əvvəli https://xalqqazeti.az/az/ekologiya/196381-ekoloji-felaketden-yasil-transformasiyaya-korpu
COP29-a yol haradan başlayır?
Dünyanın ən böyük istixana qazları emissiya edən ölkəsi Çin də getdikcə daha iddialı iqlim siyasətini qəbul edir. UNFCCC-nin 15-ci iqlim konfransında ilk dəfə olaraq “ekoloji sivilizasiya”nın qurulması planı elan edildi. Bu konsepsiya ətraf mühitin mühafizəsi və onun inkişaf məsələlərindən ayrılmazlığı ilə bağlı dəyərlər toplusunu ehtiva edirdi. 2018-ci ildə o, Çin Konstitusiyasına daxil edildi və milli inkişaf strategiyasının və “yeni dövrün” qurulmasının əsaslarından birinə çevrildi.
“Ekoloji sivilizasiya” konsepsiyasının məqsədləri bir çox cəhətdən “Dayanıqlı İnkişaf Məqsədləri”nə bənzəyir, lakin daha çox diqqət insan və təbiət arasındakı münasibətlərin harmoniyasına, habelə siyasi və mədəni amillərə yönəldilir. Bu DİM-də daha az dərəcədədir. Bundan əlavə, aşağı səviyyəli istixana qazlarının uzunmüddətli inkişafı strategiyası qəbul edilib və Çin bu strategiyaya əsasən 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir. Emissiyaların pik həddinin 2030-cu ilə qədər keçəcəyi gözlənilir. Bu tarixə qədər ÜDM vahidinə düşən CO2 emissiyaları 2005-ci il səviyyəsi ilə müqayisədə 65 faizdən çox azaldılmalı və ilkin enerji istehlakı 25 faiz qeyri-mədən enerjilərindən yaranmalıdır. 14-cü beşillikdə kömür istehlakı nəzarət altına alınacaq, 15-ci beşillikdə istehlak azalacaq.
Eyni zamanda, ölkə bərpaolunan enerji istehsalının həcmini artırmağa çalışır. Çin indiyə qədər bərpaolunan enerji sahəsində aparıcı investordur və 2030-cu ilə qədər günəş və külək qurğularının ümumi gücü 1,2 milyard kilovat-saata çatmalıdır. Torpaqdan istifadə sektoru da mühüm rol oynayır: 2030-cu ilə qədər meşə sahəsinin, təxminən, 6 milyard kvadratmetr artırılması planlaşdırılır. 2021-ci ildən Çin ümummilli emissiya ticarət sistemini də işə salıb.
Çinin “yaşıl” inkişaf sahəsində böyük səyləri iki əsas motivlə şərtlənir. Birincisi, ekoloji problemlər artıq kritik həddə çatıb və iqtisadi inkişafa ciddi maneəyə çevrilib. Bunlardan ən başlıcası isə ölkənin kömür generasiyasından asılılığı səbəbindən şəhərlərdə havanın çirklənməsidir. İkincisi, Çin dünyanın ən böyük aşağı karbon texnologiyaları istehsalçısıdır. Buna təkcə böyük investisiyalar deyil, həm də Çinin enerji keçidi üçün vacib olan materialların (40 faiz mis, 35 faizdən çox nikel, 60 faizdən çox kobalt, təxminən 60 faiz litium, 90 faiz nadir metallar) emalına nəzarət etməsi də kömək edir. Çin həmçinin dünyada bu materialların bəzilərinin, xüsusilə nadir metalların ən böyük ehtiyatlarına malikdir. Bu səbəbdən bir sıra digərləri ilə yanaşı, Çinin aşağı karbon texnologiyalarının inkişafında qlobal lider kimi rolu olduqca proqnozlaşdırılandır. Artıq 2021-ci ildə bütün yeni dəniz külək qurğularının 80 faizi, 2022-ci ildə isə dünyada ən çox yeni günəş panelləri Çində yerləşmişdi. Çin qələvi elektrolizatorları (dünyada ən çox yayılmış və “yaşıl” hidrogen istehsalı üçün zəruri olan) Qərbdə istehsal edilənlərdən 75 faiz ucuzdur. Bütün bunlardan aydın görünür ki, Çin iqlimə nəzarət tədbirlərinin miqyasına və ya ambisiyasına görə digər inkişaf etmiş iqtisadiyyatlardan heç də geri qalmır.
Beynəlxalq ekoloji tənzimləmədə qırılma xətləri
“Yaşıl” transformasiyanın özəlliyi ondan ibarətdir ki, o, bəşəriyyətin qlobal ekoloji problemlərinin həllinə kömək etməklə yanaşı, eyni zamanda, qarşıdurma amili kimi çıxış edir və bu da öz növbəsində onun effektivliyini azaldır. İqlim gündəminin yayılması səbəbindən böyüyən bir neçə əsas qırılma xətti müəyyən edilə bilər.
Ən bariz qırılma xətlərindən biri mədən yanacağı idxal və ixrac edən dövlətlər arasındadır. Birincilərin marağı qlobal enerji keçidini təşviq etməkdir. Sonuncular onu daha çox təhdid kimi görürlər və onu ləngitməyə çalışmasalar da, ancaq ön plana çıxmağa da tələsmirlər. İqtisadiyyatları əsasən mədən yanacaq ixracına arxalanan dövlətlər çox vaxt daha az iddialı iqlim hədəfləri və tədbirləri qəbul edirlər. Ona görə də Səudiyyə Ərəbistanının və ya Rusiyanın iqlim siyasətini ambisiya baxımından Avropa İttifaqı ilə müqayisə etmək çətindir. Həm ixracatçılar, həm də idxalçılar üçün iqlim dəyişikliyi təhlükəsizlik təhdididir. Bununla belə, təhlükəsizliyin hansı aspektinin prioritet olacağı əsaslı şəkildə fərqlidir. İxracatçılar iqtisadi təhlükəsizliyə üstünlük verir və ənənəvi enerji resurslarının ixracına əsaslanan mövcud iqtisadi modelin transformasiyası zərurətindən qorxurlar. Belə bir transformasiya sosial qeyri-sabitlik riskləri daşıyır, çünki mövcud model bu dövlətlərin bir çoxunda sosial müqavilənin əsasını təşkil edirdi.
Öz növbəsində, iqlim dəyişikliyi, mədən yanacağı ixrac edən ölkələr tərəfindən obyektiv olaraq real tanınsa da, sosial-iqtisadi sabitliyin prioritetlərin ziddinə getdiyi üçün, bu reallıq elə də ciddi təhlükə hesab edilmir. İdxalçılar, əksinə, iqlim dəyişikliyinin qlobal mahiyyəti və onunla mübarizədə birgə fəal səylərin göstərilməsinin zəruriliyi haqqında daha geniş kosmopolit fikirləri yaymağa meyillidirlər. Bu da bir çox inkişaf etmiş ölkələrdə qəbul edilən liberal ideologiyalarla eyni istiqamətdədir. Lakin onun həyata keçirilməsi idxaldan asılılığı azaltmaqla enerji təhlükəsizliyinin əldə olunmasına töhfə verməsəydi, bu diskurs çox güman ki, ilk növbədə, Avropa ölkələrində bu qədər geniş yayılmazdı. 2010-cu ildən o, həm də mədən yanacaqlarının ən böyük tədarükçüsü olan Rusiyaya qarşı ziddiyyətli xarici siyasət diskursunda səslənir.
Digər qırılma xətti karbon tutumlu məhsulların idxalı və ixracı ilə məşğul olan ölkələr arasındadır. Birinci qrupa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının – OECD-in əsasən inkişaf etmiş iqtisadiyyatları, ikinci qrupa BRICS ölkələri daxildir. Onlardan dördü (Çin, Rusiya, Hindistan və Cənubi Afrika Respublikası) ixrac olunan məhsulların istehsalı üçün tələb olunan emissiyaların həcminə görə ilk dörd yeri tutur. Bu vəziyyət əsasən son üç onillikdə dünyada formalaşmış beynəlxalq “əmək bölgüsü”nün nəticəsidir. İnkişaf etmiş ölkələr xidmət sektorunda ixtisaslaşır, əsas sənayelər (xüsusilə çirkli olanlar) daha çox təbii ehtiyatların və yaxud daha ucuz işçi qüvvəsinin və ya daha az ekoloji tələblərin olduğu qabaqcıl inkişaf etməkdə olan ölkələrdə yerləşir. Qərb ölkələrində emissiyaların müsbət dinamikası qismən özlərinin karbon tutumlu istehsalını BRİCS ölkələrindən müvafiq məhsulların idxalı ilə əvəz etməsi ilə izah olunur. Bu səbəbdən burada da emissiyalar artır. Emissiyaları coğrafiyaya görə hesablamağa diqqət yetirən beynəlxalq iqlim rejimi bu əlaqələrə məhəl qoymur. Eyni şey öz tullantılarını aradan qaldırmağa çalışan, lakin bu istehlak idxal hesabına təmin olunarsa, karbon tutumlu məhsulların istehlakını azaltmaq niyyətində olmayan Qərb ölkələrində də baş verir.
Avropa İttifaqı tərəfindən sərhəd karbon tənzimlənməsi mexanizmi şəklində yaradılmış sərhəd karbon maneələri qismən bu problemin həllinə yönəlib. Bu cür alətlər, bir tərəfdən, ixracatçılarına karbon izlərini azaltmaq üçün stimul yaradır, digər tərəfdən, idxalçılar üçün karbon tutumlu məhsulların bahalaşmasına səbəb olur, onları idxalı məhdudlaşdırmağa məcbur edir. Eyni zamanda, Avropa İttifaqı CBAM-ın (Karbon sərhədlərinin tənzimlənməsi mexanizmi) köməyi ilə “karbon sızmasından” – ən çox karbon tutumlu sənayelərin daha yumşaq iqlim tənzimlənməsi olan dövlətlərə köçürülməsindən müdafiə sistemi qurur. Sərhəd karbon maneələri ideyasının iqtisadi məntiq olsa da, onun praktiki həyata keçirilməsində bir çox problemlər var. Bir tərəfdən, iqlim dəyişikliyi ilə mübarizə və proteksionizm arasında sərhəd çəkmək çətindir, digər tərəfdən, ümumi rifahı təmin etmək üçün mahiyyətcə qarşıdurma alətlərindən istifadə etmək şübhəli yanaşmadır. Qlobal problemlər qlobal həllər tələb edir, onların tapılması ayrı-ayrı ölkələrin və blokların qoruyucu tədbirləri ilə asanlaşdırıla bilməz.
(ardı var)
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ