Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2026-cı ildən başlayaraq əlavə həcmdə qaz nəqli üzrə yeni sazişlər imzalanıb. Bu barədə TAP konsorsiumdan məlumat verilib. Məlumata görə, 2023-cü il yanvarın 22-də də məcburi təkliflərin verilməsi prosesi tamamlandıqdan sonra TAP konsorsiumu genişlənmənin birinci mərhələsinə başlayıb.
2026-cı ildən başlayaraq uzunmüddətli sazişlər çərçivəsində boru kəməri ilə ildə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql etmək barəsində qərar qəbul olunub. Müvafiq yeni sazişlər artıq imzalanıb. Bundan əlavə, Yunanıstanın Kipoy ərazisindəki kompressor stansiyasında təqribən 15 MVt gücündə bir kompressor qurğusunun əlavə edilməsi və oradakı avadanlığın müasirləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunur. Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Həmin vaxt Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Eyni zamanda, təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını da şaxələndirməyə nail olub.
“Xalq qəzeti”