Ekoloji fəlakətdən “yaşıl” transformasiyaya körpü

post-img

COP29-a yol haradan başlayır?

(əvvəli https://xalqqazeti.az/az/ekologiya/196248-ekoloji-felaketden-yasil-transformasiyaya-korpu)

2015-ci il dekabrın 12-də konsensus yolu ilə qəbul edilmiş, lakin 5 ay sonra, 2016-cı il aprelin 22-də imzalanmış Paris sazişi isə universal xarakter aldı: dünyanın, demək olar ki, bütün ölkələri ona qoşuldular. Bu isə, əsasən, sənəddə emissiyaların azaldılması ilə bağlı öhdəliklərin olmaması səbəbindən reallaşdı.

Hüquqi cəhətdən məcburi olan yeganə məsələ milli səviyyədə müəyyənləşdirilmiş daxili iqlim siyasəti tədbirləri sayəsində verilən töhfələrin şəffaflıq şəraitində UNFCCC Katibliyinə təqdim edilməsi zərurəti idi. Buna baxmayaraq, hazırkı vaxta qədər qeydə alınmış töhfələrin faktiki miqdarının Paris Sazişinin temperatur hədəfinə çatmaq üçün kifayət etməməsi ehtimalı çox yüksəkdir. Bununla belə zaman keçdikcə töhfələrin getdikcə daha iddialı olacağı və nəticədə fəlakətli iqlim dəyişikliyinin qarşısını almaq üçün lazımi səviyyəyə çatacağı gözlənilir.

Paris Sazişi bütün əsas tərəflər arasında bir kompromis idi. Məhz bunun sayəsində aşağı karbonlu gələcəyə doğru irəliləmənin zəruriliyi ilə bağlı dünya ictimaiyyətinin konsensusunu qeydə almaq mümkün oldu. Bir çox aşağı səviyyədə olan aktorlar (təkcə dövlətlər deyil, həm də regionlar, bələdiyyələr, şirkətlər, banklar və investisiya fondları) üçün bu, özlərini gələcək aşağı karbonlu landşafta hazırlamaq, orada məxsusi rəqabət üstünlüklərini qeydə almaq üçün qabaqlayıcı siqnal idi.

Eyni zamanda, Paris Sazişi iqlim maliyyəsi lobbiçiliyi yolunda güclü rıçaqlar alan yoxsul ölkələrə yardım göstərmək üçün institusional çərçivəyə çevrildi. Qlobal iqlim yürüşündə hadisələri qabaqlamağa cəhd etməyən inkişaf etmiş ölkələrə (məsələn, ABŞ, Çin, Hindistan və xüsusilə karbohidrogen ixrac edən dövlətlərə) Paris Sazişi ağır öhdəliklər qoymur və emissiyaların azaldılması ilə iqtisadi inkişaf arasında tarazlıq yaratmaqdan ötrü karbonsuzlaşdırmaq məqsədilə nə vaxt və hansı alətlərin köməyindən istifadə etməyə qərar vermək üçün kifayət qədər çeviklik saxlayırdı.

Elə həmin 2015-ci ildə “dayanıqlı inkişaf” konsepsiyası ilə bağlı daha geniş spektrli vəzifələri həyata keçirmək üçün hərəkatın yenidən formatlaşdırılması baş verdi. 2015-ci il üçün müəyyənləşdirilmiş Minilliyin İnkişaf Məqsədlərinin yerinə BMT Baş Assambleyası Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etdi. Bu 17 məqsəddə bəşəriyyətin yoxsulluğunun və aclığının aradan qaldırılması, ölkədaxili və ölkələrarası gender bərabərsizliyi, eləcə də insan hüquqlarının, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəliklər əksini tapırdı. Sənəddəki məqsədlər iqtisadi, sosial və ekoloji məsələləri davamlı inkişafa nail olmağa yönəldirdi. Hər bir məqsəd üçün 2030-cu ilə qədər onun həyata keçirilməsində irəliləyişin izlənilə biləcəyi, Dayanıqlı İnkişaf Məqsədlərinin tam icra ili olan bir sıra göstəricilər tərtib edildi.

***

Bu gün Avropa İttifaqı qlobal ekoloji və iqlim gündəminin pionerinə çevrilir. Bütün aparıcı ölkələrlə müqayisədə ekoloji problemləri öz strategiyalarının və hətta öz ideologiyalarının mərkəzinə ən aydın şəkildə yerləşdirən Avropa ölkələridir. Bu, ən bariz şəkildə özünü, təkcə “yaşıl” inkişafa deyil, həm də bu məqsədlə bütün Avropa iqtisadiyyatının restrukturizasiyasını nəzərdə tutan 2019-cu ildə qəbul edilmiş “Yaşıl kurs” tədbirlər paketində nümayiş etdirir. “Yaşıl kurs”un əsas istiqamətləri qanunvericilik səviyyəsində 2021-ci ildə qəbul edilmiş, 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq, həmçinin 1990-cı ilə nisbətən 2030-cu ilə qədər istixana qaz emissiyalarının 55 faiz azaldılması hədəflərini müəyyənləşdirən İqlim haqqında Qanunda təsbit olunub.

Bu məqsədə nail olmağın əsas vasitələrindən biri 2005-ci ildən qüvvədə olan emissiyalarla ticarətin Avropa sistemi çərçivəsində müəyyənləşdirilən karbon qiymətidir. 2022-ci ilə qədər artıq emissiyaların hər tonu üçün qiymət 80-90 avroya çatmışdı. Qanun, həmçinin 2040-cı ilə qədər gələcək hədəflərin uyğunlaşdırılmasını və 2050-ci ildən sonra mənfi karbon izinə keçidi nəzərdə tutur.

İqlim haqqında Qanunun müddəalarını həyata keçirmək üçün 13 sahəni əhatə edən “Fit for 55” tədbirlər paketi hazırlanmışdır ki, Avropa İttifaqı bu çərçivədə iqlim ambisiyalarını gücləndirməlidir. Bu tədbirlər bərpaolunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi, emissiya ticarəti sistemi vasitəsilə tullantıların azaldılması və üzv ölkələr arasında səylərin bölüşdürülməsi, enerji sektorunda vergiqoyma, binaların enerji səmərəliliyi, torpaqdan istifadə, torpaqdan istifadənin dəyişdirilməsi və meşə təsərrüfatı, nəqliyyat sektorları (dənizçilik, quru və hava nəqliyyatı) kimi sahələri əhatə edir. Bundan əlavə, 2023-cü ilin oktyabr ayından etibarən karbon sərhədinin tənzimlənməsi mexanizmi qüvvəyə mindi ki, bu da idxal olunan məhsullara karbon qiymətini səmərəli şəkildə tətbiq edir. Beləliklə, bu yolla Avropa istehsalçıları karbon qiymətləri olmayan ölkələrin şirkətlərinin “ədalətsiz” rəqabətindən qorunur.

2022-ci ildə bərpaolunan enerji mənbələri, habelə enerji səmərəliliyinə dair mövcud hədəfləri əhəmiyyətli dərəcədə sərtləşdirməyə yönəlmiş iddialı “REPowerEU” planı təklif edildi. 2023-cü ildə (əsasən Amerikanın “yaşıl” sənaye siyasəti təşəbbüslərinə cavab olaraq) “Yaşıl kursun sənaye planı” təqdim olundu ki, bu da sənayedə karbon neytrallığına nail olmağa, enerji keçidi üçün maliyyə resurslarını və digər stimulları səfərbər etməyə, onun üçün kritik materiallara davamlı çıxışı gerçəkləşdirməyə, elektrik enerjisi bazarında islahatlar aparmağa, nəhayət, “yaşıl” keçid sahəsində tənzimləmələri sadələşdirməyə kömək etməlidir.

Beləliklə, Avropanın iqlim siyasətində iqlim həyəcanı bilavasitə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji idxalından, xüsusən də Rusiyadan asılılığın azaldılması hədəfləri ilə əlaqələndirilmişdir. Bundan əlavə, iqlim diplomatiyasının intensivləşdirilməsi çərçivəsində Avropa İttifaqı iqlim siyasətində lider dövlətləri birləşdirən unikal format olan “İqlim klubu” ideyasını fəal şəkildə irəli sürür. “İqlim klubu”nun təşkili üçün əsas platforma “Yeddilər qrupu”dur. Lakin bununla yanaşı, Avropa İttifaqı inkişaf etməkdə olan ölkələrdə istixana qazlarının emissiyalarının azaldılmasına və bu təşkilatla ümumi “yaşıl” dəyərlərin yayılmasına, həmçinin Avropanın “yaşıl” texnologiyalarını təşviq etməyə yönələn aşağı karbonlu inkişafın maliyyələşdirilməsi üzrə fəaliyyətini də artırır.

Avropa İttifaqından fərqli olaraq, ABŞ-də iqlim siyasəti daha dəyişkəndir və əsasən, ölkə prezidentinin partiya mənsubiyyətindən asılıdır: məsələn, Respublikaçılar Partiyası iqlim dəyişikliyinə və onunla mübarizənin yüksək xərclərinə şübhə ilə yanaşır, eyni zamanda, güclü neft və qaz lobbisini təşviq edir. Demokratlar isə iqlim gündəmini paylaşdıqları liberal dəyərlərin geniş dairəsinə daxil edirlər. D.Trampın respublikaçı administrasiyası dövründə ABŞ Paris Sazişində iştirakını dayandırdı və ənənəvi enerji sektorunun inkişafı qarşısındakı bir çox maneələri aradan qaldırdı. Məsələn, Barak Obama dövründə bağlanan Keystone neft kəmərinin genişləndirilməsinə icazə verildi, onun ətrafında ekoloqlar və mühafizəkarlar – iqlim skeptikləri arasında mübarizə gedirdi.

Demokrat prezident Co Bayden də, öz növbəsində, iqlim dəyişikliyi problemlərini və bu sahədə ABŞ-nın qlobal liderliyinin bərpası zərurətini özünün xarici siyasət prioritetlərindən biri bəyan etmişdi. Hətta onun idarəçiliyində 25-dən çox nazirlik və idarənin nümayəndələrini birləşdirən Milli İqlim İşçi Qrupu yaradılıb ki, bu da planlaşdırılan iqlimə nəzarət tədbirlərinin hərtərəfli olduğunu nümayiş etdirir.

Prezidentin İqlim Məsələləri üzrə Xüsusi Nümayəndəsi ilk dəfə olaraq ABŞ-ın xarici siyasət qərarlarının qəbulu sistemində əsas institut olan Milli Təhlükəsizlik Şurasına (məsləhətçi orqan statusuna baxmayaraq) daxil edilib. C. Baydenin dövründə Birləşmiş Ştatlar 2005-ci ilə nisbətən 2030-cu ilə qədər istixana qazı emissiyalarını 50-52 faiz azaltmaq, 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq, 2035-ci ilə qədər elektrik enerjisi sektorunu karbondan təmizləmək, iqlim və təmiz enerjiyə yatırılan dövlət investisiyalarından əldə edilən mənfəətin 40 faizini enerji qiymətlərinin yüksəlməsindən ağır zərbə ala biləcək aşağı gəlirli icmalara yönəltmək kimi məqsədlər müəyyən edib.

İki əsas qanunvericilik tədbiri – “Antiinflyasiya qanunu” və “İnfrastruktur İnvestisiyaları və İş yerləri Qanunu” bu məqsədlərə nail olmağa yönəldilib. Birincisi, təmiz texnologiyalara keçidi təşviq edir: “çirkli” yanacaq və qurğuların istifadəsi üçün əlavə ödənişlər əvəzinə, aşağı karbonlu həllərə keçid zamanı istehlakçılara qənaət təklif olunur. Məsələn, evin damında günəş panellərinin quraşdırılması, elektrik avtomobilinin alınması, məişət cihazlarının enerji səmərəliliyinin artırılması və s.

Bu tədbirlər getdikcə daha bahalı olan mədən yanacaqların istehlakını azaltmağa kömək edəcək, qanunun icrası, eyni zamanda, inflyasiya ilə mübarizəni, yeni iş yerlərinin yaradılmasını və istixana qazı emissiyalarının azaldılmasını nəzərdə tutur. Ümumilikdə, karbonsuzlaşdırmaya 391 milyard dollar yönəldiləcək. İnfrastruktura İnvestisiyalar və İş yerləri Qanunu da iqlim problemlərini önə çəkir və elektrik şəbəkələrini yeniləmək, ictimai nəqliyyatı inkişaf etdirmək, karbonsuz, o cümlədən elektrik avtomobillərinin enerji doldurma stansiyalarının şəbəkələrini genişləndirmək və digər tədbirlər üçün ABŞ-də görünməmiş maliyyə vəsaitləri yönəldir.

Bütün bunlara baxmayaraq, ABŞ-də karbon qiymətinin tətbiqi ilə bağlı istixana qazlarının emissiyalarını tənzimləmək üçün Avropa İttifaqında istifadə olunan mexanizmləri tətbiq etmək çətindir. Ətraf Mühitin Mühafizəsi Agentliyi fiskal mexanizmlər vasitəsilə ümummilli iqlim siyasətini həyata keçirə bilməz. Məhz buna görə ABŞ-də hələ də ölkə miqyasında karbon qiymətləri sistemi yoxdur və emissiyaların ticarəti sistemi yalnız bir neçə ştatda – Kaliforniya, Vaşinqton və ölkənin şimal-şərq əyalətlərində işə salınıb.

(ardı var)

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Ekologiya