“İransayağı həkimlik”

post-img

Dünən İrəvanda Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bu ölkədə səfərdə olan İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi ilə görüşüb. “News.am” saytı bu barədə məlumatı Ermənistanın sözügedən nazirliyinin rəsmisinə istinadən yayıb.

İranlı nazir qeyd edib ki, iki ölkə arasında son illər sıx və səmərəli əməkdaşlıq əlaqələri yaranıb. Seyid Sultan Mortazavi deyibdir: “Biz ölkələ­rimiz arasında sosial sferada əlaqələ­rin nizamlanasına böyük əhəmiyyət veririk. İran özünün potensialını və imkanlarını Qafqazda sülhün və sabit­liyin bərqərar olunmasına yönəltməyə hazırdır”. 

Xəbərdə sonra deyilir ki, rəsmi Tehranın siyasətinin prioritetlərindən biri qonşu dövlətlərlə, o cümlədən Er­mənistanla hərtərəfli əlaqələrin güc­ləndirilməsidir. İranlı nazir sonra bu sözləri xüsusi vurğulayıb: “Ölkəmiz 44 günlük müharibədə əlil olan ermə­nilərə yardım etməyə hazırdır”. 

İranlı nazir ölkəsinin ermənilərin qondarma “Sünik” adlandırdığı Zən­gəzurda da əməkdaşlığı genişləndir­məyə hazır olduğunu bildirib. İranın mövqeyi belədir ki, bu bölgədən bey­nəlxalq nəqliyyat dəhlizi kimi istifadə edilə bilməz. Bu, region dövlətləri və xalqlarının maraqlarına zidd olan ta­mamilə ədalətsiz yanaşmadır. 

Qeyd etmək lazımdır ki, İran nazi­rinin bu və digər məsələlərlə bağlı İrə­vana xüsusi “xeyirxahlıq jesti və jestlə­ri” göstərməsi diqqətimizdən kənarda qala bilməzdi. Axı, İran rəsmiləri hər zaman özlərini “müsəlmanların dostu” hesab edirlər. 

P.S. Necə olur ki, İran qonşu Azər­baycanın öz torpaqlarının azadlığı uğ­ruda döyüşən hərbçilərinin deyil, məhz xristian ermənilərin qayğısına qalmağı özünə borc bilir? 

Məlumdur ki, Tehran Ermənistanın otuz ilə yaxın suveren Azərbaycanın ərazisində işğalçı siyasət yürütdüyü­nün heç vaxt fərqinə varmayıb, amma xalqımızın böyük cəsarət və qətiyyətlə apardığı qırx dörd günlük şanlı savaş­da əlil olan ermənilərə həyan və arxa durmağa çalışır! 

“İransayağı müsəlman həmrəyliyi” budurmu? Təəssüf ki, İran real həyat­da bunun əksini nümayiş etdirir!

M.HACIXANLI, “Xalq qəzeti”

Siyasət