Akademik Feyzulla Qasımzadənin 125 illiyi qeyd edilib

post-img

AMEA-nın, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Feyzulla Qasımzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş “Akademik Mirzə Feyzulla Qasımzadə: iki zirvənin fatehi – alim və müəllim” mövzusunda tədbir keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda təşkil olunan tədbirdə dövlət və hökümət nümayəndələri, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatşünas alimlər, yazıçı və şairlər, eləcə də ədibin ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev açaraq görkəmli alimin mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycan xalqının zəngin ədəbiyyatı, incəsənəti, mədəniyyəti və tarixi ilə haqlı olaraq hər zaman fəxr etdiyini vurğulayıb. O, görkəmli ədiblərin yaradıcılıq yolunun gənc nəslə tanıdılması və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Ç. Abdullayev onun milli elmi kadrların hazırlanması, gənc nəslin yetişdirilməsi sahəsindəki xidmətlərindən bəhs edib. Bildirib ki, görkəmli alimin rəhbərliyi ilə 30 elmlər doktoru, 120-dən çox elmlər namizədi yetişdirilib.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatşünaslıq elminin yaradıcılarından olan akademik Feyzulla Qasımzadənin elmi-pedaqoji fəaliyyətindən danışıb, onun böyük bir elmi məktəb yaratdığını söyləyib. Xalq şairi bildirib ki, akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlər göstərib. O, Mirzə Fətəli Axundzadə və digər ədiblərimizin yaradıcılığı ilə bağlı ciddi tədqiqatlar aparıb.

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, Feyzulla Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biridir. Azərbaycan ədəbiyyatı tarixinin zəngin və məhsuldar bir mərhələsi olan XIX əsr dövrünün ilk və əsaslı tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır.

“XIX əsr Azərbaycan ədəbiyyatı tarixini Mirzə Feyzulla Qasımzadəsiz təsəvvür etmək qeyri–mümkündür. Alimin o dövrdə tədqiqatları olmasa idi, XIX əsrşünaslıq ədəbiyyatı da olmazdı”, - deyən akademik Nizami Cəfərov Feyzulla Qasımzadənin türk ədəbiyyatına, Osmanlı ədəbiyyatına, hətta aşıq ədəbiyyatına dərindən bələd olduğunu diqqətə çatdırıb. Bildirib ki, akademik Feyzulla Qasımzadənin namizədlik dissertasiyası Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı barədə olub və o, ədibin yaradıcılığını sistemli şəkildə dərindən araşdırıb.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli isə çıxışında Feyzulla Qasımzadənin klassik ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizdə müstəsna və özünəməxsus yer tutduğunu vurğulayıb. Bildirib ki, XIX əsrə aid əlyazmalar üzərində işləyən görkəmli alim həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.

Tədbirdə Xalq artisti Oqtay Mirqasımov, professor Himalay Qasımov, filologiya elmləri doktorları Təyyar Salamoğlu, Yeganə İsmayilova, dosentlər Sakibə Ələsgərova, Razi Məmmədov və başqaları akademik Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin araşdırılmasında və təbliğindəki müstəsna xidmətlərindən danışıblar.

Sonda alimin qızı, filologiya üzrə fəlsəfə doktoru Nigar Qasımzadə və nəvəsi biologiya elmləri doktoru Tubuxanım Qasımzadə akademik Feyzulla Qasımzadənin xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Anar ƏLİ

XQ

 



Elm