Azərbaycan Şimal–Cənub Nəqliyyat Dəhlizinin önəmli tərəfdaşıdır

post-img

Rusiya Prezidenti Vladimir Putin Rəşt–Astara dəmir yolunun İrandan keçən hissəsinin inşası barədə iki ölkə arasında sazişin imzalanma mərasiminə video əlaqə ilə qoşularaq Şimal–Cənub Nəqliyyat Dəhlizinin yaradılması sahəsində qarşılıqlı fəaliyyətin Azərbaycanla sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini bildirib. 

Rusiya lideri bu önəmli beynəlxalq logistika şəbəkəsində ölkəmizin iştirakı­nı yüksək qiymətləndirərək deyib: “Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda dəmir yolu infrastrukturunun in­kişafı və Şimal-Cənub marşrutu üzrə yük daşımalarına dair əməkdaşlıq haqqında sazişin imzalanmasına hazırlığın tezliklə başa çatacağına ümid edirik. Bununla da, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüququ baza yaranacaq”.

Xatırladaq ki, Rusiya ilə İran arasın­da imzalanan sazişə əsasən, Rusiya və İran tərəfi uzunluğu 170 kilometr olan və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhli­zini birləşdirən Rəşt–Astara dəmir yolu­nun layihələndirilməsi və inşasını birgə maliyyələşdirəcək. İran Astarası ilə Azər­baycan Astarası arasında olan sahə isə Azərbaycan, Rusiya və İranın iştirakı ilə inşa olunacaq. Qəzvin-Rəşt dəmir yolu­nun davamı olan Rəşt-Astara dəmir yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəh­lizinin əsas seqmentini təşkil edir. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar liman­larına daxil olan yüklərin Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisin­dən tranzit olaraq Avropaya daşınacağı nəzərdə tutulur. Eyni zamanda, əks is­tiqamətdə də yüklərin həmin yolla daşı­nacağı planlaşdırılır. Bu isə yolun keçdiyi dövlətlərə ikiqat tranzit gəliri gətirəcəyini şərtləndirir.

Azərbaycan sözügedən nəqliyyat dəhlizinin formalaşması ilə bağlı indiyə­dək bir sıra önəmli layihələr həyata ke­çirib. Məsələn, Ələt-Astara magistral yolunun çəkilişi, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması, habelə İran Astarası və Azərbaycan Astarası arasında dəmir yolu xətti bağlantısının yaradılması kimi layihələr böyük əhəmiy­yət daşıyıb. 

Xatırladaq ki, Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xəttinin Rəşt–Astara hissəsi istismara verildikdən sonra Cənub Şərqi Asiya və Fars körfəzi ölkələrindən Avropaya və əks istiqamətə yüklər İran və Azərbay­can ərazisindən keçməklə Avropaya da­şınacaq. Digər beynəlxalq marşrutlarla müqayisədə adıçəkilən nəqliyyat dəhlizi ilə Avropadan Asiyaya və əks istiqamətə çatdırılan yüklər mənzil başına 20 gün tez çatdırılacaq, nəqliyyat xərclərinə isə az vəsait tələb olunacaq.

Region ölkələri, o cümlədən, Azər­baycan, Rusiya və İran tərəfindən Qəz­vin–Rəşt–Astara dəmir yolunun tezliklə inşa edilməsinə daim maraq göstərilib və bu layihə diqqət mərkəzində saxlanı­lıb. Onu da deyək ki, yolun Qəzvin–Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Rəşt–Astara hissəsində isə işlər davam etdirilib. Rusiya bu yolun elektrik xətləri­nin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım göstərəcə­yini də bildirib. 

Mütəxəssislərin fikrincə, İrana tətbiq olunan iqtisadi sanksiyalar yolun tikinti­sinə maliyyə vəsaitinin ayrılmasına ma­neələr yaradır. Rusiya isə 160 kilometr­lik Rəşt–Astara dəmir yolunun tezliklə istismarı üçün səy göstərir. Çünki belə halda Rusiyanın Asiya ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsinə əlverişli şərait yaranır. Azərbaycan ərazisindən keçəcək bu yol Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirə­cək. İnfrastruktur hazır olduqdan sonra hər 3 dövlətin ticarət və tranzit əlaqələ­ri daha da genişlənəcək və bu, hər üç ölkənin büdcə gəlirlərinə valyuta axınını təmin edəcək.

Beləliklə, böyük əhəmiyyətə malik olan bu dəmir yolu xətti Qəzvin–Rəşt–Ənzəli–Astara marşrutu ilə Azərbaycanın dəmir yolu xəttinə qoşulacaq. Bununla da o, beynəlxalq əhəmiyyətli dəmir yoluna çevriləcək. Çünki İran dəmir yolu xəttinin sözügedən marşrut ilə Azərbaycana bir­ləşməsi ilə Hindistandan Avropanın Hel­sinki limanınadək olan 5200 kilometrlik dəmir yolu xətti yaranacaq. Bu, təbii ki, beynəlxalq dəmir yolu xətti sayılacaq. Bu birləşmə ilə yüklərin daşınma müddəti 45 gündən 20 günədək azalacaq, məsafə isə təxminən 3 min kilometr qısalacaq. 

Mütəxəssislərin fikrincə, layihənin yalnız birinci mərhələsinin başa çatması İranla Azərbaycan arasında yük daşıma­larının 10 dəfəyədək artmasını gerçək­ləşdirəcək. Bundan başqa, iki ölkənin dəmir yollarının birləşdirilməsi ilə mal mübadiləsinin həcmi ildə 5 milyon tona­dək artacaq.

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert

Azərbaycanda uzun illər ərzin­də nəqliyyat-logistika sisteminin inkişafı ilə bağlı qoyulan investi­siya hesabına bu sahədə mühüm layihələr icra edilib, dəmir və ma­gistral yollar istifadəyə verilib, yeni tankerlər, bərələr və yük gəmiləri potensialı gücləndirilib, müasir gə­miqayırma müəssisəsi işə salınıb. Dövlətimizin başçısı Bakı limanı kimi regional və beynəlxalq əhə­miyyətli nəhəng infrastrukturun inkişafını daim diqqət mərkəzində saxlayıb. 

Ölkəmiz bu gün “Azərbaycan Respublikasında logistika və ti­carətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Şimal-Cə­nub nəqliyyat dəhlizinin yaradılma­sında fəal rol oynayır. Bununla res­publikamız hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çev­rilir. Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm də İranla quru sərhədi var və bu coğrafi yerləşmə üçtərəfli regio­nal əməkdaşlığın inkişafı üçün mü­hüm əhəmiyyət kəsb edir.

Şimal–Cənub nəqliyyat dəhlizi­nin Azərbaycan hissəsinin yaradıl­ması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan–Rusiya sərhədindən Azərbaycan–İran sər­hədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. 

Azərbaycanın tərəfdaşları tərə­findən ötən müddətdə sözügedən nəqliyyat dəhlizindən səmərəli is­tifadə edilib. Respublikamızın əra­zisindən keçən yolların çoxşaxəli olması ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. Pandemiya döv­ründə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmaya­raq, Şimal-Cənub Beynəlxalq Nəq­liyyat Dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz yüksəlib.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xə­ritəsinin formalaşmasına başlanı­lıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yük­sək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizinn təşəb­büsü ilə reallaşdırılan Şimal–Cə­nub, Şərq–Qərb və Cənub–Şimal nəqliyyat dəhlizləri qitələrarası da­şımaların həyata keçirilməsini ger­çəkləşdirib. Bu nəqliyyat dəhlizləri, həm də tarixi İpək yolunun bərpa­sında mühüm önəm daşıyıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat