Pandemiyadan sonra insanlarda zəlzələ ilə bağlı xəstəliyin daha da artdığı barədə ÜST məlumat yayıb. Bu xəstəlik dumskrollinq adlanır. İngiliscədən tərcümədə həyatın, taleyin çevrilməsi, vərəqlənməsi deməkdir. Yəni bir insan gününün çox hissəsini neqativ xəbərləri oxumaqla keçirir.
Hesab olunur ki, fəlakət xəbərlərinə köklənmək, beyni yükləmək getdikcə xəstəliyə çevrilir. Pandemiyadan sonra dünya, sanki, gələcəyə ümidsizlik və qərarsızlıq içində olduğu üçün gününü belə xəbərlərə həsr etməklə keçirir. Aktiv olaraq dünyanın gələcəyi barədə informasiya axtarmaq insanın bugününü cəhənnəmə çevirir. İnsan özü də bilmədən saatların, günün necə keçdiyinin fərqinə varmır.
Xarici mətbuatın yaydığı məlumata görə, dünyada son bir ildə ciddi şəkildə dumskrollinq epidemiyası başlayıb.
Dumskrollinqin əlamətləri...
– Səhər gözünüzü açandan gecə yatana qədər ancaq xəbərləri izləyirsiniz.
– Eyni mövzuda, məsələn, zəlzələ, kovid və qəzalarla bağlı xəbərləri dəfələrlə oxuyur, axtarış verir, müxtəlif mənbələrdən videolara baxırsınız.
– Hər gün şüuraltı olaraq pis xəbər gözləyir, olmayanda boşluq hiss edirsiniz.
– İndiki zaman reallığını itirir, öz işlərinizi təxirə salırsınız.
– Belə xəbərləri izləyəndən sonra yuxuya gedə bilmir, gələcəyin necə olacağını düşünür, bu tələdən çıxa bilmirsiniz.
Mənbə bildirir ki, dumskrollinq psixi və fiziki sağlamlığa mənfi təsir edir, xroniki stress yaradır, bu zaman insanda depressiya, obsessiv pozuntular, panik atak yarana bilər. Sinirlər çox gərgin olur, bu da ürəkdə, bədəndə sin-dromlar yaradır. İnsan əhvaldan düşür, işləmək, yaşamaq həvəsi azalır.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”