Daşnak quldurların Qarakilsə soyqırımları

post-img

Qədim türk yurdu Zəngəzur XVIII əsrdən etibarən erməni qriqorian kilsəsinin məkrli niyyətinin təcavüz meydanına çevrilmişdir. Bölgə hay quldur silahlı birləşmələrinin daimi hədəfində olduğundan burada türk-müsəlman əhaliyə qarşı soyqırımları davamlı olmuşdur. 

Sonuncu qətliamlar XX yüzilliyin başlanğıcında və sonunda baş ver­miş, nəticədə, 50 min nəfər dinc sakin dini-milli mənsubluğuna görə aman­sızcasına qətlə yetirilmiş, 245 yaşayış məntəqəsi dağıdılmış, qarət edilərək yandırılmış və yer üzündən silinmişdir. Eyni zamanda, əski tariximizin mad­di-mədəni irsi, coğrafi abidələri məhv edilmiş, bir çox nümunələr mənimsənil­mişdir. 

Qarakilsə nahiyəsi Qərbi Zəngəzu­run Biçənək aşırımından Qaragöl yük­səkliyinədək uzanan Salvartı, Səngər, Diboğlu, Çatandaş, Nəhridüz... dağla­rını, Əhmədalılar, Məzməzək, Dəliçay, Şəki, Bərgüşadçay dağ çaylarının ge­niş vadisini əhatə edən, ticarət-karvan yollarının üstündə yerləşən, Qarabağ və Naxçıvan bölgələrini birləşdirən tarixi-coğrafi ərazisinin bir hissəsidir. Zəngin tarixi-maddi irsi, qədim xalq mə­dəniyyəti, bərəkətli, münbit torpaq və faydalı qazıntı ehtiyatlarının bolluğu na­hiyənin iqtisadi-təsərrüfat əhəmiyyətini xeyli dərəcədə yüksəltdiyi üçün, həm də hərbi-siyasi və strateji dəyəri nəzərə alınmaqla Qarakilsə XVIII–XIX əsrlərdə erməni hücumlarının meydanına çevril­mişdir. 

Mürtəce hay kilsəsinin fitvası ilə daşnak silahlı quldur birləşmələri bu imkanlardan yararlanmaq məqsədilə 1918-ci il fevral–mart aylarında Cənubi Azərbaycan və Naxçıvan ərazilərindən keçərək Qarakilsə nahiyəsinin kəndlə­rində də yerli əhaliyə qarşı soyqırımları törətmişlər. Zəngəzur mahalının qərb hissəsində yerləşən Şeyxlər, Comərdli, Ərəfsə, Salvartı, mərkəzi ərazilərdəki Urud, Yaycı, Ağudi, Vağudi, Qarakilsə, şərqdəki Qızılçıq, Sofulu kəndləri XIX əsrin 80–90-cı illərində, XX əsrin əvvəl­lərində (1904–1907-ci və 1912–1915-ci illərdə) də eyni vəhşiliklərin hədəfi ol­muşdu. 

Çar Rusiyasında 1917-ci il okyabr çevrilişindən sonra Qafqaz cəbhəsinin əsas əsgər-zabit heyətinə və cəbbəxa­nalarına yiyələnən hay kilsəsi, onun silahlı dəstələri Qərbi Azərbaycana üç istiqamətdən (Gümrü – Dilican vadisi, Dərələyəz – Vedi– Arpaçay hövzəsi və Oxçüçay – Bazarçay yataqları boyun­ca) hücum etməklə, bölgənin cənub ci­nahına – Zəngəzura strateji hədəf kimi daha ağır zərbələr endirmişdir. Quldur daşnakların döyüş qərargahlarından biri də Gorus şəhərində yerləşmişdir. 

1918-ci ilin yaz-yay aylarında Nax­çıvan və Zəngəzur qəzalarında ya­şayan 200 min nəfər türk-müsəlman əhaliyə qarşı soyqırımı facilərinin törə­dilməsi barədə kifayət qədər arxiv ma­terialları var. Həmin qanlı hadisələrin şahidlərinin yazıya alınmış xatirələri də az deyil. Qarakilsə nahiyəsinin bir şox kəndləri (ümumilikdə, 31 kənd, o cüm­lədən, Şöyüblü – Şayıflı, Çuxuryurd, Çullu, Xudayarlı, Kotanarx, Əlili, Xırda Banış) həmin hücumlardan sonra tama­milə dağılmış, yer üzündən silinmişdir. 

Belə kəndlərdən biri də Ortadüz kəndi, Naxçıvan mahalının Culfa na­hiyəsi ilə sərhədə yaxın, Qarakilsə na­hiyəsinin ən ucqar yaşayış məntəqəsi olub. Ümumiyyətlə, 1915–1920-ci illər­də Zəngəzur qəzasının Qarakilsə, Meh­ri və Qapan nahiyələrinə Q.Nijdenin, A.Ozanyanın amansız hücumlarından canlarını qurtara bilə 50 min nəfərdən çox soydaşımız Naxçıvan qəzasının həmsərhəd kəndlərinə və Naxçıvan şəhərinə pənah gətirmişlər. Qazangöl və Salvartı dağlarının keçilməzlərində Culfa və Şahbuz nahiyələri kəndlərinə getmək istəyənlərin əksəriyyəti dağ ya­maclarında donub həlak olmuşlar. Sal­vartı və Səngər dağlarını aşıb Ərəfsə, Kömür, Keçili, Biçənək, Kolanı kəndlə­rinə çatan camaatın bir hissəsi sonra­dan geri qayıtsa da, əksəriyyəti Nax­çıvan qəzasında yaşamalı olmuş, bir çoxları sonralar ağır xəstəliklərə düçar olmuşlar. 

Bölgə ilə bağlı demoqrafik statis­tik məlumatların təhlilləri göstərir ki, 1905–1920-ci illərə qədər ümumiyyət­lə, Zəngəzur qəzasında, eləcə də Qa­rakilsə nahiyəsinə XVIII – XIX əsrlərdə köçürülən haylar əhalinin 10–15 faizini təşkil etmişdisə, 1920-ci ildən sonra bu rəqəm artaraq 20– 25 faizə çatmışdır. 

Qarakilsə nahiyəsinin Ortadüz kəndinə hücum xəbərini eşidən qonşu Ərəfsə, Comərdli, Şeyxlər, Əlili kənd­lərinin camaatı Dağdağan aşırımını və Çatandaş dağını aşaraq Culfa və Şahbuz nahiyələrinə keçmişlər. Culfa nahiyəsinin Ərəfsə kəndinin yaxınlığın­dakı Xor dərəsi isə qətlə yetirilən və ağır yaralanaraq həlak olanlarla dolu olub. Deyilənə görə, “meyid meyidə söykək imiş”. Qəfil edilən hücumların qarşısını alan kəndin igidlərindən Şəmil və qar­daşı Muradxan, Nəsir və Məhəmmədəli ayrı-ayrılıqda düşmənə layiqıi zərbələr (60-a qədər qulduru yox etməklə) endir­mişlər. 

Qanlı qırğının şahidlərindən Gül­bəstə Mahmud qızı (1889-1979), Məhəmməd Qibləli oğlu (1878-1965) xa­tırlayırdılar ki, qarlı-sazaqlı fevral-mart aylarında Ortadüz kəndinə cənub yön­dəki Çilingər dağı tərəfdən edilən qəfil hücum səhərə yaxın olduğundan sala­mat qalan az adam oldu. Kənddən 2,5 km aralıdakı, kollu-koslu təpənin üstün­də yerləşən XII-XIII əsr Alban məbədinə yığışan camaat bu hissədən keçib Culfa nahiyəsinin kəndlərinə keçmişlər. Onla­rın arasında olanlardan Əbdüləli Nəsir oğlu Musayev (1906-1982), bacısı Əsli (1904-1992) danışırdılar ki, Əhməd Musa oğlu İbrahimovun (1914-2012) əmisi Vəlini quldurlar qılıncdan keçir­mişdilər. Hay-daşnak quldur A.Ozanyan amansız qətliamları hündür dağdan müşahidə edirmiş. 

Quldurlar camaatı qətlə yetirdik­dən, evləri-yurdları yandırdıqdan sonra mal-mülkü olan imkanlı şəxslərin vari­datını da qarət edib özləri ilə aparmış­lar. Nahiyənin iri kəndlərindən olan 120 evli Ortadüz kəndinin yandırılmış, dağı­dılmış, boşaldılmış yurd yerləri göz dağı idi. 

XX əsrin əvvəllərində Van, İqdır, Ər­zurum mahallarından köçürülən hayla­rın yerləşdirildiyi Təzəkənd sakinləri də 1970-ci illərin əvvəllərində etiraf edir­dilər ki, Ortadüz kəndi qalsaydı, indi iri şəhərlərdən biri olacaqdı.

 

Qismət YUNUSOĞLU, 
Bakı Dövlət Universitetinin



Siyasət