Qlobal səhiyyə qurumlarının və hökumətlərin tədbirləri nəticəsində illərdir azalan vəba iqlim dəyişikliyi, yoxsulluq və münaqişələr kimi səbəblərlə yenidən yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vəba və epidemik diareyaya nəzarət qrupunun rəhbəru Filipp Barbozun məlumatına görə, 2017-ci ildən 2021–ci ilə qədər dünyada vəba ilə yoluxma qeydə alınan ölkələrin sayı 20-dən az olduğu halda, 2022-ci ildə vəba epidemiyası 50 faiz artaraq 30 ölkədə müşahidə olunub. O bildirib ki, hazırda 43 ölkədə, milyardlarla insan vəbaya yoluxma təhlükəsi qarşısındadır.
ÜST-nin məlumatına görə, hazırda 5 regionun 22 ölkəsində təşkilat vəba ilə ciddi mübarizə aparır. Xəstəliyin yayılma hallarının tezliyi deyil, həm də ölüm sayı artıb. ÜST-nin malik olduğu məhdud məlumata əsasən belə nəticəyə gəlmək olar ki, ötən il ölüm nisbəti son beş illik orta göstəricidən, demək olar ki, üç dəfə çox olub. ÜST rəhbəri deyib: “2013-cü ildə ÜST partnyorları ilə birlikdə yaratdığı vəba əleyhinə beynəlxalq vaksin ehtiyatından ehtiyacı olan ölkələrə keçən il 27 milyon doza göndərilib. Lakin yayılma hallarının artacağı təqdirdə ehtiyat, sadəcə olaraq, kifayət etməyə bilər. Biz dünyanın aparıcı vaksin istehsalçılarını istehsalın artımı yollarını bizimlə müzakirə etməyə çağırırıq”. Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazovdan xəstəliklə bağlı kiçik müsahibə aldıq:
– Vəbaya ölümcül xəstəlik deyirlər. Doğrudurmu?
– Vəba nazik bağırsağın infeksion xəstəliyidir. Xəstəlik üçün qusma, ishal, orqanizmin kəskin susuzlaşması xarakterikdir. Ölümcül olmasına səbəb isə vəba vibrionunun nazik bağırsaqda ifraz etdiyi CTX adlanan güclü zəhərdir. Bu zaman bədən bol miqdarda su ifraz edir ki, bu da öz növbəsində ishala, sürətli maye və duz itkisinə səbəb olur. Qəflətən başlayan bu simptomlar yoluxmadan 12 saat, bəzən 5 gün sonra özünü göstərir. Ağır vəbalı şəxslərdə kəskin ishal müşahidə edilir ki, onların bədənlərində sağ qalmağa kifayət edəcək qədər su və duz qalmır. Vəbadan ölən şəxslər hədsiz maye itirdiklərinə görə dəriləri mavi-boz rəngə çalır, bu səbəbdən xəstəliyə “mavi ölüm” də deyilir. Müasir dövrdə vəba asanlıqla müalicə oluna bilən xəstəlik hesab edilir.
– Yayılma səbəbləri barədə məlumat verərdiniz.
– Əsasən inkişaf etməmiş ölkələrdə müşahidə edilən xəstəliyin yayılma səbəbi sanitar qovşaqların olmaması, əhalinin içməli su ilə mərkəzləşmiş qaydada təmin edilməməsi, çirkli su hövzələrindən içməli su kimi istifadə olunması və yaxud yuyunduqları suların məişətdə gündəlik istifadəsidir. Azərbaycanda ötən əsrin 60-cı illərində vəba epidemiyası olsa da, uzun müddətdir ki, bundan uzağıq. Səbəbi içməli su hövzələrinin gigiyena-epidemiologiya mərkəzləri tərəfindən daimi nəzarətdə saxlanmasıdır.
– Xəstəlikdən qorunmaq, yəqin ki, mümkündür...
– Digər xəstəliklərdə olduğu kimi, vəbaya da yaşlılar, uşaqlar, hamilələr, bədən çəkisi az olanlar və az maye qəbul edənlər daha tez yoluxurlar. Qorunmaq üçün sanitar-gigiyena qaydalarına riayət etmək, immunitetin zəifləməsinə yol verməmək tövsiyə olunur. Xəstəliyi turistlərdə görmək ehtimalı yüksəkdir. Vətəndaşlara epidemik-endemik zonalara səfər etməzdən öncə həmin bölgənin hansı xəstəliklərə görə endemik olduğunu araşdırmaq, ona uyğun davranmaq tövsiyə olunur. Məsələn, Hindistan kimi sanitar səviyyəsi çox aşağı olan ölkələrə səfər edərkən hətta marketdən alınan suyun da qaynadılması mütləqdir. Səfərdən döndükdən sonra ciddi ishal şikayətləri ilə rastlaşanlar dərhal mütəxəssisə müraciət etməlidirlər. Bakteriya daşıyıcısı olan insan təmas zamanı digər şəxsləri də yoluxdura bilər.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”