əvvəli https://xalqqazeti.az/az/ekologiya/196038-ekoloji-felaketden-yasil-transformasiyaya-korpu
COP29-a yol haradan başlayır?
Ekoloji problemlər, iqlim dəyişiklikləri nə dövlət sərhədlərinin olduğu yerdə başlanır, nə də orada bitir, ona görə də bütün beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan onların həlli əsla mümkün deyil. Bu cür birgə səylərin tarixini 1972-ci ildə, Stokholmda BMT-nin İnsan Ətraf Mühit Konfransının keçirildiyi vaxtdan başlamaq olar.
Bu konfransın yekununda imzalanmış Stokholm Bəyannaməsi beynəlxalq ekoloji hüququn və ətraf mühitin tənzimlənməsinin əsaslarını qoydu. Konfrans iştirakçıları qəbul etdikləri ətraf mühitə dair 26 prinsipdə və 109 tövsiyədə ekologiyanın planetə təsirini nəzərə alaraq, gələcək inkişafın təmin edilməsi, təbiətə və onun qorunmasına görə məsuliyyət daşımağın zəruriliyini qeyd etdilər. Sənəddə ətraf mühitin yaxşı vəziyyəti təkcə məsuliyyət kimi deyil, həm də əsas insan hüququ kimi tanınırdı. Maraqlıdır ki, konfransın nəticəsi olaraq yaradılmış BMT-nin Ətraf Mühit Proqramının qərargahı, bütün beynəlxalq təşkilatlardan fərqli olaraq ilk dəfə idi ki, qlobal Cənub ölkəsində – hələ də onlar arasında yeganə olan (UNRWA-nın yerləşdiyi İordaniya istisna olmaqla) Keniyada yerləşirdi. İndi də bu ölkə bütün BMT sistemində eyni vaxtda iki təşkilata evsahibliyi edir.
Artıq Stokholm Bəyannaməsində ilk dəfə olaraq iqtisadi artımla ətraf mühitin mühafizəsi arasında əsaslı ziddiyyət qeyd olunurdu: vurğulanırdı ki, nə inkişaf etmiş, nə də inkişaf etməkdə olan dövlətlərin ekoloji siyasəti onların sosial-iqtisadi inkişafına mənfi təsir göstərməlidir. Stokholmda olduğu kimi, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı bir çox sonrakı beynəlxalq danışıqlarda da, dövlətlər qısamüddətli itkilərin qaçılmazlığı və bütün bəşəriyyət üçün uzunmüddətli fayda vədləri haqqında arqumentləri necə uzlaşdırmaq barədə konsensusa gələ bilmədilər. Bu daha çox ondan irəli gəlirdi ki, dövlətlər bu məsələdə elmi əsaslandırmalara inanmırdılar.
***
İqlim dəyişiklikləri problemləri bəşəriyyəti ekoloji problemlərdən, təxminən, 20 il sonra ciddi şəkildə narahat etməyə başladı. Beynəlxalq iqlim rejiminin əsasları öz təməlini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UN FCCC) qəbul edildiyi 1992-ci ildən götürür. Sənəd Rio-de-Janeyroda keçirilən “Yer Sammitində” - SSRİ-nin dağılmasından sonra ilk böyük ekoloji forumda qəbul edilib. Bu sammitdə ilk dəfə olaraq, ölkələrdən oxşar metodologiya ilə hesablanmış istixana qazları emissiyaları barədə mütəmadi olaraq hesabat vermələri tələb olunurdu.
İqlim Dəyişmələri haqqında Çərçivə Sazişinə inkişaf etməkdə olan ölkələrin dəstəyini təmin etmək üçün istixana qazları emissiyalarının məcburi azaldılması ilə bağlı müddəaların daxil edilməməsinə baxmayaraq, 1990-cı illərin əvvəllərində bir çox inkişaf etmiş iqtisadiyyatlar, o cümlədən, Avropa ölkələri, Avstraliya, Yeni Zelandiya və Yaponiya bu sahədə ilk könüllü öhdəlikləri qəbul etdilər. Lakin UN FCCC-nin I Əlavəsinə daxil olan inkişaf etmiş sənaye ölkələri istixana qazları emissiyalarını azaltmaq üçün addımlar atmağı öhdələrinə götürsələr də, heç bir xüsusi kəmiyyət hədəfləri müəyyən edilmədi.
Konvensiyaya qədər və onun müddətində aparılan iqlim dəyişikliyi danışıqları beynəlxalq ictimaiyyəti parçaladı. Tədricən dövlətlər enerji artıqlığı/enerji çatışmazlığı və mədən yanacaqlardan ixrac/idxal asılılığı prinsipinə görə qruplaşmadan çox fərqli maraqları olan az və ya çox güclü alyansların yaradılmasına keçdilər.
Bu alyanslara iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin qalxmasının nəticələrindən digərlərindən daha çox əziyyət çəkən kiçik ada və inkişaf etməkdə olan dövlətlərdən (SIDS) tutmuş, əsasən qlobal emissiyaların istixana qazlarının tənzimlənməsi üçün Avropa İttifaqından daha yumşaq variant təklif etməklə, ümumi maraqları kifayət qədər fərqli bir “çətir” qrupuna (Rusiya, Yaponiya, ABŞ, İsveçrə, Kanada, Avstraliya, Norveç, Yeni Zelandiya və Ukrayna) daxil olan dövlətlər konsolidasiya etdilər.
Yalnız 1997-ci ildə qəbul edilmiş UN FCCC-nin Kioto Protokolu bu qrup ölkələrin mövqeləri arasında kompromis yarada bildi. Bir tərəfdən, o, ilk dəfə olaraq istixana qazlarının emissiyalarını azaltmaq üçün beynəlxalq kəmiyyət öhdəlikləri qoydu, digər tərəfdən, bu öhdəliklər yalnız inkişaf etmiş ölkələri əhatə edirdi, nisbətən yumşaq idi və o ölkələrdən heç bir ciddi səy tələb etmirdi. Onilliklər sonra istixana qazlarının əsas emitentlərinə çevrilən inkişaf etməkdə olan ölkələrin sürətli böyüməsini nəzərə alan Kioto Protokolu bu mübarizədə ilk mühüm addım olsa da, hazırda o, iqlim dəyişikliyi ilə mübarizə üçün məqbul olmayan son dərəcə zəif saziş kimi qəbul edilir.
“Yer Sammiti” təkcə UN FCCC-nin qəbulu ilə deyil, həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin gündəliyində daha aydın görünən boşluqlarla diqqət çəkdi. Birincilər diqqəti iqlim dəyişikliyinə, meşələrin qırılmasına, turşulu yağışlarına və digər ekoloji problemlərə yönəltməyə çalışsalar da, sonuncular bu problemləri bərabərsizlik məsələləri ilə əlaqələndirmədən həll olunmayacağında davamlı təkid edirdilər. Nəticədə, bu fərqləri uzlaşdırmaq və davamlı inkişaf paradiqmasının əsaslarını möhkəmləndirmək üçün Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsi, həmçinin “XXI əsrin gündəliyi” qəbul olundu. Yəni, müasir ekoloji və iqlim siyasətinin bir çox əsas prinsiplərinin yekun hüquqi rəsmiləşdirilməsinə, o cümlədən: ehtiyatlılıq; ümumi, diferensiallaşdırılmış məsuliyyət; “çirkləndirən ödəyir” prinsiplərinin qəbuluna nail olundu.
2010 – 2020-ci illərin əvvəlləri: dünya iqtisadiyyatının “yaşıl” transformasiyasını sürətləndirmək
2010-cu illərdə ekoloji məsələlərə maraq kəskin artmağa başladı. Ətraf mühit məsələləri milli və beynəlxalq gündəmdə aparıcı yer tutaraq daha geniş ictimai diskursun və siyasi rəqabətin mühüm hissəsinə çevrildi. 2008-2009-cu illərin iqtisadi böhranından sonra ekoloji problemlərin siyasi səhnədə ön plana çıxması bir sıra amillərlə şərtlənirdi:
• ekoloji problemlər haqqında biliklərin artması, onlardan yarana biləcək potensial zərərlər barədə düşüncənin inkişaf etməsi və nəticədə əhalinin getdikcə daha böyük bir hissəsində bu problemlərlə bağlı narahatlığın yaranması;
• Minilliyin İnkişaf Məqsədləri və ya Kioto Protokolu kimi köhnəlmiş paradiqmalardan və institusional mexanizmlərdən istifadə etməklə, dərinləşməkdə olan qlobal problemlərin (o cümlədən ekoloji problemlərin) həllinin mümkünsüzlüyünün dərk edilməsi;
• iri biznesin strategiyalarında “yaşıl” texnologiyaların və idarəetmə təcrübələrinin tətbiqinin və onlardan faydalanmaq imkanlarının dərk edilməsi;
• 2008–2009-cu illər böhranından sonra Qərb ölkələrinin daxili siyasətlərində “sola dönüş”, neoliberal kapitalizmin böhranı fonunda yeni inkişaf modelləri hazırlamaq cəhdi.
Məhz bu illərdə dünyada iqlim dəyişikliyi ən mühüm ekoloji problem kimi önə çıxdı. Yer kürəsində temperaturun yüksəlməsi nəinki davam etdi, əksinə, daha da sürətləndi. Beləliklə, meteoroloji müşahidələr tarixində hər 8 il əvvəlkindən daha isti oldu. Kioto Protokolu istixana qazları emissiyalarında lazımi azalmaya nail ola bilmədi. 2009-cu ildə Kopenhagendə onu əvəz etmək üçün daha iddialı saziş hazırlamaq cəhdi fiaskoya uğradı. Nəticədə, altı illik davamlı danışıqlardan sonra dövlətlər “əvvəlki dövrlərlə müqayisədə qlobal orta temperatur göstəricisinin artımını 2°C-dən xeyli aşağı saxlamaq” məqsədi ilə yeni beynəlxalq iqlim sazişi bağlamağa nail oldular və eyni zamanda, sənayeləşmə epoxasına qədər olan dövrlə müqayisədə temperatur artımını 1,5°C-yə qədər məhdudlaşdırmaq üçün səy göstərməyə” razılaşdılar. Amma istəklərlə reallıq arasında məsafə heç də elə qısa deyildi...
(ardı var)
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ