Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
Mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin Döyüş Bayrağı sıra meydanına gətirilmişdir.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunmuş, xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin qorunmasında əzmkarlıq nümayiş etdirəcəklərinə, dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içmişlər.
Çıxış edənlər 106 illik şanlı tarixə malik Azərbaycan sərhəd mühafizə orqanlarının bu illər ərzində dövlət sərhədinin keşiyində mətinliklə dayandığını, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatında mühüm rol oynadığını, həyata keçirilən tədbirlər nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndiyini, sərhəd mühafizəsinin təşkilinin müasir tələblərə uyğunlaşdırıldığını xüsusi qeyd etmişlər. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra dövlət sərhədinin bərpası, mühafizəsi və müdafiəsi istiqamətində görülən işlər bu sahədə yeni mərhələnin başlanğıcını qoymuşdur.
Bildirilmişdir ki, bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və Silahlı Qüvvələrə göstərdiyi ali diqqət və qayğı dayanır.
Mərasimlərdə gənc əsgərlərin valideynləri ilə görüş keçirilmiş, onların təəssüratları dinlənilmişdir.
Gənc sərhədçilərin valideynləri yaradılan şəraitə və göstərilən diqqətə görə dövlət başçısına və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarının məhz belə şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını ifadə etmişlər.
Xidmətdə fərqlənən hərbi qulluqçuların təltifləndirilməsindən sonra mərasimlər təntənəli keçidlə başa çatmışdır.