Qazaxıstan Prezidenti Çinin qlobal AI əməkdaşlıq təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyib

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin qlobal süni intellekt (AI) əməkdaşlıq təşkilatının yaradılması təşəbbüsünü dəstəkləməyi təklif edib.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu təkliflə avqustun 11-də Qazaxıstan Prezidenti hökumət üzvləri və mərkəzi dövlət qurumlarının rəhbərləri ilə görüşündə çıxış edib. O qeyd edib ki, Çin Xalq Respublikası süni intellekt idarəetməsinə çoxtərəfli yanaşmanı təşviq etmək, rəqəmsal boşluğu azaltmaq, etika və süni intellektin davamlı tətbiqini inkişaf etdirmək üçün qlobal AI əməkdaşlıq təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edib. “Hesab edirəm ki, Çinin belə bir təşkilat yaratmaq təşəbbüsü dəstəklənməlidir və biz də hazırlıq işlərinə qoşulmalıyıq. Bu, ölkəmizin maraqlarına uyğundur”, -deyə dövlət başçısı bildirib.

Çin hökuməti qlobal süni intellekt (AI) əməkdaşlıq təşkilatının yaradılmasını təklif edib və onun baş qərargahının Şanxayda yaradılmasını ilkin olaraq nəzərdən keçirir. Mənbələr bildiriblər ki, Çin təşkilatın ölkələr üçün innovasiya sahəsində əməkdaşlığı dərinləşdirmək, süni intellektin qeyri-məhdud potensialını tam üzə çıxarmaq üçün praqmatik əməkdaşlığı təşviq etmək, ümumi inkişaf və rifaha nail olmaq üçün platforma rolunu oynayacağına ümid edir.

Kasım-Jomart Tokayev bundan əvvəl bildirmişdi ki, Qazaxıstan növbəti beş il ərzində rəqəmsal dövlətə çevrilməlidir. Qazaxıstan Prezidenti bütün dövlət qurumlarının rəqəmsal rejimdə fəaliyyətinin vacibliyini qeyd edib və vurğulayıb ki, ölkə parlamenti tezliklə süni intellekt haqqında qanun qəbul etməlidir.

Dünya