18 May Beynəlxalq Muzeylər Günüdür
Muzeylər xalqların tarixini, mədəniyyətini və milli yaddaşını qoruyub saxlayan və keçmişdən gələcəyə ötürən məkanlardır. Muzeylərin maarifləndirici, mədəni və tarixi rolunu ön plana çıxarmaq məqsədilə 1977-ci ildən etibarən hər il 18 mayda dünyada, eləcə də ölkəmizdə Beynəlxalq Muzeylər Günü qeyd edilir. Həmin gün muzeylərimizdə sərgilər, açıq qapı günləri və maarifləndirici toplantılar keçiriləcək.
Əlamətdar gün ərəfəsində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova ilə bu tarixi gün ərəfəsində həmsöhbət olduq.
– Şirin xanım, Azərbaycan Milli İncəsənət Muzeyi milli-mədəni irsimizin əsas saxlanclarından biridir. Bu zəngin xəzinə xalqımıza necə çatdırılır?
– Muzeyimizin əsas auditoriyası yerli gənclər və orta yaşlı ziyarətçilərdir. Azərbaycanın mədəni və tarixi irsinə maraq göstərən xarici qonaqlar da gəlirlər. Məktəblilər isə həm ixtisaslaşmış təhsil proqramlarında, həm də mədəniyyət və incəsənət haqqında biliklərin genişləndirilməsinə yönəlmiş interaktiv ekskursiyalarda iştirak edirlər.
Son 2 ildə muzey auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirib və ziyarətçilərin sayı artmaqda davam edir. Biz məktəb yaşına çatmış uşaqlardan yaşlı insanlara qədər bütün yaş qrupları üçün proqramlar hazırlayaraq fəaliyyət istiqamətimizi fəal şəkildə şaxələndiririk.
Statistikaya görə, 2023-cü ildə Azərbaycan Milli İncəsənət Muzeyini təxminən 12500 nəfər ziyarət edibsə, 2025-ci ilin əvvəlindən bəri ziyarətçilərin sayı 60 mini keçib.
– Həyata keçirdiyiniz layihələr ziyarətçi və izləyici auditoriyasını necə genişləndirir?
– Biz bir çox fərqli və maraqlı layihələr həyata keçiririk. “Muzeydə kino” – Azərbaycanın görkəmli sənətkarları və mədəniyyət xadimləri haqqında filmlərin həftəsonu nümayişidir. “Muzeydə musiqi” – tematik ekskursiyalarla müşayiət olunan milli, klassik və müasir konsertləridir. Bu, Azərbaycanda musiqi sənəti və muzey məkanını ortaq mədəni təcrübəyə birləşdirən yeganə proqramdır.
Mütəxəssislərin incəsənət, tarix və mədəniyyətə həsr olunan həftəlik mühazirələri “Muzeydə mühazirələr” çərçivəsində müxtəlif yaş qruplarına yönəlmiş interaktiv dialoq platforması rolunu oynayır. “Uşaqlar üçün incəsənətin tarixi” layihəsinə isə mühazirələr, tematik məşğələlər, viktorinalar, kvest oyunları, beynəlxalq sərgilər əsasında qurulan və uşaqları müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış edən tədbirləri daxildir.
1960–1980-ci illərdə formalaşmış Azərbaycan nonkonformist sənət mühitini əks etdirən, rəssamların fərdi yaradıcılıq axtarışlarını, azad bədii ifadə vasitələrini və dövrün rəsmi estetik çərçivələrindən kənara çıxan sənət nümunələrini təqdim edən “Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycan incəsənəti” ekspozisiyası xüsusi maraq doğuran sərgilərdəndir.
Bundan əlavə, Xalq rəssamı Cahangir Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” adlı sərgi, “Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” beynəlxalq elmi dəyirmi masa, yəni türk dünyasının müasir təsviri sənətində milli kimlik, qloballaşma və vizual yaddaş mövzularına həsr olunmuş elmi platformalar keçirilib.
Eyni zamanda, Abılxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” beynəlxalq sərgisi, “Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” sərgisi də Bakının tarixi-mədəni transformasiyalarını təsviri sənət vasitəsilə təqdim edən genişmiqyaslı layihə təşkil edilir.
Muzeyin fəaliyyətində müasir incəsənət layihələri də xüsusi yer tutur. Yeni mərkəzi korpusda keçirilən tematik və konseptual sərgilər sosial, estetik və fəlsəfi mövzulara toxunaraq müasir incəsənətin çoxqatlı vizual dilini auditoriyaya çatdırır, sənət və cəmiyyət arasında aktual dialoq mühiti formalaşdırır.
– Beynəlxalq layihələriniz incəsənət incilərimizi dünyaya necə tanıdır?
– Muzeyin beynəlxalq mədəni əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. Son illərdə müasir özbək miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” sərgisi, Anahuacalli Muzeyinin təqdim etdiyi “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” layihəsi, Belarus Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında təşkil olunmuş “Y. Pen, Y. Kruqer – Belarus peşəkar rəssamlıq məktəbinin baniləri” sərgisi, eləcə də Abılxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin və AMİM-nin birgə kolleksiyası əsasında təşkil olunan “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” beynəlxalq sərgisi mühüm beynəlxalq layihələr sırasında yer alıb. Türk dünyasının vizual yaddaş və milli kimlik məsələlərinə həsr edilmiş “Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı elmi dəyirmi masa isə muzeyin elmi və mədəni platforma kimi fəaliyyətini daha da genişləndirmişdir. Bu qarşılıqlı dialoqun inkişafına, eyni zamanda, Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təqdimatına mühüm töhfə verir.
– Müasir texnologiyaların muzeylərdə tətbiqi mədəni irsə marağa necə təsir göstərir?
– Son illərdə həm qlobal muzey təcrübəsində, həm də ölkəmizin aparıcı muzeylərində müşahidə olunan yeniliklər var. Dünya muzeyləri ziyarətçilərlə iş istiqamətində rəqəmsal və interaktiv formatları fəal şəkildə inkişaf etdirirlər və ən çox yayılmış yeniliklər arasında virtual turlar və rəqəmsal ekskursiyalar, multimedia instalyasiyaları, interaktiv panellər və sensorlu masalar, genişləndirilmiş və virtual reallıq, rəqəmsal təhsil platformaları və onlayn arxivlər, mobil tətbiqlərdən istifadə etməklə fərdiləşdirilmiş marşrutlar və yeni nəsil audiobələdçilər yer alıblar.
Bu yanaşmalar tədricən Azərbaycanda da tətbiq olunur. Məsələn, Azərbaycan Milli İncəsənət Muzeyində ziyarətləri müxtəlif kateqoriyadan olan auditoriya üçün daha cəlbedici və əlçatan edən multimedia və interaktiv həllərdən fəal şəkildə istifadə edilir.
Qeyd edim ki, hazırda respublikamızda 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev və 52-si Heydər Əliyev muzeyi olmaqla 201 muzey var. Ölkəmizdə ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə fəaliyyətə başlayıb.
– Müsahibə üçün təşəkkür edirik.
Ləman TƏHMƏZ
XQ

