Beynəlxalq əməkdaşlıq aqrar sahədə sürətli inkişafa zəmin yaradır

post-img

Son illər ölkə iqtisadiyyatının mühüm sahələrindən sayılan aqrar sektorun sürətli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Artıq uzun illərdir ki, bu sahədə fəaliyyət göstərən iş adamlarına lazımi dövlət dəstəyi göstərilir, strateji məhsulların yetişdirilməsinə üçün təsərrüfatlara subsidiyalar verilir, bir sıra vergi güzəştləri tətbiq olunur. 

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında da kənd təsərrüfatın­da müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunub. Ölkəmizin kənd təsərrüfatı sahəsində potensialı olduqca yüksəkdir. Hazırda bu sahədə mövcud imkanların tam səfərbər edilməsi, eləcə də işğaldan azad edilmiş torpaqlarımızın əkin dövriyyəsinə cəlb olunması, bu ərazilərdə heyvandarlığın dirçəldilməsi istiqamətində görülən iş­lər müsbət nəticələr verir. Bu baxımdan Azərbaycanın aqrar sektorunda müşa­hidə olunan inkişaf meyilləri 2023-cü ilin ötən dövründə də davam edib.

Dövlət Statistika Komitəsinin məlu­matına görə, bu ilin yanvar-aprel ayla­rında Azərbaycanda 1 milyard 961 mil­yon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Komitənin məlumatında o da bil­dirilir ki, ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 3,2 faiz artaraq 165 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,5 faiz artaraq 1 milyard 796 milyon manat təşkil edib. 

Məlum olduğu kimi, hazırda ölkə­mizdə yaz-tarla işləri davam edir. Ötən 4 ay ərzində 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Hesabat dövründə 44 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 20,5 min hektarı dən üçün qarğıdalı), 45,9 min hektar sahədə kartof, 42,9 min hektar sahədə tərəvəz, 10,8 min hektar sahədə bostan bitkiləri, 72,2 min hektar sahədə pambıq, 7,7 min hektar sahədə dən üçün günəbaxan, 4,3 min hektar sahədə şəkər çuğunduru, 1,2 min hektar sahədə tütün, 36,6 min hektar sahədə çoxillik otlar, min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Yeri gəlmişkən, fermerlər bəzi möv­sümi kənd təsərrüfatı məhsullarını da artıq bazara çıxarmağa başlayıblar. İlin ötən dövründə təsərrüfatlarda 128,3 min ton tərəvəz və 50,3 min ton kartof isteh­sal olunub. Ötən ilin eyni dövrü ilə müqa­yisədə tərəvəz istehsalı 0,6 faiz, kartof istehsalı 9,5 faiz artıb. Məhsul bolluğu isə bazarlarda qiymətlərin getdikcə aşağı düşməsinə səbəb olur. 

Aqrar sektorda davam edən inkişaf təzahürləri heyvandarlıq məhsullarının istehsalında da hiss olunur. Dövlət Sta­tistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 mil­yon ədəd yumurta və 2,1 min ton yun istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 13 faiz artıb. Bununla belə, yun istehsa­lında 4,3 faiz azalma qeydə alınıb. 

Ölkəmizin aqrar sektorunda baş verən artım dinamikası bu sahədə bey­nəlxalq əməkdaşlıq üçün də yaxşı imkan­lar yaradır. İndi dünyanın qabaqcıl kənd təsərrüfatı dövlətləri Azərbaycanın aqrar sektoruna, xüsusən də ölkəmizdə aqro­parkların yaradılmasına sərmayə qoyma­ğa maraq göstərirlər. Mayın 16-da Bakı Ekspo Mərkəzində keçirilən və regionun ən böyük sərgiləri sayılan 16-cı Azərbay­can Beynəlxalq Kənd Təsərrüfatı “Caspi­an Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri də əməkdaşlığın genişləndi­rilməsi baxımından yaxşı fürsət sayıla bilər. Elə builki sərgilərdə, 31 ölkədən 479 şirkətin iştirak etməsi, 9 ölkənin isə milli və regional stendlərlə təmsil olunma­sı da bunu deməyə əsas verir. Bununla yanaşı, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus Respublikası, Gürcüstan, İtaliya, Niderland Krallığı, Şri Lanka, Rusiya Fe­derasiyasının regional qrupları, eləcə də debütant ölkələr Tunis və Çexiyadan olan milli qruplar iştirak ediblər.

Qeyd edək ki, 16-cı “Caspian Agro” sərgisində 24 ölkəni təmsil edən 318 şirkət üzrə kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici eks­pertlər, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribü­torları, topdan və pərakəndə ticarət nü­mayəndələri, həmçinin fermerlər bir ara­ya gəliblər. 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgisində isə 17 ölkədən 161 şirkət təm­sil olunub. Sərginin əsas məqsədi keyfiy­yətli malları bazara çıxarmaq və sərgi iş­tirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub. 

Hazırda Azərbaycanda kiçik və orta biznes (KOB) subyektləri kənd təsərrü­fatı və qida sənayesində uğurla fəaliyyət göstərirlər. Bu barədə Bakıda keçirilən kənd təsərrüfatı və qida sənayesi sərgilə­ri zamanı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi­nin (KOBİA) direktoru Orxan Məmmədov məlumat verib. Rəhbərlik etdiyi qurumun bu sahələrdə fəaliyyət göstərən KOB-ları müxtəlif xidmət və mexanizmlər çərçivə­sində dəstəklədiyini bildirən O. Məmmə­dov deyib ki, işğaldan azad edilmiş tor­paqlarımızın yüksək iqtisadi potensialı və investisiya cəlbediciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik ol­ması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. Onun fikrincə, döv­lət-özəl sektor əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması aqrar və qida sənayesinin, ümumilikdə isə, ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. 

“Caspian Agro” və “İnterFood Azer­baijan” sərgilərinə fəal dəstək verən KOBİA-nın təşkilatçılığı ilə qurulmuş xüsusi stenddə aqrar və qida sektor­ları üzrə KOB-ların bazarlara çıxışının və satış imkanlarının genişləndirilməsi məqsədilə məhsul və xidmətləri nümayiş etdirilib. Dövlət dəstəyi hesabına yara­dılmış xüsusi stenddə 12 mikro və kiçik sahibkarlıq subyekti müxtəlif şirniyyatlar, ədviyyatlar, yağlar, mürəbbə və turşular, zəfəran, qəhvə, narşərab, suvarma sis­temləri və istixana avadanlıqları, dronlar, yem və s. məhsullar, eləcə də xidmətlər yer alıb. Bakı, Sumqayıt, Şirvan şəhərlə­rini, eləcə də Abşeron, Ağdam və Kürdə­mir rayonlarını təmsil edən kiçik və orta biznes subyektləri stenddə, həmçinin satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif iş­güzar görüşlər keçiriblər.

Göründüyü kimi, Azərbaycanda bu tip sərgilərin keçirilməsi kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın ge­nişləndirilməsi ilə yanaşı, müasir texnika və texnologiyaların, eləcə də qabaqcıl təcrübənin ölkəmizə gətirilməsinə imkan yaradır. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat