Azərbaycan-İİB əməkdaşlığı milli inkişaf prioritetlərinə əsaslanır

post-img

İslam İnkişaf Bankı (İİB) Azərbaycanın iqtisadi inkişafına davamlı şəkildə dəstək göstərir. Bank birgə əməkdaşlıq layihələrinə yönəldilən investisiyaların həcmini davamlı şəkildə artıraraq kiçik və orta sahibkarlığı stimullaşdırır. Respublikamızın maliyyə-bank sisteminin sabit və dinamik inkişaf meyillərinə malik olması isə bu maliyyə qurumunu Azərbaycandakı kommersiya banklarına dəstək verməyə sövq edir. Bununla yanaşı, İİB respublikamızda iri regional layihələrin, eləcə də trans-nəqliyyat və kommunikasiya şəbəkələrinin yaradılması istiqamətində də sıx əməkdaşlığa üstünlük verir.

Ümumiyyətlə, İİB Azərbaycanla strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm təsir göstərən birgə subregio­nal və regional layihələrin həyata keçi­rilməsində, biznes strukturlarının əhatə dairəsinin genişlənməsində maraqlıdır. Bu, həm də bankın Azərbaycana olan böyük marağının və ölkəmizdə yüksək iqtisadi inkişafı dəstəkləməsinin bariz nümunəsidir. 

İİB ilə sıx və hərtərəfli əməkdaş­lıq tellərinə malik olan Azərbaycan İslam dünyasının ən inkişaf edən döv­lətlərindən biri kimi bölgədə geniş və çoxşəbəkəli əməkdaşlıq dəhlizlərinin yaradılmasında əsas təşəbbüskardır. Respublikamız İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini artı­raraq regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsi və qarşılıqlı əməkdaş­lıq dəhlizinin formalaşmasına çalışır. Azərbaycan bu məsələdə ən prinsipial və qətiyyətli mövqeyi ilə seçilir.

Prezident İlham Əliyev fevralın 26-da İİB qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edərkən bü­tün bunlar barədə ətraflı söhbət açıb. Dövlətimizin başçısı Azərbaycanla adıçəkilən maliyyə qurumu arasında uğurlu və səmərəli əməkdaşlığın möv­cudluğunu yüksək qiymətləndirib. Azər­baycanın həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə minnətdar­lığını bildirən dövlətimizin başçısı həm regional səviyyədə inkişaf prosesləri, həm də artıq ölkəmizdə icra olunma­ğa başlanan “Azərbaycan 2030: sosi­al-iqtisadi inkişafa dair Milli Prioritetlər” baxımından əməkdaşlığın gələcək for­matının müəyyənləşdirilməsinin zəruri­liyini vurğulayıb.

Söhbət zamanı Azərbaycanın İİB ilə əməkdaşlığımızın uğurlu tarixə malik olduğu, ölkəmizin həmişə bu qurumun fəaliyyətinə böyük töhfə ver­diyi, həyata keçirilən birgə layihələrin respublikamızda iqtisadiyyatının, o cümlədən infrastrukturun inkişafına önəmli təsir göstərdiyi, eyni zamanda, münasibətlərin daha da dərinləşdiril­məsi üçün böyük potensialın olduğu qeyd edilib. 

Prezident İlham Əliyev görüşün so­nunda dünyada yeni çağırışların möv­cud olduğu bir dövrdə İİB ilə əməkdaş­lığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. “Azər­baycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə toxunan dövlə­timizin başçısı bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma layihələrinin respublikamız üçün ən prioritet sahələrdən biri olduğunu vur­ğulayıb. Ölkə rəhbəri, eyni zamanda, Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələrinin də ölkəmizin iqtisadi inkişa­fında mühüm yer tutduğunu, bütün bun­larla bağlı həyata keçirilən layihələrə xeyli sayda tərəfdaş və investor cəlb olunduğunu bildirib. 

Xatırladaq ki, ölkəmizin İİB ilə yaxından əməkdaşlığı Azərbaycanın bu quruma 1992-ci il iyulun 4-də rəsmi şəkildə üzv qəbul edilməsi ilə daha da dərinləşib. Hazırda ölkəmizin Bankda üzvlük kapitalı 50,8 milyon İslam dinarı təşkil edir. Bu da İİB-nin ümumi kapita­lının 0,1 faizi deməkdir.

Bu nüfuzlu maliyyə qurumunun daxil olduğu İslam İnkişaf Qrupu (IDG) bu vaxta qədər Azərbaycana 1,179 mil­yard ABŞ dolları vəsait ayırıb. Həmin vəsaitin 956 milyon ABŞ dolları İİB, 83 milyon ABŞ dolları Beynəlxalq İslam Ti­carətin Maliyyələşməsi Korporasiyası (IITFC), 120,4 milyon ABŞ dolları Özəl Sektorun Maliyyələşməsi üzrə İslam İn­kişaf Korporasiyası və 194 milyon ABŞ dolları digər mənbələrdən ayrılıb.

Azərbaycan müstəqillik qazandıq­dan sonra beynəlxalq iqtisadi təşkilat­lara inteqrasiya istiqamətində ardıcıl siyasət aparmağa başlamışdır. Bu qəbildən İslam İnkişaf Bankı ilə əmək­daşlıq etmək və ona üzv olmaq respub­likamızın xarici iqtisadi siyasəti üçün prioritet daşıyırdı. 

Bank ötən illər Azərbaycanda hə­yata keçirilən bir sıra dövlət əhəmiy­yətli layihələrə kreditlər, həmçinin kiçik qrantlar ayırıb. Keçən dövr ərzində İİB tərəfindən Bakı bərk məişət tullantıla­rının yandırılması zavodunun tikintisi, Yevlax-Gəncə avtomobil yolunun ye­nidən qurulması, Mingəçevir SES-in yenidən qurulması, Vəlvələçay-Tax­takörpü kanalının inşası, Cənub İstilik Elektrik Stansiyasının tikintisi və digər layihələrin reallaşdırılması uğurla həya­ta keçirilib. 

Beləliklə, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 40-dan çox layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Hə­min layihələr kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı, ekologi­ya, ticarət, özəl sektor və s. sahələ­ri əhatə edib. Eyni zamanda, bankın Azərbaycanda özəl sektora investisiya yatırılması, müəssisələrin birbaşa ma­liyyələşdirilməsi, səhm kapitalında işti­rak kimi sahələrdə fəaliyyətinin geniş­ləndirilməsi, eləcə də kənd təsərrüfatı, sənaye parkları və zonaları, maşın və avadanlıqların istehsalı, kimya səna­yesi, əczaçılıq kimi prioritet sahələrdə investisiya əməkdaşlığının genişləndi­rilməsi kimi mühüm məsələlər diqqət mərkəzində saxlanılıb. 

 

Mirağa ƏHMƏDOV, 
iqtisadçı-ekspert

 

Azərbaycan yenidən müstəqil­liyə qovuşandan sonra iqtisadiyyatın qeyri-neft sektoruna sərmayə yatıran beynəlxalq maliyyə qurumları arasın­da İslam İnkişaf Bankı və Özəl Sekto­run İnkişafı üzrə İslam Korporasiyası xüsusilə diqqət çəkib. Hər iki maliyyə strukturu ölkəmizdə bir sıra önəmli layihələrdə fəal iştirak edib, qeyri-neft sahələrinin dinamik inkişafına maliy­yə dəstəyi göstərib. Adıçəkilən bank tərəfindən respublika iqtisadiyyatının ayrı-ayrı sektorları üzrə 20-dən çox layihə çərçivəsində 1 milyarddan çox ABŞ dollarına yaxın vəsait xərclənib. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası da iqtisadiyyatın inki­şafına mühüm töhfə verib, kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 10-dan çox layihəni gerçəkləş­dirib. 

Azərbaycana investisiya qoyulu­şuna marağın getdikcə artması ölkə­mizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımın­dan seçilməsi ilə bağlı olub. Bunun­la bərabər, uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat bir neçə dəfə artıb, Azərbaycan dün­yanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyata malik ölkəsi kimi ta­nınıb, özünün nadir iqtisadi inkişaf modelini beynəlxalq aləmə təqdim edib. Bir sözlə, respublikamız Cə­nubi Qafqazın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürə bilib. 

Ümumiyyətlə, Azərbaycanda 20 ilə yaxın bir müddətdə iqtisadiyyatın davamlı artması, genişmiqyaslı müa­sir infrastrukturun yaradılması, yüz­lərlə müasir müəssisənin fəaliyyətə başlaması da bütün bunların məntiqi nəticəsidir. 

Bu məqamda onu da bildirim ki, respublikada yaradılan əlverişli biz­nes və investisiya mühiti, Azərbay­canın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapita­lının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırıb. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirib. 

Bütün bunlarla yanaşı, Vergi Mə­cəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna əsasən, investisiyanın təş­viqi sənədini alan şəxslərdən, habelə fərdi sahibkarlardan ölkəyə idxal olu­nan texnika, texnoloji avadanlıq və qurğulara görə, ƏDV, habelə gömrük rüsumu tutulmaması, Azərbaycanda istehsal olunan qeyri-neft məhsulları ixracının təşviqi ilə əlaqədar müəyyən güzəştlərin gerçəkləşdirilməsi kimi tədbirlərin həyata keçirilməsi də bey­nəlxalq maliyyə təsisatlarının, o cüm­lədən İİB-nin ölkəmizə marağını artı­rıb, bu maliyyə strukturunun müxtəlif layihələrdə iştirakını şərtləndirib.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat