"AMEA-nın 80 illik yubileyində Azərbaycan Respublikası Prezidentinin çıxışı və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr" mövzusunda tədbir keçirilib

post-img

Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev 18 mart 2025-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb. O, ölkə başçısının yubiley tədbirində iştirak edərək proqram xarakterli çıxış etdiyini, bu çıxışın Azərbaycan elminin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bu haqda “Xalq” qəzetinə AMEA Naxçıvan Bölməsindən məlumat verilib.

Akademik qeyd edib ki, Prezidentin çıxışı elmin inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərini özündə birləşdirir və 19 mühüm istiqamət üzrə müəyyənləşdirilən məsələlər elmi ictimaiyyət üçün yol xəritəsi rolunu oynayır. O, bu istiqamətlərə — texnoloji inkişaf və Azərbaycan, təbii resurslardan səmərəli istifadə, süni intellekt, rəqəmsallaşma, hərbi sənaye, elmin praktik nəticələrinin artırılması, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin öyrənilməsi, elmin iqtisadiyyat və sənaye sahələrinə yönəldilməsi və digər aktual məsələlərin daxil olduğunu bildirib. 

İsmayıl Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında AMEA-nın fəaliyyətini yüksək qiymətləndirib, Akademiyanın ölkənin elmi, intellektual və texnoloji potensialının formalaşmasında mühüm rol oynadığını qeyd edib. Akademik əlavə edib ki, dövlət başçısının elmi ictimaiyyətlə bu səviyyədə birbaşa təması və elmin inkişafına dair proqram xarakterli fikirləri elm adamları üçün böyük stimul, AMEA-nın gələcək fəaliyyət istiqamətləri üçün isə ciddi istiqamətverici sənəd rolunu oynayır.

İsmayıl Hacıyev həmçinin bildirib ki, yubiley tədbirində çıxış edənlərin sırasında ölkənin tanınmış alimləri, ictimai xadimləri, eləcə də gənc tədqiqatçılar yer alıb. Prezident İlham Əliyevin həmin tədbirdə söylədiyi nitq həm dövlətçilik ənənələrinə, həm də elmin inkişafına həsr olunmuş dərin məzmunu ilə fərqlənib. Akademik qeyd edib ki, Prezidentin elmi fəaliyyətə, texnoloji tərəqqiyə və bilik əsaslı iqtisadiyyatın formalaşmasına yönəlmiş fikirləri AMEA-nın və onun bölmələrinin gələcək fəaliyyətində əsas istiqamət kimi qəbul olunmalıdır.

Daha sonra çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev bildirib ki, AMEA Naxçıvan Bölməsinin nümayəndələri Akademiyanın 80 illik yubiley tədbirində iştirak ediblər. O, yubileyin ən yaddaqalan hissəsinin Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı olduğunu vurğulayıb. Professor, Prezidentin dil və milli kimlik məsələsinə xüsusi önəm verdiyini qeyd edərək, dilin saflığının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Əbülfəz Quliyev Azərbaycan dilinin məişət səviyyəsinə endirilməsinin yolverilməz olduğunu vurğulayıb, dilin elmi, mədəni və ictimai həyatda aparıcı mövqeyinin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi və UNESCO tərəfindən 15 dekabrın “Türk Dili Ailəsi Günü” elan olunmasının milli kimliyimizin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev çıxışında Prezident İlham Əliyevin Azərbaycan dili və tarixi ilə bağlı səsləndirdiyi fikirlərin aktuallığını qeyd edib. O, Qərbi Azərbaycan və Qarabağ ərazilərində yerləşən tarixi abidələrin tədqiqinin, bu ərazilərə dair elmi əsərlərin yazılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vəli Baxşəliyev qayaüstü təsvirlərin türk xalqlarının qədim mədəni irsinin tərkib hissəsi olduğunu və bu istiqamətdə aparılacaq elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyət üçün də dəyərli nəticələr verəcəyini vurğulayıb. Alim əlavə edib ki, qayaüstü təsvirlərin heç də hamısı tunc dövrünə aid deyil, bu təsvirlər Neolit dövründən başlayaraq formalaşmağa başlamış və minilliklər boyu inkişaf etmişdir. Onun sözlərinə görə, bu təsvirlərin mifoloji mənalarının, etnoqrafik xüsusiyyətlərinin və folklorla müqayisəli təhlilinin göstərdiyi kimi, həmin abidələr Azərbaycan mədəni irsinin ayrılmaz tərkib hissəsidir.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva isə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin dövlətin elmə və alimlərə verdiyi yüksək dəyərin göstəricisi olduğunu bildirib. O, Prezidentin çıxışının elmi ictimaiyyət üçün bir növ çağırış xarakteri daşıdığını, elm və texnologiya sahəsində yeni mərhələnin əsasını qoyduğunu qeyd edib. Nuray Əliyeva süni intellekt, kiber təhlükəsizlik, rəqəmsallaşma və müasir elmi istiqamətlər barədə Prezidentin irəli sürdüyü fikirləri təhlil edərək, bu sahələrdə gənc nəslin yetişdirilməsinin zəruriliyini vurğulayıb.

Nuray Əliyeva elm adamları adından Prezident İlham Əliyevə öz dərin minnətdarlığını ifadə edərək, bu təltifin təkcə şəxsin fəaliyyətinə deyil, ümumilikdə AMEA Naxçıvan Bölməsinə göstərilən etimadın təcəssümü olduğunu vurğulayıb.

Sonra AMEA Naxçıvan Bölməsi Aparatının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov hazırlanmış tədbirlər planın layihəsini əməkdaşların diqqətinə çatdırıb və layihə müzakirə olunub, müəyyən əlavə dəyişikliklər olmaq şərtilə qəbul edilib.

Səbuhi HƏSƏNOV
XQ











Elm