İran Xankəndiyə göndərdiyi casuslar barədə niyə susur?

post-img

İrandan Qarabağa 14 nəfərlik heyətin gəlişi ilə bağlı məlumatlar hələ ötən ilin sonunda üzə çıxsa da, rəsmi Tehran bu gün də öz vətəndaşlarının Xankəndiyə qanunsuz səfəri haqqında Bakıya heç bir açıqlama verməyib. Halbuki, Azərbaycan tərəfi dəfələrlə İrandan bu məsələyə aydınlıq gətirməsini tələb edib, mövcud istiqamətdəki narahatlığını ortaya qoyub. Ancaq bütün bunlara baxmayaraq, rəsmi Tehran nümayişkəranə surətdə susmaqda, Azərbaycanın haqlı tələbini qulaqardına vurmaqdadır. Maraqlıdır, İranın Qarabağa ötürdüyü şəxslərlə bağlı susqunluğu hansı mətləblərdən xəbər verir? 

 

“Oğurluq üstündə” tutulan Tehran

 

İranın rəsmi Bakının tələbi ilə bağlı susqunluğunun başlıca səbəblərindən biri Tehranın “oğurluq üstündə” tutulması, bu səbəbdən də qəfil ifşadan çaşqınlıq hissi keçirməsidir. Ötən ilin noyabrında İran­dan Qarabağa gizli missiya ilə göndərilən şəxslərin sayı, hətta hansı avtomobillə gəldiklərinin belə Azərbaycan tərəfindən de-şifrə edilməsi, İran hakimiyyətində şok effekti yaradıb. 2022-ci il noyabrın 24-də İrandan gələn 14 nəfərlik heyətin Xankən­diyə keçməsi ilə bağlı Azəbaycan tərəfinin əldə etdiyi dəqiq informasiya Tehranı çə­tin vəziyyətə salıb. Odur ki, bu vəziyyətdə nə deyəcəyini, öz hərəkətinə necə bəraət qazandıracağını bilmir. İndiki məqamda susmaq Tehran üçün yeganə çıxış yolu kimi görünür. Baxmayaraq ki, Tehranın susqunluğu heç nəyi dəyişmir. Eyni za­manda, Azərbaycan tərəfinin narahatlığı­nın tamamilə haqlı olduğunu göstərir. Bu fakt sübut edir ki, Tehranın Xankəndiyə göndərdiyi missiya bilavasitə anti-Azər­baycan fəaliyyəti ilə məşğuldur və onla­ra verilən tapşırıq da bununla əlaqədar­dır. Bu səbəbdən də İran onların kimliyi, həmçinin, onlara həvalə edilən missiyanın mahiyyəti haqqında heç nə deyə bilmir və deməz də... 

 

Diplomatik etikadan kənar

 

İranın Azərbaycanın soğru və nara­hatlığına aydınlıq gətirməməsinin digər bir səbəbi Tehranın siyasi mədəniyyətdən, diplomatik əxlaqdan hər zamankı kimi uzaq olması ilə bağlıdır. Hansı ki, İranın diplomatik etikadan uzaqlığı faktı Tehran­dakı Azərbaycan səfirliyinə təşkil edilən hücumdan sonra da özünü aydın şəkildə göstərdi. İran Azərbaycan səfirliyinə təşkil edilən hücuma, səfirlik əməkdaşlarının, onların ailə üzvlərinin həyatını məqsədli şəkildə təhlükəyə atdığına görə nəinki üzr istəmədi, əksinə, baş verənlərə görə heç bir məsuliyyət daşımadığını bəyan etdi. 

İranın diplomatik etika və mədəniy­yətdən uzaq olması onun digər ölkələrlə münasibətində də özünü göstərməkdədir. Nümunə üçün qeyd edək ki, İran artıq xeyli vaxtdır ki, Rusiyaya çoxsaylı “Şəhid” dronları ixrac etsə də, Tehran bu gün də məlum faktı inkar edir. Halbuki, Rusiyanın İran dronlarından istifadə etməsi Ukrayna prezidentindən tutmuş, dünyanın aparıcı ölkələrinin dövlət başçıları, bitərəf hərbi ekspertlər tərəfindən də təsdiq olunub, bununla bağlı çoxsaylı video və foto fakt­lar nümayiş edilib. Ancaq bütün bunlara baxmayaraq, İran yenə inkarçılıq mövqe­yindən çıxış etməklə, dünyanı öz yalanla­rına inandırmağa çalışır.

Bu baxımdan İranın Xankəndiyə gön­dərdiyi casuslarla bağlı susqunluğunu da davam etdirir. Baş verənlər göstərir ki, etiraf mədəniyyəti, qonşu dövlətlərin sor­ğu və tələblərinə həssas münasibət İrana yaddır. 

 

Azərbaycanın dövlət sərhədlərinə hörmətsizlik faktı

 

Rəsmi Bakının icazəsi olmadan İran­dan Xankəndiyə hansısa missiyanın gön­dərilməsi, həm də Azərbaycanın ərazi bütövlüyünə, dövlət sərhədlərinə hörmət­sizlik faktı kimi dəyərləndirilməlidir. Çünki söhbət Azərbaycan torpaqlarına hansısa heyətin göndərilməsindən gedirsə, rəsmi Tehran buna görə öncə Azərbaycan döv­lətinin razılığını almalı, bunu rəsmi Bakı ilə razılaşdırmalı idi. Lakin İran tərəfi bu barədə nəinki Azərbaycan tərəfinə heç bir məlumat verməmiş, bunu bir sirr kimi saxlamağı daha məqsədəuyğun hesab etmişdir. Xankəndiyə göndərilən missiya ilə bağlı ölkəmizin məlumatlandırılmaması bu missiyanın anti-Azərbaycan xarakteri daşıdığını bir daha sübut edir. 

Bu fakt həm də onu göstərir ki, za­man-zaman ölkəmizə münasibətdə müxtəlif təxribatlara əl atan İran, dövləti­mizin ərazi bütövlüyünə, sərhədlərimizin toxunulmazlığına da əməl etmək istəmir. Azərbaycan torpaqlarına səfər üçün Er­mənistanın razılığına ehtiyac duyan İranın bu addımı onun beynəlxalq hüquq və kon­vensiyalara məhəl qoymadığını, regionda məqsədli şəkildə gərginlik və etimadsızlıq mühiti yaratdığını sübut edir.

 

Molla rejimi bölgədə sülhün yaranmasını istəmir

 

Molla rejiminin Xankəndiyə casuslar göndərməsi, baş verənlərin ifşasından sonra susqunluq sərgiləməsi onun bölgə­də sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğunu göstərir. Baş verənlər sübut edir ki, İran Azərbaycanla Ermənistan arasın­da sülh sazişinin imzalanmasında maraqlı deyil. Bu səbəbdən də Ermənistanın təx­ribatçı addımlarını dəstəkləməyə, onun bu təxribatlarına müxtəlif vasitələrlə təkan verməyə çalışır. Azərbaycan torpaqlarına casusların göndərilməsi İranın anti-Azər­baycan siyasətinin növbəti təzahürüdür.

Görünən odur ki, Tehran Azərbaycan­la bağlı təxribatçı planlarını Ermənistanın çətiri altında reallaşdırmağa çalışır. An­caq İran bilməlidir ki, Azərbaycanın malik olduğu qüdrətli ordu dövlətimizi hər cür təxribatdan qorumağa qadirdir. Ermənis­tan kimi İranın təxribatçı cəhdləri də hər zaman məğlubiyyət və uğursuzluqla nəti­cələnəcək, rəsmi Tehran gec-tez öz əməl­lərinə görə cavab verməli olacaq.

 

Seymur ƏLİYEV

Siyasət