Aida Mahmudovanın Londonda fərdi sərgisi

post-img

Londonda yerləşən məşhur müasir incəsənət məkanı olan “Saatchi” qalereyasında Azərbaycan rəssamı Aida Mahmudovanın “Mənzərəyə açılan otaq” adlı fərdi sərgisi (5 iyul – 10 sentyabr 2024-cü il) uğurla tamamlanıb.

Ekspozisiyada rəssamın 80-dən artıq rəngkarlıq, qrafika, keramika, video və qarışıq texnikalarda olan əsərləri geniş auditoriyaya təqdim olunub.

Füruğ Fərruxzadın məşhur “Pəncərə” şeirindən ilhamlanan rəssam qalereyada dərin bədii vasitələrlə mücərrəd tənhalıq, nostalji hisslər və azadlıq ehtirası kimi mövzuları, habelə ətraf məkana və insanın öz fiziki vücuduna qırılmaz bağlılıq duyğusunu araşdırıb.

Ekspozisiyanın giriş hissəsi rəssamın öz fərdi müşahidə arxivindən tərtib edilib. Bu arxiv onun fərdi həyatı ilə bağlı olaraq rəssamın duyğu aləmindən söz açıb. Rəngkarlıq bölümündə isə Aida Mahmudova nostalji hisslər ilə aşılanmış və öz üslub dəyişikliklərinə uğramış təbiət görüntüləri ilə çıxış edib.

Sərgi Böyük Britaniya paytaxtında 2 ay ərzində davam edərək, professional çevrənin, həmçinin ziyarətçilərin marağını və rəğbətini qazanıb.

XQ

Mədəniyyət