Dədə Qorqud yurdu – Göyçə mahalı

post-img

Göyçə mahalı tarixi və qədimliyi ilə Azərbaycan tarixində xüsusi yer tutur və Qərbi Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Əminliklə deyə bilərik ki, xalqımızın qədim tarixini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı Göyçə mühitində yaranmışdır. 

Dastanda adı keçən Gökcə dəngizi (Göyçə gölü), Altuntaxt coğrafi adları fik­rimizi təsdiq edən faktlardandır. Eyni za­manda, “Kitabi-Dədə Qorqud”da işlənən kifayət qədər elə sözlər var ki, Göyçə ma­halı şivələrində işlənir. Hələ XX əsrin 70-ci illərində dilçi professor Muradxan Cahan­girov yazırdı ki, “Dədə Qorqud kitabı”nda adı çəkilən Altuntaxt coğrafi anlayış kimi təsdiq olunarsa və həmin mülahizə (“Al­tuntaxt”ı toponim kimi götürən Şamil Cəm­şidovun fikri nəzərdə tutulur – İ.B.) əlahid­də tutarlı dəlillərlə sübuta yetirilərsə və bu istiqamətdə tədqiqat genişləndirilərək məqsədəuyğun nəticələr çıxarılarsa, biz “İç Oğuzun coğrafi mühiti” haqqında da lazımi məlumat əldə edə bilərik. 

Elə “Kitabi-Dədə Qorqud” dastanının tədqiqatçısı Şamil Cəmşidov apardığı araşdırmalarının nəticəsi olaraq gəldiyi qənaətə görə, “Dastan” qəhrəmanları­nın (oğuzların) yaşayış məskəni (əsas yurdu) Göyçə mahalı olmuşdur və bunu təsdiq edən amil kimi “Salur Qazanın yağmalanması” boyunda adı çəkilən Al­tuntaxt coğrafi ada əsaslanmasıdır (əsas götürməsidir): “Bu yaylaq yerlərinin geniş mərkəzi sahəsini aydınlaşdırmaq üçün “Salur Qazanın evinin yağmalanması” boyuna diqqət etmək lazımdır. Bu boyda aşkar görünür ki, qəhrəmanlar yaylaqda – Göyçə gölünün şimali-qərbində yerləşən məşhur Altuntaxt yaylağında yaşayırlar”. 

“Kitabi-Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağmalanması” boyunda deyilir: “Qazan bəg ordusını, oğ­lanını-uşağını, xəzinəsini aldı, geri döndi altun təxtində. Yenə evini dikdi”. F.Zeyna­lov və S.Əlizadə “altun təxt”i söz birləş­məsi hesab etdikləri üçün göstərilən boyu Azərbaycan dilinə uyğunlaşdıranda “altun təxt”i “qızıl taxt” kimi uyğunlaşdırmışlar. 

Bizim fikrimizcə, Ş.Cəmşidovun “Al­tuntaxt”ı yaşayış məntəqəsi – kənd de­yil, yaylaq adlandırması Altuntaxtla bağ­lı yetərli məlumatın olmaması ilə bağlı olmuşdur. Belə ki, Qərbi Azərbaycanda tarixən mövcud olmuş kəndlərin bir çoxu ermənilər tərəfindən dağıdılıb viran edil­miş, nəticədə ləğv edilmişdir. Bunu XX əsrin 20-ci illərində yaşamış Şərif Şikəstə adlı şair “Dedilər” şeirində Altuntaxt ya­şayış məntəqəsinin adını çəkir və “Altun­taxt” kəndinin xarabalığa çevrilməsindən yana-yana bəhs edir:

 

Bu sifət ilə görən olmuşmu Altuntaxtı,

Boşalıb yurdu, qara yazılıbdır baxtı.

Ağlaram yadıma düşdükcə o keçmiş vaxtı,

Ol səbəbdəndir mənə didəsi-giryan dedilər.

 

Yeri gəlmişkən deyək ki, Vikipediyada şair Şərif Şikəstə Əfəndizadə haqqında aşağıdakı məlumatı əldə etdik.

Eldar Nəsib yazır ki, “Şahnamə”ni ilk dəfə dilimizə qazaxlı Şərif Şikəstə (şair Eldar Nəsiblinin babası) tərcümə etmiş­dir. Şərif Şikəstə klassik şair olub. Fir­dovsidən tərcümələr edib. “Şahnamə”ni tərcümə edib. Şərif Şikəstəni 1937-ci ildə güllələyiblər. Ona görə də qorxularından onun şeirlərini heç bir mətbu orqanda çap etməyiblər. Babam (Şərif Şikəstə – İ.B.) Səməd Vurğunla çox yaxın olub. S.Vur­ğun gənc olub. Bütün şeirlərini, dərdini, sözünü, giley-güzarını, hamısını Şərif Şikəstə ilə bölüşüb. Ona müəyyən şeirlər də ünvanlayıb: 

 

Başına döndüyüm əziz Şikəstə,

Dinlə məni hali yaman olmuşam…

 

O zaman Vurğunun Dürrəni sevən vaxtları olub. 1924-cü ildə babam da ona şeir ünvanlayıb: 

 

Yığvalından küsmə ay Vurğun Səməd,

Dürrələr qarşında qul olacaqdır,

Sinən bir millətə yol olacaqdır.

 

Babam uzaqgörən kişi olub. Doğru­dan da, Vurğunun poeziyası bir millətə yol oldu. Yaradıcılıq genetik koddur. Bizim ədəbiyyata bağlılığımız kökdən gəlir. 

Şərif Şikəstə Səməd Vurğunun usta­dı olub. Onun oğlu Cavad, Azərbaycanın böyük şairi Hüseyn Cavidlə sürgündə bir yerdə olub 

Bəs Altuntaxt hardadır? Altuntaxt İrə­van xanlığının Göyçə mahalında kənd olmuşdur. XIX əsrdə yaradılan yeni in­zibati-ərazi bölgüsünə əsasən İrəvan quberniyasının Yeni Bayazid qəzasına, keçmiş Kəvər (Kamo) rayonu, indi Ge­ğarkunik vilayəti ərazisinə daxil olmuş­dur. Altuntaxt 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, XVIII əsrdə (1763-1780) erməni kilsəsinin baş­çısı S.İrəvanlının “Cambr” əsərində yaşa­yış məntəqəsi kimi qeyd edilmişdir. Kənd XVIII əsrin axırları, XIX əsrin əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir. 1728-ci il mənbəyi kimi “İrəvan əyalətinin icmal dəftəri”ndə göstərilir ki, kəndin illik gəliri 4.210 ağça olmuşdur.

“Kitabi-Dədə Qorqud” dastanının Göyçə mühiti ilə bağlılığını Hüseyn İs­mayılov da əsaslandıraraq qeyd etmiş­dir ki, Göyçəni ədəbi-mədəni mühit kimi səciyyələndirən başlıca göstərici qədim türk xalq ənənələrinə maksimum bağlı­lıq, sadəlik və türk özgürlüyüdür. Türkün öz kökündən qopmadığı, bütün mədəni institutlar üzrə öz kökü üstdə bitdiyi və ucaldığı, milli dəyərlər sisteminin optimal elementlərlə zənginləşdirdiyi ən mükəm­məl mühit də Göyçədir. Əfsanəvi Oğuz xan da, tanrıçı ata (peyğəmbər) Qorqud da öz ruhi-mənəvi ömrünü daha çox bu yurdda yaşayıb.

Elə Göyçə şivələrində işlənən söz­lərin “Dastan”da əksini tapması fikrimizi təsdiqləyən təkzibedilməz faktlardır: ağır­lamaq, arı, baha, vaqiə (vayğa formasın­da), qada, qarı, qaxmaq (başına qaxmaq frazeoloji birləşmənin tərkibində), dolam­bac (dolanbac formasında), yalın, yamac, kirimək, gərdək, oğrun, sağdış, sərpmək, suç, təpəl, toylamaq, ismarış, ismarla­maq, eşik, iraq, cilasın, muştuluq və s.

 

İbrahim BAYRAMOV, 
ADPU-nun elmi-təşkilati şöbəsinin müdiri, professor

Sosial həyat