Bakıda təşkil olunan Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Beynəlxalq Valyuta Fondunun (BVF) Gəlirlər Administrasiyası Baş İdarəsinin müavini Margaret Kotton ilə görüşüb.
DVX-dən redaksiyamıza verilən məlumata görə, görüşdə ölkəmizin BVF ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi və təşkilatın biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı Avropadaxili Vergi Administrasiyaları Təşkilatı və DVX-nin birgə təşkilatçılığı ilə keçirilən forumun əhəmiyyəti və mövzunun aktuallığı xüsusi vurğulanıb, eləcə də “yaşıl” iqtisadiyyatın dəstəklənməsinin, aşağı karbonlu biznes həllərinə keçidin sürətləndirilməsinin ölkələrin əsas fəaliyyət istiqamətini təşkil etdiyi bildirilib. Eyni zamanda, bu xüsusda iqtisadi fəallığın sabit saxlanılması, ədalətli yanaşmanın tətbiqi və biznes mühitinin dəstəklənməsi şəraitində dekarbonizasiyanın həyata keçirilməsinin beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlər olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, karbon qiymətqoyması və karbon vergisinin tətbiqi mexanizmləri ciddi araşdırılmalıdır. DVX rəisi Azərbaycanın vergi orqanları tərəfindən bu istiqamətdə təhlillər aparıldığını və beynəlxalq təcrübənin öyrənildiyini söyləyib. Tərəflər karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirməklə bağlı fikirlərini bölüşüblər.
Görüşdə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı, biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi istiqamətində vergi alətlərinin tətbiqi üzrə BVF ilə tərəfdaşlığın gücləndirilməsi imkanları da müzakirə edilib.