Metansız atmosfer – sağlam mühitin baş yolu

post-img

Bakıda “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində “Metanla bağlı irəliləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs” adlı beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək bildirib ki, son 20 ildə metan emissiyaları atmosfer və ətraf mühitin çirklənməsinin ən güclü amillərindən biri olub və karbon qazını 80 dəfədən çox üstələyib. Dünya ölkələrinin 2030-cu ilə qədər istehsalat tullantısı kimi metan emissiyalarını 30-35 faiz azaltmaq üçün birləşdiklərini diqqətə çatdıran nazir müavininin sözlərinə görə, COP29 çərçivəsində metana həsr olunmuş ayrıca gün keçiriləcək. O, həmçinin qeyd edib ki, iqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir və ölkə bu istiqamətdə bütün səviyyələrdə fəaliyyət göstərir.

Ətraf Mühitin Mühafizəsi üzrə Fondun baş elmi işçisi, professor Stiven Hamburq çıxışında antropogen qlobal istiləşmənin, təxminən, 30 faizinə metanın səbəb olduğunu vurğulayaraq deyib ki, əgər metan emissiyalarını tez bir zamanda azalılmasa, dünya yaxın onilliklərdə daha ekoloji təmiz olacaq. Alimin sözlərinə görə, metanın atmosferdəki qalma müddəti nisbətən qısa olsa da, o, təbiətə böyük ziyan vurur və buna görə də onun emissiyalarının azaldılması CO2 emissiyalarının azaldılması qədər vacibdir: “İqlim üzrə islahatlar həyata keçirilməzsə və metan emissiyalarını azaltmaq üçün tədbirlər görülməzsə, nəticələri ağır olacaq. Hərəkətsizlik bəşəriyyətin yalnız 2100-cü ildə metan emissiyalarının məqbul göstəricilərinə çatmasına səbəb ola bilər, amma gecikmək yolverilməzdir, aktiv tədbirlər lazımdır”.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev isə çıxışında bildirib ki, təmsil etdiyi qurum metan emissiyalarını izləmək, məlumatları emal etmək və metan emissiyalarını azaltma prosesini idarə etmək üçün süni intellektdən daha çox yararlanmağı planlaşdırır. O, SOCAR-ın dekarbonizasiya prosesini optimallaşdırmaq üçün emissiyaların mütəmadi ölçmələrinin apardığını diqqətə çatdırıb: “Biz metan sızmalarını aşkar etmək üçün peyk şəkillərini araşdırırıq. Peşəkar şirkətləri cəlb edərək, yer səthində də ölçmə metodlarından istifadə etməyə başladıq. Onlarla birlikdə metan emissiyalarımızla mübarizəni optimallaşdırmağa kömək edəcək süni intellekt alətini inkişaf etdiririk”. Ə. İsaev SOCAR-ın 2023-cü ilin dekabrında dekarbonizasiya ilə bağlı beynəlxalq bəyannaməyə qoşulduğunu xatırladaraq bu prosesin mərhələli şəkildə həyata keçirilməsinin (2030, 2035 və 2050-ci illər) və 2050-ci ildə sıfır emissiyaya çatmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, metan emissiyalarının istixana effekti karbon qazından 28-30 dəfə daha güclüdür. Metan emissiyalarının əsas mənbələri isə neft-qaz və kənd təsərrüfatı sahələridir. Qarşıdan gələn COP29 zamanı Bakıda metan üzrə bəyannamə qəbul ediləcək. Bundan əlavə, Azərbaycan metan emissiyalarının azalması ilə bağlı sənədin qəbulunu təşəbbüs edib.

 

Ekologiya