Xirosimada “Böyük yeddilər”in sammiti keçirilir

post-img

Dünən Yaponiyanın Xirosima şəhərində “Böyük yeddilər”in sammiti öz işinə başlayıb. Tədbirdə bir çox aktual qlobal problemlər, o cümlədən Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynaya hərtərəfli dəstəyin artırılması, Çinin yüksələn nüfuzunun qarşısının alınması, nüvə silahından istifadə təhlükəsinin önlənməsivə s. problemlər müzakirə olunacaq. Sammit üç gün davam edəcək. 

ABŞ Prezidenti Cozef Bayden sammitdə iştirak etmək üçün Yapo­niyaya gəlib. “The Associated Press” agentliyi yazır ki, Prezidentin təyyarəsi Birləşmiş Ştatların Yamaquti prefek­turasının İvakuni şəhərində yerləşən dəniz piyadalarının aviabazasına enib. Amerikanın dövlət başçısı oradan Ya­poniyanın Baş naziri Fumio Kisida ilə ikitərəfli görüşünün planlaşdırıldığı Xi­rosima şəhərinə yola düşüb.

Qeyd edək ki, Cozef Bayden döv­lət başçısı postunda Xirosima şəhə­rini ziyarət edən ikinci ABŞ prezidenti olacaq. Bundan öncə 2016-cı ildə Barak Obama II Dünya müharibəsinin sonlarında ABŞ tərəfindən atom bom­bardmanına məruz qalan şəhərə səfər etmişdi.

Bu arada məlum olub ki, “G7” ölkələrinin Yaponiyada keçirilən sammi­tində Rusiyanın milyard dollarlıq almaz ixracına sanksiya tətbiq edilməsi də mü­zakirə ediləcək. Bu barədə AFP-yə adı açıqlanmayan Aİ rəsmisi bildirib: “Biz inanırıq ki, Rusiya ticarətinin bu sektor­dakı ixracını məhdudlaşdırmalıyıq”.

Xatırladaq ki, dünya iqtisadiyyatının təxminən 65 faizini təmsil edən “Böyük yeddilər”ə ABŞ, Kanada, Fransa, Al­maniya, İtaliya, Yaponiya və Birləşmiş Krallıq daxildir. 1997-ci ildən Rusiya bu klubun üzvü olmuşdur. O zaman qrup “Böyük səkkizlər” adlanırdı. 2008-ci ilin avqustunda Rusiaya Gürcüstanın iki vilayətini ilhaq etdikdən sonra klubdan kənarlaşdırılıb.

“Xalq qəzeti”

Siyasət