Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) okeanla əlaqəsi olmayan ölkələr üçün qlobal bazarlara çıxış əldə etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Orta Dəhlizin tam güc ilə işləməsi, heç şübhəsiz, marşrut boyunca yerləşən ölkələrdə siyasi sabitliyin olması ilə yanaşı, vahid tarif və gömrük sisteminin yaradılması da mühüm şərtlərdəndir. Təsadüfi deyil ki, 2022-ci il noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev bu barədə deyib: “...Böyük oyunçuların bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi baxımdan cəlb-edici hesab etməsi vacibdir. Bunun üçün bizdə sabitlik, etibarlılıq var. Biz geniş şəkildə tarif siyasəti üzərində işləməliyik. Tarif siyasəti vahid formaya gətirilməli, gömrük orqanlarının fəaliyyəti əlaqələndirilməlidir ki, yüklərini nəql etmək arzusunda olan şirkətlər bu dəhlizdən yalnız vaxta qənaət etmək üçün deyil, həm də pula qənaət baxımından istifadə etsinlər. Bunun üçün isə vahid tarif siyasəti, gömrük orqanlarının fəaliyyətinin proqnozlaşdırılabilən və ədalətli olması tələb edilir”.
Yaxın aylardan etibarən Orta Dəhliz ölkələrinin sadələşdirilmiş tranzit sistemi yaradılacaq. Bu məqsədlə mart ayında Bakıda Orta Dəhliz ölkələrinin müvafiq strukturlarının iştirakı ilə görüş keçiriləcək. Görüşdə tranzit sahəsində milli təcrübələr, “bir pəncərə” sistemlərinin qarşılıqlı əlaqəliliyi, elektron gömrük bəyannaməsi, “Regional Sadələşdirilmiş Tranzit Sistemi”nin yaradılmasına dair məsələlər müzakirə olunacaq.
Bu barədə məlumat verən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən bildiriblər ki, Orta Dəhliz üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi məqsədilə dəhliz üzərində yerləşən ölkələr arasında Vahid Tranzit Portalının yaradılması planlaşdırılır. Yeni portal dəhliz boyu yükdaşımaların beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə, tranzit prosedurlarının asanlaşdırılmasına və elektron məlumat mübadiləsinin təşkilinə imkan yaradacaq. Bu məqsədlə mart ayında Bakıda Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit gömrük proseduru layihəsi üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, intermodal daşımaların sadələşdirilməsi ilə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Marş-rutu üzrə Çindən Avropa istiqamətində həyata keçirilən konteyner daşımaları zamanı Azərbaycan tərəfində yeni dəmir yolu qaiməsi tələb olunmadan Qazaxıstan və Türkmənistanda tərtib olunmuş dəmir yolu qaiməsi əsasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında sadələşdirilmiş qaydada gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirilməsi təmin edilir.
Məlumatda, həmçinin bildirilir ki, dəniz nəqliyyatı ilə gömrük ərazisinə gətirilən və tranzit daşınması dəmir yolu nəqliyyatı ilə davam etdirilən konteynerləşdirilmiş malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı gömrük bəyan-etməsi konteynerin yüklənəcəyi dəmir yolu platformasının nömrəsi əsasında həyata keçirilirdi. “Dəmir yolu platforması nömrəsinin müəyyən olunması vaxt itkisinə səbəb olduğundan gömrük bəyanetməsinin konteyner nömrəsi əsasında həyata keçirilməsi və konteynerlərin gömrük ərazisinə gətirilməzdən əvvəl bəyan edilməsinə şərait yaradılması məqsədilə “Mallar beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərkən gömrük bəyannamələrinin doldurulmasına dair Metodiki Tövsiyə”də dəyişiklik edilib”, –deyə Gömrük Komitəsinin məlumatında bildirilir.
Bununla yanaşı, gömrük-sərhəd buraxılış məntəqələrindən malların və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük orqanlarının Risklərin İdarəedilməsi Sisteminə əsaslanaraq onlar üzərində gömrük yoxlamaları müasir tipli yükyoxlama baxış sistemləri vasitəsilə qeyri-intruziv qaydada həyata keçirilir.
Qeyd edək ki,Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Bir qədər sonra layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.
Yeri gəlmişkən, hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Türkmənistan və Özbəkistanın iştirakı ilə Orta Dəhliz üçün vahid strategiya hazırlanır. Orta Dəhlizdə fəal iştirak edən dövlətlər üçün bu infrastrukturla bağlı əsas vəzifələrdən biri də ölkələrin dəhliz bağlantılarının inteqrasiyasıdır. Burada əsas məqsəd sənədləşmələrin elektron formada aparılmasına nail olmaqla yükdaşımalarda səmərəliliyi artırmaqdır.
Layihə yekunlaşandan sonra dəhlizin tranzit potensialı xeyli güclənəcək.Təkcə onu qeyd etmək kifayətdir ki, yaxın 10 ildə Asiya ilə Avropa qitələri arasındaki ticarət dövriyyəsinin həcmi 650-700 milyard dollara çatacaq. Bunun ölkəmiz üçün də iqtisadi səmərəsi son dərəcə yüksək olacaq. Ekspertlərin fikrincə, əgər beynəlxalq yüklərin 10 faizi Azərbaycan üzərindən daşınsa, ölkəmizin büdcəsi ildə bundan 3-3,5 milyard dollar vəsait qazanmaq imkanı əldə edəcək.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”