BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası ərəfəsində Biləsuvar şəhərinin Milli Qəhrəman Mübariz İbrahimov adına məktəb-lisey kompleksində Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının iştirakı ilə maarifləndirici təlim keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qeyd edib ki, ölkəmiz çoxəsrlik şəhərsalma və memarlıq ənənələrinə malikdir. Respublikamızda həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq işləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri Azərbaycanın bu sahədəki innovativ yanaşmasının bariz nümunəsidir. Yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Yaxın günlərdə mötəbər beynəlxalq forumun Bakıda keçirilməsi respublikamızın dünyada artan nüfuzunu əyani təsdiqləyir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirib ki, paytaxtın və digər şəhərlərimizin görkəminin yenilənməsi, müasir urban standartlarına uyğunlaşdırılması, eyni zamanda, tarixi və mədəni irsin qorunması balanslaşdırılmış şəkildə həyata keçirilir. Ölkəmizin dünyaya təqdim etməsi üçün bu sahədə kifayət qədər uğurları, nailiyyətləri var.
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, AzMİU-nun baş müəllimi, memarlıq üzrə fəlsəfə doktoru İlqar Əliyev, Fövqəladə hallar kafedrasının dosenti Emil Qafarov vurğulayıblar ki, belə platformalar həm yerli şəhərsalma düşüncəsinin inkişafına, həm də beynəlxalq inteqrasiyaya yeni töhfələr verəcək.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri


