“Demə İran niyə viran oldu?!”

post-img

Dahi Mirzə Ələkbər Sabir deyirdi:

Ağladıqca kişi qeyrətsiz olur,

Necə ki, ağladı İran oldu.

 

Azərbaycanın İrandakı səfirliyinə qan­lı terror hücumundan bir ayın ötdüyü za­manda Sabirin bu şeirini xatırladıq. Ancaq bir qədər fərqli formada. Ölkəmizin ictima­iyyəti İranın terror aktını müxtəlif səmtlərə yönləndirmək cəhdlərini ağlamaq kimi qiymətləndirdi. İran hakimiyyəti ağlama­ğın simvoluna çevrildi gözümüzdə. Qalır bunun verdiyi qeyrətsizliyə (oxu: müsəl­man qonşusuna münasibətdə riyakarlığa – red.) xüsusi adın seçilməsi. Bu, qalsın sonraya. 

Məlum olduğu kimi, Tehrandakı 27 yanvar terroru nəticəsində səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olmuş, xidmətin daha iki əməkda­şı yaralanmışdı. Lakin hadisəyə hüquqi qiymət verilməyib. Tehrandakı səfirliyimiz hazırda fəaliyyət göstərmir və belə görü­nür, diplomatik münasibətlərin, faktiki ola­raq, aradan qalxması cənub qonşumuzu qətiyyən maraqlandırmır. Ancaq ötən bir ayın xarakterik xüsusiyyəti yalnız bununla məhdudlaşmır. 

Bəli, yanvarın 27-dən fevralın 27-dək olan müddətdə Azərbaycan-İran münasi­bətlərində gərginlik artdı. Daha doğrusu, həmin vaxtadək müşahidə olunan gərgin­lik özünün daha dinamik fazasına qədəm qoydu. Əlbəttə, bu baxımdan ilk növbədə məlum hadisəni törədən Yasin Hüseynza­də ilə bağlı zəruri hüquqi ölçü tədbirinin görülməməsini qeyd edə bilərik. 

Üstəlik, rəsmi Tehran olayın baş ver­diyi ilk dəqiqədən onu məişət müstəvisinə endirmək cəhdlərini bir qədər də geniş­ləndirdi. Mövcud xüsusda İran media­sında terrorçunu müdafiə meyilləri artdı. Onun hərəkətini “əsaslandırmaq” naminə müxtəlif versiyaların gündəmə gətirilməsi isə Azərbaycanda İrana münasibətdəki antipatiyanı daha da şiddətləndirdi. Səbr kasasını daşdıran isə Y.Hüseynzadənin, guya, əqli problemlərinin olduğunun iddia edilməsi idi. Yəni, məhbəs, İran qanunları ilə yanaşsaq, edam yerinə, psixi xəstəxa­na. 

Ümumən, ötən bir ayda İran media­sında Azərbaycana qarşı yumşaq desək, xoş olmayan münasibət ritorikasının ge­nişləndirilməsi fonunda ölkəmizin rəhbər­liyində təmsil olunanlara, digər nüfuzlu şəxslərə münasibətdə aşağılayıcı ifadələr dövriyyəyə buraxıldı ki, bu tendensiyanın fars molla rejimi tərəfindən idarə olundu­ğu heç kəsdə şübhə doğurmadı. 

Daha bir vacib məqam məlum terror aktı ilə Azərbaycan-İran münasibətlərinin kəskinləşməsi fonunda, ümumən, İrana qarşı beynəlxalq reaksiyanın güclənməsi­dir. Yada salaq ki, dünyanın bir çox ölkəsi terror aktını pislədi, şiddətlə qınadı, Teh­ranı ona layiqli cəza verməyə çağırdı. 

Müvafiq olaraq, İranın nüvə proqramı məsələsi, ölkənin atom silahı əldə etmək niyyətləri beynəlxalq ictimai rəydə başlıca mövzulardan birinə çevrildi. Hazırda belə təəssürat yaranır ki, əgər Rüsiya-Ukray­na müharibəsi olmasa, dünyanın Tehranı cəzalandırmaq üçün hərəkətə keçəcə­yi şübhəsizdir. Hərçənd, bunun Ukray­na böhranı qala-qala da reallaşmasının mümkünlüyünü bildirənlər var. 

Ötən bir ay İran daxilindəki dörd aya yaxındır davam edən kütləvi etirazların dinamikliyinə də təsir göstərdi. Əlbəttə, mütləq anlamda demək olmaz ki, ter­ror aktı bu dinamikliyi artırdı. Əksinə, ümumən, kütləvi etirazların nisbətən səngidiyini də söyləmək olar. Ancaq bu səngimə daha çox fırtına öncəsi səssizlik effekti yaratdı. Bu mənada İran “bombası­nın” hər an partlaya bilmə təsəvvürü möh­kəmlənməyə başladı və möhkəmlənib də.

Bəli, 27 yanvar terrorundan ötən bir ay göstərdi ki, İran hakimiyyəti Azərbay­can ilə münasibətlərində səmimi deyil. Tehran Bakıya münasibətdə özünün qısqanclıq ritorikasını da gücləndirmək­dədir. Bu baxışın Ermənistan ilə işbirliyi motivi yeni çalarlar əldə etdi. Təsadüfi deyil ki, İran hakimiyyəti İrəvanın Azər­baycan-Ermənistan sərhədinin öz tərə­finə Avropa İttifaqının, tərkibində alman polisi və fransız jandarmlarının da yer aldığı mülki missiyasını gətirməsini müs­bət qarşıladı, bütün gözləntilərin əksinə olaraq bunu öz maraqlarına təhdid kimi qiymətləndirmədi. İşğalçı və işğal niyyəti­ni gizlətməyən Ermənistanın maraqlarını belə müdafiə də ölkəmizin terror aktından sonrakı anti-İran ritorikasının başlıca ele­mentinə çevrildi. 

Azərbaycan bu gün də İrandan 27 yanvar terroruna layiqli siyasi qiymətin verilməsini tələb edir. Bu tələb, habelə, ölkəmizin beynəlxalq miqyaslı fəaliyyəti­nin də mühüm tərkib hissəsi olaraq diqqət çəkməkdədir. İranın terrorçu və terroru dəstəkləyən dövlət kimi tanınması Bakı­nın apardığı beynəlxalq fəaliyyətin mü­hüm tərkib hissəsinə çevrilməkdədir. Bu fəaliyyətin nəticə verəcəyi şübhəsizdir. 

Sonda bu qeydlərin əvvəlində Sabi­rin haqqında söz açdığı qeyrətsizliyə ad seçək. Beləcə, İran hakimiyyətindən göz­ləntimizi bədii-poetik çalarlarla ifadə edək. Elə bilirik, şair aşağıdakı sətirləri, sanki, günümüz üçün qələmə alıb. Qələmə alıb və İran üçün perspektiv müəyyənləşdirib – viran. Biz böyük sənətkarın söylədiklə­rinə “İnşallah” deyib, istəyimiz üçün dua­mızı edək. Xahiş edirik, şeri oxuyub bitir­dikdən sonra imzanı yüksək səslə deyin:

 

Kişidən istənilən işdir, iş,

Kim ki, iş yapdı, o zişan oldu!

De görək, şimdi müqəddəs vətənin

Hansı bir müşkülü asan oldu?

Ancaq iş gördü ləqəb “fabrikası”,

Bütün işlər ona qurban oldu.

İndi qandınsa işin əngəlini,

Demə İran niyə viran oldu?!

 

AMİN

Siyasət