Rəqəmsal aləmin qlobal çağırışları və milli hədəflərimiz

post-img

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Bəşəriyyətin texnoloji inkişaf trayektoriyasını və informasiya cəmiyyətinə keçidin mahiyyətini əks etdirən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü hər il mayın 17-də beynəlxalq miqyasda qeyd olunur. 1865-ci ildə Parisdə ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması və Beynəlxalq Telekommunikasiya İttifaqının yaradılması dünya rabitə sisteminin institusional əsaslarını formalaşdırmışdır.

Həmin hadisənin tarixi əhəmiyyətini nəzərə alaraq 1969-cu ildən etibarən Ümumdünya Telekommunikasiya Günü təsis edilmiş, 2005-ci ildə isə BMT tərəfindən Ümumdünya İnformasiya Cəmiyyəti Günü elan olunmuşdur. 2006-cı ildə Antalyada keçirilmiş konfransda bu iki mühüm tarix vahid platformada birləşdirilərək Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi beynəlxalq təqvimə daxil edilmişdir.

Bu beynəlxalq gün, onun məram və məqsədləri, müasir dövrdə ölkəmizin mövqeyi barədə XQ-yə ətraflı məlumat verən Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bildirdi:

– Müasir mərhələdə bu gün həm də qlobal informasiya mühitinin inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi strateji müzakirə platforması kimi çıxış edir. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hər il aktual çağırışları əks etdirən tematik istiqamət müəyyənləşdirilir. Qeyd etdi ki, son illərdə rəqəmsal inklüzivlik, dayanıqlı inkişaf, eləcə də yaşlı nəslin rəqəmsal texnologiyalara adaptasiyası kimi prioritetlər bu kontekstdə xüsusi yer tutmuşdur. 2026-cı il üçün müəyyən edilmiş “Həyati əhəmiyyətli rəqəmsal kanallar: qarşılıqlı əlaqəli dünyada dayanıqlılığın gücləndirilməsi” mövzusu isə informasiya infrastrukturunun dayanıqlılığı və etibarlılığının müasir cəmiyyət üçün strateji əhəmiyyətini ön plana çıxarır. Bu yanaşma internet, peyk rabitəsi, sualtı kabel sistemləri və digər rəqəmsal kommunikasiya şəbəkələrinin qlobal təhlükəsizlik, iqtisadi sabitlik və sosial rifah baxımından həyati rolunu xüsusi vurğulayır.

Rəşid Ələkbərov xatırlatdı ki, ölkəmiz 10 aprel 1992-ci il tarixində Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) üzv qəbul olunmuşdur. Bu addım ölkənin müstəqillikdən sonra beynəlxalq telekommunikasiya sisteminə inteqrasiyasının mühüm mərhələsi idi. Ölkəmiz qlobal telekommunikasiya və informasiya məkanının fəal iştirakçısı kimi çıxış edərək milli rəqəmsal inkişaf strategiyasını beynəlxalq normalara və çağırışlara uyğun şəkildə formalaşdırmışdır. Ötən dövr ərzində ölkədə informasiya cəmiyyətinin qurulması, elektron hökumət mexanizmlərinin genişləndirilməsi və müasir texnoloji infrastrukturun yaradılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir.

Bu proseslərin əsas hərəkətverici qüvvəsi məqsədyönlü və konseptual siyasətdir. Prezident İlham Əliyevin təsdiq etdiyi normativ-hüquqi aktlar rəqəmsal transformasiyanı təkcə texnoloji modernləşmə kimi deyil, həm də milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Xüsusilə rəqəmsallaşma sahəsində vahid idarəetmə modelinin formalaşdırılması institusional koordinasiyanın gücləndirilməsinə və resursların səmərəli istifadəsinə imkan yaratmışdır.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın nəqliyyat və kommunikasiya infrastrukturunun ardıcıl, sistemli və kompleks şəkildə inkişaf etdirilməsi ölkənin geostrateji mövqeyinin möhkəmləndirilməsinin əsas faktorlarındandır. Bu yanaşma ölkəmizin Şərq-Qərb istiqamətində beynəlxalq tranzit və logistika mərkəzinə çevrilməsi strategiyasının mühüm tərkib hissəsdir və ölkənin regional, eyni zamanda, qlobal iqtisadi inteqrasiya proseslərində iştirak imkanlarının genişləndirilməsinə xidmət edir.

Bu strategiya Azərbaycanın regionda internet kommunikasiya kanalları və magistral xətlər üzrə əsas təminatçılardan birinə çevrilməsi perspektivini də gücləndirir. Bununla yanaşı, milli kibertəhlükəsizlik strategiyasının təsdiqi rəqəmsal mühitin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Sözügedən strategiya informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi, həyati əhəmiyyətli informasiya infrastrukturunun müdafiəsi və kiber risklərə qarşı çevik reaksiya mexanizmlərinin formalaşdırılması kimi mühüm vəzifələri əhatə edir.

Müsahibimiz daha sonra qeyd etdi ki, müasir dövrdə telekommunikasiya və informasiya texnologiyaları dövlətlərin milli təhlükəsizliyi, iqtisadi sabitliyi və sosial dayanıqlılığının əsas sütunlarından biridir:

– Rəqəmsal əlaqə kanalları fövqəladə hallar və kibertəhlükələr zamanı belə internet və kommunikasiya şəbəkələrinin fasiləsiz fəaliyyətini təmin edən çox səviyyəli infrastrukturu ifadə edir. Rəqəmsal dayanıqlılıq infrastrukturun təhlükələrə qarşı özünü bərpa etməsi, alternativ marşrutlar və ehtiyat sistemlər vasitəsilə fəaliyyətini davam etdirməsi deməkdir. Bu baxımdan Azərbaycan fiber-optik şəbəkələrin genişləndirilməsi, beynəlxalq məlumat mübadiləsi kanallarının artırılması, regional data mərkəzlərinin yaradılması və bulud texnologiyalarının tətbiqi ilə rəqəmsal ekosistemini gücləndirir və region üçün rəqəmsal körpü rolunu möhkəmləndirir.

Ölkəmizin rəqəmsal əlaqə kanallarının əsas üstünlüyünün coğrafi və texniki baxımdan şaxələndirilmiş beynəlxalq bağlantı modeli almasını söyləyən icraçı direktor dedi:

– İnformasiya axınının fasiləsizliyi yalnız sürətlə deyil, alternativ marşrutların və ehtiyat xətlərin mövcudluğu ilə təmin olunur. Bu məqsədlə qurulan çoxistiqamətli fiber-optik magistrallar ölkənin rəqəmsal müstəqilliyinin əsas dayaqlarından biridir. Azərbaycan Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri üzrə beynəlxalq fiber-optik bağlantılara malikdir. Bu çoxvektorlu model texniki nasazlıq, təbii fəlakət və ya trafik yüklənməsi zamanı məlumat axınının alternativ kanallara yönləndirilməsinə imkan verir və qlobal internetə çıxışın fasiləsizliyini qoruyur.

Beləliklə, ölkə tək bir kommunikasiya xəttindən asılılıq riskini minimuma endirir. Milli operatorlar - “Delta Telecom”, “Aztelekom” və “AzerTelecom” – beynəlxalq trafik mübadiləsi və şəbəkənin modernləşdirilməsində əsas rol oynayır. Bu infrastruktur dövlət idarəçiliyi, maliyyə, enerji, nəqliyyat və fövqəladə xidmətlərin dayanıqlığını təmin edir. Çoxistiqamətli bağlantı modeli Azərbaycanın Şərq–Qərb rəqəmsal tranzit mərkəzinə çevrilməsini gücləndirir və ölkənin qlobal informasiya məkanına etibarlı çıxışını təmin edir.

Rəşid Ələkbərov söylədi ki, Trans-Xəzər fiber-optik magistral layihəsi Azərbaycanın Şərq və Qərb arasında rəqəmsal körpü rolunu gücləndirən strateji təşəbbüsdür:

– Xəzər dənizinin dibi ilə çəkiləcək kabel Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birbaşa birləşdirərək regionlararası məlumat mübadiləsini sürətləndirəcək və alternativ rabitə marşrutu yaradacaq. Layihə Avropa-Asiya trafikinin məhdud magistrallardan asılılığını azaldır, daha sürətli, təhlükəsiz və etibarlı internet bağlantısı təmin edir. Bu, həm texnoloji, həm də geosiyasi baxımdan Azərbaycanın rəqəmsal tranzit mərkəzi mövqeyini möhkəmləndirir. Trans-Xəzər magistralı “Rəqəmsal İpək Yolu”nun formalaşmasına töhfə verərək Mərkəzi Asiyanın Avropa ilə inteqrasiyasını, data mərkəzlərinin və texnoloji investisiyaların artımını stimullaşdırır. Nəticədə Azərbaycan regional tranzit ölkədən strateji rəqəmsal hab səviyyəsinə yüksəlir.

Rəqəmsal dayanıqlılıq artıq yalnız yerüstü fiber-optik şəbəkələrlə deyil, kosmik infrastrukturla da təmin olunur. Azərbaycanın peyk rabitəsi sistemi rəqəmsal ekosistemin “ehtiyat kosmik qatı” kimi çıxış edir və fasiləsiz əlaqəni təmin edir. “Azərkosmos” tərəfindən idarə olunan “Azerspace-1” və “Azerspace-2” peykləri rabitə, televiziya yayımı, internet və təhlükəsizlik xidmətləri göstərərək ölkənin qlobal rabitə sisteminə inteqrasiyasını gücləndirir və xidmət ixracını genişləndirir. Peyk rabitəsi təbii fəlakətlər və texniki nasazlıqlar zamanı alternativ əlaqə təmin edərək dövlət idarəçiliyi və strateji sektorların davamlı fəaliyyətinə dəstək verir. Beləliklə, fiber-optik şəbəkələr, Trans-Xəzər kabeli və peyk infrastruktur bu birlikdə Azərbaycanın çoxsəviyyəli və dayanıqlı rəqəmsal modelini formalaşdırır.

Müsahibimizin dediklərini onunla tamamlayaq ki, ölkəmiz 2006-cı ildən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününü mütəmadi qeyd edərək rəqəmsal inkişafın təşviqinə xüsusi önəm verir. Hər il konfranslar, forumlar və sərgilər vasitəsilə rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, elektron hökumət və innovasiya mövzuları müzakirə olunur. Təhsil müəssisələrində keçirilən seminarlar, müsabiqələr gənclərin İKT sahəsinə marağını artırır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan seminar və konfranslar 2006-cı ildən bəri davam edən elmi ənənədir.

Bu tədbirlər informasiya cəmiyyəti, rəqəmsal transformasiya, kibertəhlükəsizlik və süni intellekt kimi mövzuları əhatə edir, elmi nəticələrin müzakirəsinə və dövlət-özəl-akademik əməkdaşlığın güclənməsinə xidmət edir. Beləliklə, bu təşəbbüslər ölkədə rəqəmsal inkişafın elmi əsaslarının möhkəmlənməsinə mühüm töhfə verir.

Mustafa KAMAL
XQ



Sosial həyat