Sumqayıt hadisələri – ifşa edilmiş erməni məkri

post-img

Düz 35 il əvvəl, fevral ayının sonunda Sumqayıtda baş verən hadisələr aydın səmada şimşək kimi çaxdı. Ondan bir neçə gün əvvəl isə Xankəndidə qondarma “Artsax” iddiası ilə keçirilən ilk mitinq xain qonşuları Azərbaycana qarşı ərazi iddialarına “səfərbər” etmişdi. Separatçı “Krunk” təşkilatı üzə çıxmışdı. “Miatsum” (“Birlik”) harayları başlanmışdı. Beləliklə, ermənilərin qondarma “Qarabağ hərəkatı”nın vacib bir halqası da Sumqayıt hadisələri olmuşdu. Qanlı aksiyalarda neçə-neçə insan qətlə yetirilmiş, talanların hesabı bilinməmişdi. 

Bəli, məhz Sumqayıt hadisələrin­dən sonra ermənilərin Qarabağ iddi­aları gücləndi. Onlar “fəaliyyətlərinə” legitimlik donu geyindirməyə başladı­lar. “Paşa” ləqəbli Eduard Qriqoryanın başıpozuq dəstəsinin əli ilə şəhərdə iğtişaşlar törətdilər. Sumqayıtda, Bakı­da və digər şəhərlərimizdə gen-bol ya­şayan erməni həmsoylarının da, necə deyərlər, isti aşına soyuq su qataraq onları çöllərə saldılar.

Əlbəttə, 35 il əvvəlki Sumqayıt ha­disələri haqqında çox yazılıb. Təkrar­çılıq olmasın deyə, mən bir sumqayıtlı kimi, əsasən öz gördüyüm epizodları və araşdırmalar nəticəsində gəldiyim qənaətləri oxucuların diqqətinə çatdır­maq istəyirəm. 

...27 fevral 1988-ci il. Bazar ətra­fında meşin gödəkçəli gəlmə şəxslər ətrafa toplaşanlara Ermənistandan qaçıb canlarını qurtardıqlarını söyləyir, Pəmbək (Quqark), Gümrü (Leninakan) və Böyük Qarakilsədə (Kirovakan) mil­lətimizə qarşı kütləvi qırğın törədildiyin­dən “yana-yana” danışır, nifrət və qisas hissi yaradırdılar. Nə biləydik ki, onlar planlaşdırılan hadisələrin təşviqatçıla­rıdır? 

Axşam ailəlikcə Sumqayıtın 9-cu mikrorayonuna, dayımgilə qonaq get­mişdik. Qayıdanbaş yüz nəfərə qədər gəncin “Ermənilərə ölüm!” şüarları ilə şəhərdə qarışıqlıq saldığını, yolları bağladığını gördük. Onlar bizi ötürən dayım oğlunun təzə “Jiquli” markalı mi­nik avtomobilini də daşa basdılar. Aləm bir-birinə dəydi. Birtəhər evə çatdıq. Ertəsi gün qarışıqlıq, talan daha geniş miqyas aldı. 

...28 fevral 1988-ci il. Şaxta qılınc kimi kəssə də, küçə və meydanlar­da “hərarət” kəlləçarxa çıxmışdı. Ha­disələrin önündə iki dəfə cinayət törət­diyinə görə məhkum olunmuş “Paşa” gedirdi. Axşamüstü “sehirli qüvvələr” Leninin abidəsi önündə mitinq təş­kil etdilər. Mən də gənc jurnalist kimi, olayları müşahidə etmək, baş verənlər­dən nəsə anlamaq üçün oraya getdim. Natiqlər “qan-qan” deyirdilər. Əsas hədəf itaətsizliyi genişləndirmək idi. Ermənistanda divan tutulmuş azərbay­canlıların qisasını almaq üçün bura­dakı erməniləri öldürməyə çağırırdılar. Hüquq-mühafizə orqanları sanki iflic olmuşdu. Sumqayıt Şəhər Partiya Ko­mitəsinin birinci katibi Cahangir Müs­lümzadə təhrikçiləri dilə tutmaq istəsə də, alınmadı. Qızışmış kütlə evlərə, müəyyən ünvanlara hücum çəkdi. (Sən demə, həmin ünvanlarda “Krunk” üçün ianə verməyən ermənilər yaşayırmış).

Şəhərin 2-ci mikrorayonundakı bir binanın 5-ci mərtəbəsindən yaşlı bir ermənini aşağı atdılar. 45-ci məhəllə­də erməni dərzi qadını anadangəlmə soyundurub küçəyə çıxardılar. Çəpik çala-çala “Heyvagülü” oynamağa məc­bur etdilər. Bu səhnəyə baxa bilməyib oradan uzaqlaşdım. Sonra eşitdim ki, “Paşa”nın qoçuları onu öldürüb yaxın­lıqdakı xəstəxananın hasarları arasına atıblar. 

...29 fevral 1988-ci il. “Paşa”nın erməni olduğunu və xüsusi tapşırıq üzrə hərəkət etdiyini çoxları bilmirdi. O, əsasən talançılığa meyilli kriminal ünsürlərlə “işləyirdi”. Əlbəttə, sadə­lövhlükdən onlara qoşulan səbatsız gənclər də vardı. “Paşa”nın dəstəsi evləri qarət edir, erməni sakinlərə di­van tuturdu. Edik özü qanlı aksiyalarda "nümunə" göstərirdi: şəxsən bir neçə ermənini öldürdü, bir neçə “bacı”sını zorladı. Beli bağlı olduğuna görə heç nədən çəkinmirdi. 

Həmin vaxt şəhərin küçələrinə milis işçilərindən və sovet ordusu əsgərlə­rindən ibarət “kordon”lar düzülsə də, onların hamısı adi müşahidəçi rolunu oynayırdı. “Sülh” küçəsi boyunca rus zirehli transportyorları o baş-bu başa şütüyürdü. Gözü qızmış kütlənin ara­sından yola çıxaraq həmin “BTR”lərə benzin dolu şüşə qablar atan bir neçə nəfərin hərbi maşınların altında necə qaldığının şahidi oldum. 

İş-işdən keçəndən sonra Sumqayıt­da fövqəladə vəziyyət elan edildi və ko­mendant saatı tətbiq olundu. Məlumat verildi ki, ümumiyyətlə, həmin günlərdə şəhərdə 26-sı erməni olmaqla 32 nəfər sakin həyatını itirib. Çoxsaylı maşın yandırılıb, mağazalar, mənzillər talan edilib. İğtişaşların təşkilatçıları quldur dəstəsini əvvəlcədən Boruyayma za­vodunda erməni ustaların hazırladığı şiş uclu dəmir parçaları ilə “silahlandı­rıb”, spirtli içki və narkotiklərlə yetərin­cə təmin ediblərmiş... 

Hüquq-mühafizə orqanlarının arxiv materiallarından məlum olur ki, “Paşa” 1988-ci ilin əvvəllərində Xankəndidə bir müddət sonra Ermənistanın prezidenti olacaq Serj Sərkisyanla, “Daşnak­sütyun”un maliyyə dəstəyi, katolikos I Vazgenin xeyir-dua verdiyi "Krunk”un fəalları Manuçarov və Dədəmyanla gö­rüşübmüş. Vəzifə yiyəsi olan qatı se­paratçıların Sumqayıtdan gələn tüfeyli, kriminal Ediklə nə işi ola bilərdi? Təbii ki, “uzaqgörən” plana görə, Qarabağın ilhaqı məsələsində Sumqayıt kartından istifadə etmək üçün Azərbaycan dilini təmiz bilən cinayətkarı təlimatlandı­rırmışlar. O da tapşırıq alandan sonra qayıdıb Sumqayıtda aranı qatdı ki, er­mənilərə zülm edildiyi və iki millətin bir arada yaşamasının mümkünsüzlüyü aləmə car çəkilsin. 

Serj Sərkisyanın əlinin Xocalı soyqırımında da günahsız insanların qanına batdığı məlumdur. Elə bu faktın özü onun peşəkar terrorçu olduğunu deməyə əsas verir. Sarkisyanın əli Sumqayıtda ermənilərin qanına bu­laşmasa da, onun həmin hadisələrin təşkilatçılarından biri olduğu şübhə­sizdir. Onu da deyək ki, sonrakı illərdə “Krunk”un ideoloji bölməsinin rəhbəri Xankəndi ipək fabrikinin o vaxtkı part­komu, Xocalı qatili, sonradan Ermənis­tanın prezidenti olmuş Robert Köçar­yan idi… 

O zaman biz sovet xalqının sadə­lövh nümayəndələri idik və hələ də inanırdıq ki, ölkədə haqq-ədalət var, kimsə monolit “xalqlar dostluğu”nu sarsıtmağa cürət etməz. Amma Mos­kvadakı müzakirələrdə Mixail Qor­baçovun ermənilərə loyal münasibət göstərməsi, hadisələrin milli zəmində baş vermədiyi fikrini ortaya atması bu­nun planlaşdırılmış təxribat olduğuna dəlalət etdi. Ardınca böhtan xarakter­li təbliğat maşını işə salındı. Erməni millətçiləri dünya ictimaiyyətinə azər­baycanlıları başkəsən şovinistlər kimi qələmə verməyə başladılar. 

Ermənilərin Sumqayıtla bağlı yalan və iftiraları, gec də olsa, ifşa edildi. Ha­disələrdə əsl günahkarların kim olduğu aşkar faktlarla, elə erməni zərərçəkən­lərin məhkəmədə verdikləri ifadələr əsasında məlum oldu. Mejlumyan soyadlı qız məhkəmədə məhz Ediki göstərərək demişdi ki, ona fiziki və cin­si zor tətbiq edən bu qeyrət dağarcığı olub.

Hadisələrdən sonra Sumqayıtda Z.Ağababyan, E.Misesov, N.Qriqor­yan, K.Tamrazyan, D.Ağadjanyan, D.Ambartsumyan həbs edilmişdilər. Bu haqda SSRİ Daxili işlər naziri Vla­sova teleqram vurulmuşdu. Nazir Ru­siyanın ayrı-ayrı bölgələrindən erməni millətindən olan bir neçə nəfəri təcili Sumqayıta ezam etdirərək istintaq materiallarının azərbaycanlı müstən­tiqlərin əlindən alınıb erməni “həmkar­larına” verilməsinə nail olmuşdu. Bir neçə gündən sonra isə SSRİ DTK-sı əməkdaşlarının göstərişi ilə istintaq işinə xitam verilmiş, cinayətkarlar azad olunaraq Sumqayıtdan çıxarılmışdılar. 

Sumqayıt hadisələrinə görə onlar­ca gənc uzunmüddətli həbsə atıldı. Bir nəfərə güllələnmə cəzası verildi. Həbsxana divarları arasında həyatını itirənlər də oldu. Əsas “oyunçu” Edu­ard Qriqoryan isə həbs edilsə də, bir qədər sonra “xidmət”ləri nəzərə alına­raq azadlığa buraxıldı. Hazırda onun Moskva ətrafında şad-xürrəm yaşadığı bildirilir.

Vaxtaşırı “Sumqayıt kartı”ndan isti­fadə edən ermənilər hələ də anlamırlar ki, Qorbaçov Qərbin SSRİ-ni dağıtmaq planının baş icraçısı idi və onları da separatizmə həmin prosesin tezliklə baş tutması xatirinə həvəsləndirmişdi Nəticədə sovet imperiyası çökdü, Qor­baçov Nobel mükafatı aldı, Qarabağ isə ermənilər üçün boş şirnikləndir­mə vasitəsi olaraq qaldı. Bu gün artıq “DQMV” və “Artsax” yoxdur, hay-küyçü haylar İrəvanda belə, pis günə düşüb­lər, Ermənistan dövlətinin etibarlı saba­hına ümidlər qalmayıb. 

Bu da “Qarabağ hərəkatı”, “Miat­sum”, “Sumqayıt hadisələri” adları al­tında başlanan oyunbazlığın sonu. 

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”





Siyasət