin qlobal liderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. Bundan sonra Azərbaycan qələbənin möhkəmləndirilməsi ilə məşğul oldu və “Qisas əməliyyatı” da daxil olmaqla bir neçə lokal xarakterli əməliyyat keçirərək Ermənistan ordusunun qalıqlarını, qeyri-qanuni erməni silahlı dəstələrini çətin duruma saldı, Laçında sərhəd keçid məntəqəsinin qurulmasına nail oldu. 2023-cü ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi əsasında ordumuz 24 saatlıq antiterror tədbirləri ilə Azərbaycanın tam suverenliyini bərpa etdi. Onu da deyə bilərik ki, son 80 ildə Azərbaycan kimi tam, mütləq qələbə qazanan ölkə olmayıb.
Bir sözlə, müharibənin qalibi olmaqla yanaşı, sülh gündəliyinin banisi də Prezident İlham Əliyevdir. 2022-ci ilin əvvəlində sülh müqaviləsinin əsasını təşkil edən Azərbaycan 5 prinsipi Ermənistana təqdim etdi.
22 ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, 30 illik müharibəni 44 günə, 200 illik münaqişəni cəmi 5 ilə qədər zaman kəsiyində həll etmiş cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaldıb.
Avqustun 8-də ABŞ-də yaşanan tarixi gerçəkliklər həm də Prezident İlham Əliyevin bir zamanlar Ulu Öndər Heydər Əliyevin başlatdığı prosesi zəfərlə yekunlaşdırdığının təsdiqi oldu.
Bu proses Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirir. Prezident İlham Əliyevin müəllifi olduğu bu sülh sazişi bölgədə yeni reallıqlar yaradacaq. İlk növbədə Avropa İttifaqının xüsusi missiyası bölgəni tərk edəcək. Naxçıvanla quru yolumuz bərpa ediləcək. 40 kilometrlik dəmir yolu çəkiləcək. Bununla da Azərbaycanın iki hissəsinin birləşdirilməsi prosesi reallaşacaq. Bu da cənab İlham Əliyevin siyasi hakimiyyəti dövründə reallaşacaq tarixi nailiyyətlər sırasına yazılacaq. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan türk dünyasına növbəti töhfəsini vermiş olacaq.
İqtisadi maraqların mövcud olduğu ərazidə təbii ki, təhlükəsizlik ən önəmli məsələ olacaq. Bu da açıq-aydın göstərir ki, Cənubi Qafqaz ümumilikdə sabitlik adasına çevriləcək.
Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin hər zaman prioriteti olub. Nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən, dediyi sözü, verdiyi vədi mütləq şəkildə gerçəkləşdirən cənab İlham Əliyev adını regionun ümumi tarixinə qızıl hərflərlə yazdırmış olacaq.
Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, o, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan siyasətçidir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərini həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin.
Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir.
Bir sözlə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hər kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu ilə Azərbaycanın nüfuzunu getdikcə yüksəldən cənab İlham Əliyevin Vaşinqtonda ən əziz qonaq kimi qəbul edilməsi, ən dəyərli hədiyyə ilə mükafatlandırılması, Donald Tramp tərəfindən böyük lider adlandırılması, onun rəhbərlik qabiliyyətinin, siyasi nüfuzunun və qlobal miqyaslı rolunun yüksək dəyərləndirildiyinin göstəricisidir. Bu, Azərbaycana, onun Prezidentinə göstərilən sayğı, dəyər və qlobal dəstək ifadəsidir.
Elçin Babayev
Bakı Dövlət Universitetinin rektoru