Ermənilərin Rusiyadan dəstək axtarışının tarixçəsi

post-img

“Ermənilər XVI–XVII əsrlərdə Osmanlı və Səfəvi dövlətinə qarşı mübarizədə özlərini təqdim etmək üçün Qərbi Avropaya üz tumuşdular, lakin burada uğur əldə edilməmişdi. Qərbi Avropa dövlətləri güclü Osmanlı dövləti ilə münaqişəyə ehtiyatla yanaşdıqlarından, bu əməkdaşlığa ciddi əhəmiyyət vermişdi və onlar Rusiyaya yönəldilmişdilər”. AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov başabəla erməni başbilənlərinin Qafqazda Ermənistan dövləti qurmaq üçün Rusiyadan dəstək axtarışının tarixçəsi barədə qəzetimizə açıqlamasının davamında bildirdi:

– Erməni–Rusiya münasibətlərinin ta­rixi haqqında ilk məlumatlar XVI əsrə aid edilsə də, siyasi münasibətlər XVIII əs­rin əvvəllərindən başlayır. O vaxtdan bu günədək Rusiya oriyentasiyası erməni ta­rixində əsas yerlərdən birini tutur. Bu tarix özü də müəyyən mərhələlərdən keçib ki, XVIII əsr burada xüsusi dövr kimi ayrıla bilər. Bu dövrü Rusiya oriyentasiyasında iki istiqamətə ayırmaq olar. Onlardan biri erməni-qriqorian kilsəsini təmsil edən dini istiqamət, digəri isə avantürist istiqamət idi. Bu ziddiyyətli tandemdə əsas ideoloq və həlledici qüvvə erməni-qriqorian kilsəsi idi.

Erməni-qriqorian kilsəsi Rusiyada möhkəmlənmək və ondan dayaq kimi isti­fadə edilməsinə də ilk təşəbbüs göstərib. Erməni azadlıq hərəkatının Rusiya orien­tasiyasının banisi hesab edilən İsrail Ori Rusiyaya Avropadan yönəldilmişdisə, er­məni kilsəsi Rusiyanın öz daxilindən buna nail ola bilmişdi. Rusiya tərəfi də ayrı-ayrı şəxslərdənsə erməni kilsəsinin əhəmiy­yətinə daha çox diqqət verdi. Ermənilərin I Pyotr tərəfindən Azərbaycanın işğal edil­miş torpaqlarına köçürülməsinə dair ma­nifestinin verilməsində də kilsə həlledici rol oynadı. 

Erməni qriqorian kilsəsi Rusiyada mövqeyini gücləndirmək üçün hər vasitə ilə burada da kilsə açmağa çalışırdı. Er­mənilər 1740-cı illərdə Peterburq, Moskva və Həştərxanda kilsələr açmağa nail oldu­lar. Bu fakt ona görə diqqəti cəlb edir ki, erməni kilsələrinin hər biri patriarxlığın ide­ologiyasını ardıcıl şəkildə həyata keçirirdi.

Ermənilərin Şərq siyasətinə xüsusi önəm verən II Yekaterina dövründə yaran­mış vəziyyətdən daha məharətlə istifadə edilməsinə aydınlıq gətirən tarixçi alim dedi:

– Çariçanın 1768-ci il 30 iyun fərmanı ilə Simeon Rusiyadakı erməni kilsəsinə mənsub olan dindarlar və ruhanilər üzə­rində idarəyə nail ola bildi. Məhz bu səla­hiyyət əsasında İosif Arqutinski 1773-cü ildə Rusiya yeparxiyasına rəhbərlik üçün göndərildi. Təsadüfi deyil ki, İvan Lazarev məhz onunla birlikdə fəaliyyət göstərirdi.İosif Arqutinski 1780-сi il fevralın 18-də Peterburqda Qriqori Potyomkin başda olmaqla Rusiya əyanlarının iştirak etdiyi erməni kilsəsinin təqdimetmə mərasimin­dəki çıxışında “məhv olmuş Haykan çarlı­ğının bərpası” haqqında çariçaya müraciət etmişdi.

Digər cərəyanın nümayəndələri bir sıra avantürist layihələr ilə diqqəti cəlb etməyə çalışırdılar. Bir müasir erməni müəllifi erməni hüquq abidələri, onların mənbələri və digər xalqların hüququ ilə qarşılıqlı əlaqələrinə həsr etdiyi məqalə­sində yazır ki, XVII əsrin sonları – XVIII əsrin əvvəllərində erməni xalqı İran və Türkiyə zülmündən xilas olmaq üçün öz ümidlərini müstəqil Ermənistanın yaradıl­masına bağlayırdı.

Bu ideyanın ilhamvericiləri çoxlu görkəmli erməni xadimləri, o cümlədən İsrail Ori, İvan Lazarev, İosif Arqutinski, Şaamir Şaamiryan, onun oğlu Akop Şaa­miryan, İosif Emin və bir çox başqaları idi. Bu sıraya digər erməni müəlliflərinin əsər­lərində tez-tez xatırlanan Moisey Sarafov (Movses Sarafyan) və Movses Baqram­yanı da daxil etsək, əslində burada bəyan edildiyi kimi hüquqdan deyil, Azərbaycan torpaqlarına qarşı iddia irəli sürən, bunun üçün Rusiya vasitəsi ilə praktik addımlar atmağa çalışan avantüristlərdən bəhs olunduğu aydın olar.

Sisianda anadan olan İsrael Ori (1658-1711) 1678-ci ildə buranı tərk edib. 20 ildən çox dövr ərzində Avropada vaxt ke­çirib, ermənilərin xeyrinə təbliğat aparıb. Avropa saraylarında görüş zamanı onun fi­kirlərinin çoxluğun mövqeyi olmasına şüb-hə yaranıb. O, 1699-cu ildə geri qayıdıb, Eçmiədzində olarkən orada biganəliklə qarşılaşıb, sonra Sisiana yola düşüb. Bir neçə Sisian məliyinin boş kağıza imza atması və möhür vurmasına nail olub, yenidən Avropaya qayıdıb. Burada hə­min kağızlara istədiklərini yazıb, özündən “proqram” düzəldib. Bu “Pfalts proqramı” kimi də tanınır. 

İsrail Orinin avantürası bitdikdən son­ra, meydanın ermənilərin Hindistan və Rusiya koloniyalarının nümayəndələrinə keçdiyini söyləyən Kərim Şükürov daha sonra söylədi:

– İosif Emin (1726-1829), ondan sonra Movses Baqramyan və Şaamir Şaamiryan (1723-1798) ermənilərin Hindistan koloni­yasının yetişdirməsi idi. İosif Emin 1751-ci ildə Böyük Britaniyaya gedib, 1759-cu ildə isə oranı tərk edərək, Eçmiədzinə yola düşüb. Yerli insanları ayağa qaldırmağa çalışıb, buna nail olmadığından dəstək üçün 1761-ci ildə Peterburqa üz tutub. 1760-cı illərə aid “proqramında” Rusiyanın himayəsi altında erməni-gürcü dövləti ya­ratmağı təklif edib. 1763-cü ildə Həştərxan erməniləri içərisindən yığdığı dəstəsi ilə Gürcüstana qayıdıb. Movses Baqramyan ilə birlikdə Gürcüstandakı fəaliyyəti uğur­suz olub. Qarabağda da bir nəticə əldə edə bilməyib. Bu da təsadüfi deyildi, çünki artıq bu dövrdə Qarabağda Pənah xanın hakimiyyəti altında güclü Azərbaycan xan­lığı formalaşmışdı.

Rusiya koloniyalarında meydana gələn ilk layihələrdən biri Həştərxandakı ipək fabrikinin sahibi Movses Sarafyana məxsus idi. Onun 1769-cu ildə Rusiya hökumətinə təqdim edilmiş layihəsində də Rusiyanın himayəsində erməni döv­ləti yaradılması irəli sürülürdü. Ermənilə­rin Moskva koloniyasından İvan Laza­rev (1735-1801) və Rusiyadakı erməni yeparxiyasının rəhbəri İosif Arqutinski (1743-1801) də bu sırada yer tutur. 1780-ci ildə Rusiya hakim dairələrinin iştirakı ilə keçirilən Peterburq müşavirəsində onlar erməni dövlətinin İrəvan mərkəz olmaqla “bərpasını” təklif edirdi.

Professor sonda bildirdi ki, ermənilərin Rusiya orientasiyası nəticəsiz qalmadı. Rusiyanın da ermənilər ilə siyasi yaxınlaş­ması genişləndi:

– Rusiyanın Qafqaz, ümumən Şərq siyasətində ermənilərdən bir vasitə kimi istifadə edilməsi xarici siyasətdə prioritet­lərdən birinə çevrildi. Çar I Pyotr, sonra isə II Yekaterina dövründə Rusiyada ermə­nilərin təşkilatlandırılması dövlət siyasəti oldu. Azərbaycan torpaqlarının alternativ fikir olmadan erməni torpaqları kimi təq­dim edilməsi də Rusiyanın siyasi dairələ­rində təsirini göstərdi.

Rusiyanın XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarının işğalı ilə burada erməni dövlətinin yaradılması ideyası yeni mərhələyə keçdi. Bu şəraitdə ermənilərin və Rusiyanın mövqelərindəki əvvəlki ümu­miliklə, eyni zamanda, yeni nüanslar da yarandı.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Siyasət