Laçın yolundan 79 gündə 3 mindən çox maşın keçib

post-img

Laçın-Xankəndi yolunun Şuşa ərazi­sindən keçən hissəsində keçirilən dinc ak­siyanı dəstəkləmək məqsədilə Xocalı sa­kinləri də iştirak edirlər. Xocalılar da dünya ictimaiyyətini ekologiyanı qorumağa çağı­rırlar. Onlar aksiya iştirakçıları ilə birlikdə həm ekocinayətə son qoyulması tələb edilib. “Xocalıya ədalət!” şüarları səsləndi­riblər. Fevralın 26-da Xocalı soyqırımı qur­banlarının xatirəsini anmaq üçün elan olu­nan sükut dəqiqəsində iştirak ediblər. Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bü­tün ərazisində olduğu kimi, Laçın-Xankən­di yolunda da ərazidə olan avtomobillər səs siqnalları verib, etirazçılar faciə qur­banlarının xatirəsini anıblar.

Laçın-Xankəndi yolunda aksiyanın keçirildiyi əraziyə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı lövhələr quraş­dırılıb. Lövhələrin üzərində rus və ingilis dillərində “Xocalıya ədalət!” şüarı yer alıb. Həmçinin aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət!”, “Xocalı soyqırımını unutma!”, “Xocalı soyqırımı - XX əsrin faciəsi” kimi şuarlar səsləndiriblər. Aksiyanın keçirildiyi ərazidə “Badam çiçəyi” kompozisiyası quraşdırı­lıb. Kompozisiyada badam çiçəyinin bir ləçəyinin düşdüyü və birinin isə üzərinə qan töküldüyü əks olunub.

Məlum olduğu kimi, Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nü­mayəndəliyinin rəhbəri Draqana Kojiçi qəbul edərkən Laçın yolu ətrafında və­ziyyət də müzakirə olunuib. Laçın yolun­dan BQXK daxil olmaqla avtomobillərin, yüklərin və vətəndaşların sərbəst hərəkəti istiqamətində səylərdən məmnunluq ifadə edilib. 

Nazir, həmçinin indiyədək Laçın yo­lundan 3000-dən çox nəqliyyat vasitəsinin keçməsini və digər faktları nəzərə çatdı­rıb. Qeyd edilib ki, Laçın yolunun, guya, Azərbaycan tərəfindən bağlanması, ermə­ni sakinlərinə qarşı “blokada” tətbiq edildi­yi və “gərgin humanitar vəziyyət” yarandı­ğı barədə Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur. Eyni zamanda, hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildir­diyi də xatırlanıb. 

Dünən, ümumilikdə 70-ə yaxın huma­nitar təyinatlı avtomobilin keçidinə şəra­it yaradılıb. Avtomobillərdə erməni əsilli şəxslər də olub. Bu, bir daha onu göstərir ki, aksiya humanitar məqsədlərə xidmət edir. 

Fevralın 27-də xarici media nümayən­dələri Laçın–Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün hadisə yerinə gəliblər. Kanada, İspaniya, Türkiyə, ABŞ, Böyük Britaniyadan olan media nümayən­dələri aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumat əldə ediblər. 

Xarici media nümayəndələrinə bildiri­lib ki, ötən il dekabrın 3-də və 7-də Rusi­ya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz is­tismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq keçirilməli idi. Lakin sülhməramlıların hərəkətsizli­yi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəal­lar Şuşa ərazisindən keçən Laçın-Xankən­di yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Xarici jurnalistlər səfər zamanı Laçın–Xankəndi yolunda sərbəst hərəkətin təmin edilməsinin şahidi olublar, aksiya ərazisin­dən çəkilişlər ediblər, iştirakçılardan mü­sahibələr alıblar.

İspaniyalı jurnalist David Lopez Fri­as Gordon səfər təəssüratını belə ifadə edib: “Biz Azərbaycana ilk dəfədir səfər et­mişik. Burada nəyin baş verdiyini görmək üçün gəlmişik. Biz burada insanların etiraz aksiyası keçirdiyini görürük. Azərbaycan­dan bir çox insanlar bizə yayılan xəbərlə­rin yalan olduğunu söyləyirlər. Biz burada bunun bir daha şahidi olduq. Avtomobillər buradan maneəsiz şəkildə keçir. Biz, sa­dəcə, insanların təbiəti qorumaq üçün eti­raz aksiyası keçirdiklərini görürük”.

Digər ispan media təmsilçisi Beatriz Jimenez Nacher isə deyib:

“Buraya - Laçın-Xankəndi yoluna top­laşan gənclər qızıl yataqlarındakı ekoloji fəlakətlə bağlı etiraz aksiyası keçirirlər. Burada heç bir problem yoxdur, hər şey dinc şəkildədir. Hərbi yük avtomobilləri­nin aksiya ərazisindən maneəsiz şəkildə keçdiyini öz gözlərimizlə gördük. Ancaq biz Laçın dəhlizindəki bu vəziyyətin gün­dən-günə normallaşacağını və ya belə davam edəcəyini bilmirik. İnanıram ki, bu normal şərait təkcə bu gün yox, hər za­man belə olacaq”.

 

Rizvan FİKRƏTOĞLU, 
“Xalq qəzeti”

Siyasət