“Masdar” şirkəti Azərbaycanda “yaşıl enerji” layihələrinin əsas iştirakçısıdır

post-img

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Mütəxəssislərin araşdırmalarına görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə isə 157 qiqavat təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 qiqavat təşkil edir ki, bunun da 3 min meqavatı külək, 23 min meqavatı günəş enerji, 380 meqavatı isə bioenerjinin payına düşür. Bununla yanaşı, ölkə ərazisindəki dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. 

Yeri gəlmişkən, hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. “Azər­baycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl ener­ji” istehsalının genişləndirilməsi məsələ­sinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur.

Bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi böyük sərmayələr tələb edir. Azərbaycanda yaradılmış əlverişli biznes mühiti bu sahədə sər­mayələrin təşviqi üçün geniş imkanlar ya­radır. Bu səbəbdəndir ki, xarici şirkətlərin ölkəmizin bərpaolunan enerji layihələrinə marağı getdikcə artır. Azərbaycanın bər­paolunan enerji potensialının hərəkətə gətirilməsi sahəsində fəaliyyət göstərən ilk xarici şirkətlərdən biri də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir. Xatırladaq ki, adını ərəb dilində “mənbə” sözündən götürən “Masdar” şirkəti 2006-cı ildə Əbu-Dabi hökuməti tərəfindən tə­sis olunub. Hazırda şirkətin üç təsisçisi var. Bunlar Əbu Dabi hökumətinin “Mu­badala” Fondu, ADNOC milli neft-qaz və “TAKA” enerji şirkətləridir.

Əsas fəaliyyət istiqaməti bərpaolunan enerji layihələrinin inkişaf etdirilməsindən ibarət olan “Masdar” şirkəti bu sahədə həm Yaxın Şərq, həm də dünya üzrə li­derdir. Təkcə onu qeyd etmək kifayətdir ki, şirkət hazırda 40-dan çox ölkədə fəa­liyyət göstərir. Ən müasir texnologiyalar əsasında günəş, külək və bionerji isteh­salını həyata keçiriən “Masdar” şirkəti hazırda fəaliyyət göstərdiyi ölkələrdə 20 min meqavatdan artıq istehsal gücünə nəzarət edir. 

“Masdar” şirkəti Azərbaycana ilk dəfə 2018-ci ildə ayaq basıb. Həmin il şirkət Azərbaycan hökuməti tərəfindən keçirilən tenderdə iştirak edib. 2021-ci ildə 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsinin qalibi adı­nı qazanıb. 2022-ci il martın 15-də Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazroueinin iştirakı ilə stan­siyanın təməlqoyma mərasimi keçirilib.

Yeri gəlmişkən, bu, Azərbaycanda belə bir gücdə inşa olunan ilk sənaye tipli günəş elektrik stansiyasıdır. İlkin hesab­lamalara görə, “Qaradağ” Günəş Elektrik Stansiyasında ildə 500 milyon kilovat-sa­at elektrik enerjisi istehsal olunacaq. Bu da il ərzində 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa, eləcə də 110 min evi elektrik enerjisi ilə təmin et­məyə imkan verəcək. Ümumi dəyəri təq­ribən 200 milyon ABŞ dolları təşkil edən layihə xarici investisiya hesabına həyata keçirilir. 

Şirkətin Azərbaycan üzrə meneceri Murad Sadıxov dedi: – “Qarabağ” Günəş Elektrik Stansiyası sırf xarici investisi­ya hesabına inşa olunur. Yəni layihə­nin əsas maliyyə mənbələri “Masdar” şirkərinin və bir sıra tanınmış bankların vəsaitlərindən ibarətdir. Yeri gəlmişkən, Azərbaycanın iqtisadi və investisiya mü­hiti çox əlverişli olduğundan dünyanın iri maliyyə qurumları layihəyə tərəddüd et­mədən vəsait ayırıblar. Şirkətimiz layihə­nin həyata keçirilməsi üçün Azərbaycan hökuməti ilə investisiya müqaviləsi imza­layıb. Bundan əlavə, “Azərenerji” ASC ilə enerjinin alqı-satqısına dair müqavilə də imzalanıb. 

Ötən müddətdə işlərin sürtələ davam etdirilməsi nəticəsində tikinti qrafikini xeyli qabaqlamağa nail olmuşuq. Müqa­vilənin şərtlərinə əsasən, stansiyanın 2024-cü ildə istifadəyə verilməsi nəzər­də tutulsa da, əsas işləri vaxtından əv­vəl başa çatdırmışıq. Bu da stansiyanın Azərbaycanda “Heydər Əliyev ili” elan olunmuş 2023-cü ilin sonlarınadək istifa­dəyə verilməsinə imkan yaradır…

“Masdar” şirkəti yaxın zamanlarda ölkəmizdə bir sıra yeni layihələrin icra­sına başlayacaq. Xatırladaq ki, ötən il Azərbaycanın Energetika Nazirliyi tərə­findən Şuşada keçirilmiş xüsusi enerji konfransı zamanı adıçəkilən şirkətin iş­tirakı ilə “Azərbaycan Respublikasında 10 qiqavatlıq layihələrin icrasına dair, o cümlədən birinci mərhələdə quruda sə­naye miqyaslı 1 qiqavat gücündə günəş və 1 qiqavat gücündə külək enerji la­yihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqa­viləsi”, eləcə də “Dənizdə 2 qiqavat gü­cündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqqaviləsi” imzalanıb. İkinci mərhələdə isə quruda 1 qiqavatlıq günəş və 1 qiqa­vatlıq külək enerji layihələri, həmçinin də­nizdə 4 qiqavat gücündə inteqraiya edil­miş külək və yaşıl hidrogen layihələrinin icası nəzərdə tutulur. 

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurun külək potensialı səmərəlilik baxımından olduqca yüksəkdir. Təsadü­fi deyil ki, Prezident İlham Əliyev həmin əraziləri “yaşıl enerji” zonası elan edib. “Masdar” şirkəti də işğaldan azad edilmiş ərazilərimizin bərpaolunan enerji poten­sialının hərəkətə gətirilməsinə öz töhfə­sini verməyə çalışır. Şirkət menecerinin dediyinə görə, artıq Laçın və Kəlbəcər rayonlarının ərazilərində külək enerjisi stansiyasının tikintisi üçün yerlər seçilib və razılaşdırılmaq üçün hökumətə təq­dim olunub. Bütövlükdə isə, şirkət ölkə­mizin bərpaolunan enerji sahəsində 10 min meqavatlıq güc yaratmağı hədəfləyir.

Göründüyü kimi, Azərbaycanda “yaşıl enerji” layihələrinin əsas icraçılarından olan “Masdar” şirkəti ölkəmizdə fəaliy­yətini bir qədər də genişləndirmək niyyə­tindədir. Belə ki, şirkət ekoloji cəhətdən təmiz hidrogenin istehsalında və onun Avropa bazarına ixracında Azərbaycana dəstək verməyə hazırdır. Bu barədə iyu­nun 8-9-da Astana keçirilən Beynəlxalq Forumda “Masdar” şirkətinin baş direkto­ru Məhəmməd Cəmil Əl-Ramahi bildirib. 

Azərbaycanda təmiz hidrogenin is­tehsal edilməsinin və onun Avropaya potensial ixracının mümkünlüyünü qiy­mətləndirmək üçün Energetika Nazirliyi ilə müqavilə imzalandığını xatırladan baş direktor artıq bu sahədə ölkəmizlə fəal əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda sözügedən təşəbbüs öyrənilir və təhlil edilir: “Biz bu sahədə imkanları qiymətləndirəcəyik, is­tehsal imkanlarını nəzərdən keçirəcəyik. Biz bu potensiala inanırıq. Məhz buna görə Energetika Nazirliyi ilə müqavilə imzalamışıq. Biz artıq araşdırmalara başlamışıq. Hidrogen iqtisadiyyatı uzun­müddətli bir məslədir, gələcəyin iqtisa­diyyatıdır. Ancaq bunu həyata keçirmək üçün bu gündən başlamaq lazımdır”. 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat