Ekoloji fəlakətdən “yaşıl” transformasiyaya körpü

post-img

COP29-a yol haradan başlayır?

20 ilə yaxındır ki, “yaşıl” inkişafa keçid qlobal iqtisadiyyatda və beynəlxalq münasibətlərdə əsas tendensiyalardan biri kimi diqqət çəkir. Bu, səbəbsiz deyil. Ekoloji problemlər iqtisadi və siyasi çətinliklərlə elə sıx bağlıdır ki, onların həllinin səmərəli yollarının tapılması və həyata keçirilməsi hər bir aparıcı dövlətin inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. 2022-ci ildə başlayan müasir dünya nizamının böhranı, bəzi ehtimalların əksinə olaraq, “yaşıl” gündəmi heç də arxa plana keçirməyəcək. Əksinə, dünyanın əksər nöqtələrində bu, yeni güclü impuls yaradacaq.

Unutmaq olamaz ki, qlobal iqtisadiyyatın və siyasətin “yaşıl” transformasiyası qeyri-bərabər şəkildə baş verir. Mahiyyətcə qlobal problemlərin həlli kifayət qədər beynəlxalq koordinasiya olmadan baş verir və müxtəlif qrup ölkələr arasında köhnənin güclənməsi və yeni ziddiyyətlərin yaranması ilə müşayiət olunur. Bu ziddiyyətlər həll edilmədən “yaşıl” transformasiyanın sürəti beynəlxalq münasibətlərin bir çox aspektlərində – təhlükəsizlik, qarşılıqlı asılılığın xarakteri, ticarət, investisiya axını və sair sahələrdə əsaslı dəyişikliklər üçün kifayət edəcək, lakin yığılmış ekoloji problemlərin həlli üçün yetərli olmayacaq.

Bəşəriyyət niyə narahatdır?

“Yaşıl” transformasiyanı zərurətə çevirən ekoloji problemlər çoxşaxəlidir, Yer kürəsinin bütün əhalisinə az və ya çox dərəcədə təsir göstərir. Hava, su və torpağın çirklənməsi planetin, demək olar ki, bütün yerlərində baş verir. Bu həm ekosistemlərə, həm də insan sağlamlığına və həyat keyfiyyətinə ciddi zərər verir. Dünyada hər altı ölümdən biri çirklənmədən qaynaqlanır. Təkcə havanın çirklənməsi hər il 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. Bundan əlavə, planetin plastik çirklənməsi də sürətlə artır. Belə ki, əgər 1950-ci ildə dünyada ildə 2 milyon ton plastik məhsul istehsal olunurdusa, 2019-cu ildə bu rəqəm 460 milyona çatıb ki, onun da yarıdan çoxu istifadə edildikdən sonra təkrar emal olunmadan və yandırılmadan atılır.

Biomüxtəlifliyin yoxa çıxması problemi də güclənir. Təkcə onu qeyd etmək kifayətdir ki, planetdə vəhşi heyvan növlərinin populyasiyalarının sayı 1970-ci ildən 2022-ci ilə qədər orta hesabla 69 faiz, Latın Amerikasında 2018-ci ilə qədər 94 faiz, Afrikada isə 2017-ci ilə qədər 66 faiz azalıb. Xüsusilə Afrika və Cənubi Amerikada meşələrin qırılması, azalan sürətlə də olsa, davam edir. Hər il dünya 4,7 milyon hektar meşəni itirir. Dünyadakı bütün CO2-nin dörddə birini udan Amazon meşələri yüksək sürətlə kəsilir. Bu səbəbdən də 1990-cı ildən onların CO2-ni udma həcmi 30 faiz azalıb. Nəhayət, dünyada hər il istehlak üçün nəzərdə tutulan məhsulun14 faizi və hazır məhsulun 17 faizi itkiyə məruz qalır. Dünyada 800 milyondan çox insanın aclıqdan əziyyət çəkdiyi bir vaxtda bu itki 1 milyard 260 milyon insanın qidalanması üçün kifayət edərdi. Bütün bunlar isə bəşəriyyətin gələcəyini təhdid edən böyük ekoloji problemlərdən yalnız bir neçəsidir və iqlim dəyişikliyi bu problemləri daha da dərinləşdirir.

Bu günə qədər qlobal səthin orta temperaturu sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1,1°C artıb. Bunun əsas səbəbi atmosferə atılan istixana qazlarıdır. Hazırda şahidi olduğumuz iqlim dəyişiklikləri miqyasına görə misli görünməmiş hal alıb və bəzi nəticələrin geri dönməsi əsla mümkün deyil. Yağıntıların planet üzrə paylanması dəyişdiyindən su çatışmazlığı artır, dünya okeanının səviyyəsi yüksəlir, əsrlərlə yaşı olan buzlaqlar əriyir. Hazırda dünyanın bir çox yerlərində baza resursları uğrunda münaqişələr artmağa doğru gedir.

Belə bir şəraitdə mülayim ölkələrin iqlim qaçqınlarının axını riski ilə üzləşəcəkləri istisna deyil. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) altıncı qiymətləndirmə hesabatında göstərilir ki, iqlim dəyişikliyinin əsas səbəbi olan istixana qazlarının emissiyaları 2020–2025-ci illər arasında pik həddə çatacaq. Bu isə ölkələrin Paris Sazişində milli səviyyədə müəyyən edilmiş 2030-cu ilə qədər qlobal temperatur artımını “1,5°C-dən aşağı” məhdudlaşdırmaq töhfələrində göstərilən hədəflərə nail olmalarına kifayət etmədiyini göstərir. Hətta qlobal temperatur artımını “2°C-dən aşağı” saxlamaq da növbəti onillikdə birgə səylərin əhəmiyyətli dərəcədə sürətləndirilməsini tələb edir. Etiraf etmək lazımdır ki, bir çox dövlətlərin verdiyi bəyanatlar əslində həyata keçirdikləri siyasət və qəbul etdikləri qanunvericilik sənədləri ilə ziddiyyət təşkil edir: beləcə “havaya atılmış emissiyaların reallıqdan uzaq olması” Paris Sazişinin məqsədlərinə nail olmaq perspektivlərini daha da şübhəyə alır.

İqlim dəyişikliyi qlobal siyasi gündəmdə

Qlobal iqlim dəyişikliyi problemi bu gün qəti şəkildə qlobal siyasi gündəmdə aparıcı yerlərdən birini tutur. İqlim böhranı, özlüyündə qlobal orta temperaturun artması ilə yaranan təhlükələrlə yanaşı, həyatın, demək olar ki, bütün sahələrinə: iqtisadiyyata, sosial sferaya, siyasi ideologiyalara, milli və beynəlxalq təhlükəsizlik məsələlərinə, fundamental sosial-iqtisadi inkişafın problemlərinin əsaslarına təsir göstərir. Aşağı karbonlu texnologiyalara investisiyalar artır və yeni iqtisadi sektorlar yaranır.

Ənənəvi karbon tutumlu sektorlar isə iqtisadi inkişafın mühərriki kimi öz əzəli əhəmiyyətini tədricən itirir. Hətta qalıq yanacaqlarının istehsalı və ixracından daha çox asılı olan dövlətlər də artıq qlobal enerji keçidi tendensiyasına “uyğunlaşmağın” vacibliyini dərk edirlər. Onların iqtisadi modelləri yalnız ÜDM artımının deyil, həm də onun ekoloji və sosial nəticələrinin vacib olduğu “yaşıl” paradiqmaya uyğunlaşdırılaraq tədricən transformasiya olunur. İqtisadi artımın üstünlüyü öz növbəsində davamlı inkişaf və iqlim ədalətinə ehtiyacla əvəz olunur.

Problem bir gündə baş verməyib

Məlum olduğu kimi, ekoloji narahatlığın ilk sıçrayışları 1960-cı illərə təsadüf edir. ABŞ-də pestisidlərin, daha sonra isə bir çox başqa maddələrin və hadisələrin – daxili yanma mühərriklərinin buraxdığı qazalardan tutmuş neft dağılmalarına, eləcə də müxtəlif çirkləndirici və toksinlərin insan sağlamlığına mənfi təsirləri haqqında elmi ədəbiyyatın yayılması ilə kütləvi ekoloji hərəkatlar yayılmağa başladı. İlk dəfə olaraq ətraf mühitə bazar iqtisadiyyatının inkişafı üçün tükənməz resurslar mənbəyi və onların istifadəsindən yaranan tullantıların nəzarətsiz atılması məkanı kimi baxılması aramsız tənqidə tuş gəldi.

1969–1972-ci illərdə ABŞ-də ətraf mühitin mühafizəsi, su və havanın çirklənməsi ilə mübarizə üzrə ilk əsas qanunvericilik aktları qəbul edildi. 1973-cü ildə isə Avropa Birliyi tərəfindən ilk ekoloji fəaliyyət proqramı qəbul edildi. Bərpaolunan enerji texnologiyalarının inkişafı və enerji səmərəliliyinin artırılması üzrə tədqiqatlara təkan verən 1973-cü il neft böhranı Qərb ölkələrində ekoloji siyasətin inkişafı üçün güclü stimula çevrildi. Bu sahədə atılan ilk addımlar əhəmiyyətli olsa da, kifayət etmədi.

(ardı var)

Hazırladı:
İlqar GÜLAĞAOĞLU
XQ

Ekologiya