ABŞ Qarabağ məsələsini “canlandırmağa” çalışır

post-img

Dövlət katibinin köməkçisinin də bu məsələyə qoşulması təsadüfi deyil

Cənubi Qafqaz regionundan xeyli uzaqda yerləşən bir sıra ölkələr, xüsusilə ABŞ, Fransa və Kanada Azərbaycanın hərbi-siyasi gücü hesabına həllini tapmış keçmiş Qarabağ münaqişəsi məsələsini gündəmdə saxlamaq üçün son vaxtlar bir sıra addımlar atırlar. Bu addımları diqqətlə nəzərdən keçirdikdə onların bir mərkəzdən idarə olunduğu və sistemli xarakter daşıdığı hiss olunur.

Məsələn, keçmiş separatçı rejimin nümayəndələri ABŞ Konqresinə dəvət edilir, Konqresdə “Dağlıq Qarabağın süqutu”na həsr olunan tədbir keçirilir. Həmçinin ABŞ və Fransanın hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyəsində aparıcı qurumları Qarabağdan köç etmiş ermənilərə dəstək verən çoxsaylı təşəbbüslər irəli sürürlər. Nümayəndələr Palatasının üzvü, Konqresdəki erməni qrupu sədrinin müavini Adam Şiff və bir sıra digər konqresmenlər tərəfindən irəli sürülən 2024-cü il üçün “Artsax gəlirlərinin bərpası aktı”, OCCRP tərəfindən sifariş edilmiş “araşdırma”, “Freedom House”un hazırladığı material, separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın tərəfdaşı, USAID-in rəhbəri Samanta Pauerin “ermənilərin Qarabağdan kütləvi köçü”nə dair bəyanatı və ümumilikdə, USAID-in Ermənistana dəstəyinin artırılması, fransız diplomatı və siyasətçisi Natali Luazonun “Dağlıq Qarabağ ermənilərin etnik təmizlənməsi” gününü Avropa Parlamentində qeyd etmək təşəbbüsü və sair, necə deyərlər, eyni zəncirin halqaları təsirini bağışlayır.

Bu anti-Azərbaycan fəaliyyətinə, həmçinin ABŞ-nin aparıcı piar şirkətlərinin (məsələn, “Edelman” şirkəti ABŞ-nin ən iri piar şirkətidir–S.H.) Azərbaycana qarşı beynəlxalq media kampaniyasına cəlb edilməsi, Ermənistanın ABŞ və Fransa tərəfindən silahlanması, həmçinin Fransa lisenziyası altında Hindistan silahlarının ötürülməsi, anti-Rusiya sanksiyalarından yan keçmək və müvafiq olaraq Ermənistana böyük gəlirlər əldə etmək üçün imkan yaradılması, ABŞ və Fransanın Ermənistana irimiqyaslı iqtisadi yardımları da daxildir. Güman etmək olar ki, bu, məqsədyönlü siyasətdir. Məqsəd isə həllini tapmış, artıq haqqında keçmiş zamanda danışdığımız Qarabağ problemini yenidən “canlandırmaq” və Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlamaqdır. Bütün bunlar isə Ermənistanda yeni ümidlər yaradır, onun mövqeyini sərtləşdirir. Artıq İrəvanda “Dağlıq Qarabağ”dan daha çox danışmağa başlayıblar. Ölkənin xarici işlər nazirliyi və baş nazir “etnik təmizləmə”dən bəhs edir. Ermənistan 2023-cü ildəki lokal xarakterli antiterror tədbirləri ilə nəticələnmiş köhnə səhvlərini yenə təkrarlamağa başlayıb.

Oktyabrın 1-də ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand Varşava insan ölçüsü konfransında bildirib ki, ABŞ tərəfi “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə” davam edir. Bu bəyanat isə ermənilərin revanşist iddialarına dəstavüz verən daha bir addım kimi nəzərdən keçirilməlidir.

Məsələyə Azərbaycan tərəfinin reaksiyası özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə elə həmin gün bildirib ki, Dövlət katibinin köməkçisinin məlum bəyanatı təəccüb doğurur: “Maraqlıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞ tərəfi beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyinə yalnız indi istinad edir. 30 ilə yaxın müddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb. Əgər ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirsə, ilk növbədə Ermənistanın indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsini tələb etməlidir”.

A.Hacızadə qeyd edib ki, əks halda, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcavüzü zamanı yüz minlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatı nəticəsində verilən birtərəfli bəyanatdan başqa bir şey deyil.

Göründüyü kimi, ABŞ-dən konqresmen və senatorların, QHT təmsilçilərinin və ermənipərəst medianın verdiyi bəyanatlara artıq rəsmi şəxslər də qoşulub. Bu isə proseslərin vahid mərkəzdən idarə olunduğunu, məkrli niyyətlər güddüyünü deməyə əsas verir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev mövzu ilə bağlı “XQ”-yə şərhində bildirdi ki, baş verənlərə ABŞ-də noyabrın 5-nə planlaşdırılan seçkiqabağı kampaniyanın tərkib hissəsi kimi baxmaq lazımdır. Onun sözlərinə görə, xüsusilə, demokratlar ənənəvi olaraq “erməni məsələsi”nə xeyli diqqət ayırıb və erməniləri dəstəkləyiblər: “Onların ABŞ-də yaşayan ermənilərlə yaxın bağlantıları var. Konqresmen Adam Şiff, hazırda korrupsiya məsələsinə görə istintaq altında olan senator Robert Menendes Konqresdə erməni lobbisini təmsil edən əsas şəxslərdir. Ermənistanla və ermənilərlə bağlı səslənən fikirləri seçkiqabağı kampaniya çərçivəsində hazırkı hökumətin yenidən seçilmək üçün erməni icmasına verdiyi mesajlar kimi qiymətləndirməliyik”.

Bununla belə F.Şəfiyev kimlərinsə Qarabağ məsələsini yenidən “canlandırmaq” istəyində olmasına, yaxud buna nail olacağına inanmadığını bildirdi: “Mən buna inanmıram. Burada əsas məsələ Ermənistan hökumətinin mövqeyidir. Amma erməni diasporu, təbii ki, bu məsələni “canlı” saxlamaq istəyir. Buna görə də ABŞ, Kanada və Fransa hakimiyyətinin məsələni gündəmdə saxlamasını təmin etməyə çalışır”.

Politoloq Yeganə Hacıyeva isə açıqlamasında dedi ki, hələ ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq azərbaycanlı əhalinin indi Ermənistan Respublikasının ərazisi olan tarixi topraqlarından zorla köçürülmələri zamanı soydaşlarımıza qarşı qətl hadisələri də daxil olmaqla xeyli cinayətlər törədilib. Bu cinayətlərin baş verməsinin yeganə səbəbi onların milli mənsubiyyəti olub. Etnik zəmində törədilən cinayətlər isə beynəlxalq konvensiyalarda bəşəriyyətə qarşı cinayətlər kimi tövsif edilir: “Törədilən cinayətlərlə bağlı məlumatlar təkcə Azərbaycana məlum deyil, həm də beynəlxalq ictimaiyyətə, o cümlədən ABŞ-yə məlumdur. Məsələ ondadır ki, SSRİ-nin dağılması prosesini diqqətlə izləyən ABŞ təhlükəsizlik orqanları məhz Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı törədilən cinayətlərlə bağlı dəqiq məlumatlara malik idilər. Həmin dövrdə baş verən hadisələr həm faktlaşdırılır, həm də gələcək üçün arxivləşdirilirdi. Bu baxımdan azərbaycanlıların deportasiyası və bu zaman baş verən bütün xoşagəlməz hadisələr ABŞ-yə məlum idi. Amma, məsələ ondadır ki, Vaşinqton nə həmin dövrdə, nə də ondan sonra bir dəfə də olsun Ermənistanla bağlı kütləvi qətllərdən tutmuş bəşəriyyət, sülh və insanlıq əleyhinə cinayətlər kimi təsnifatlandırılmış cinayətlərin heç birinə reaksiya verməyib. Ağ Ev Ermənistanı beynəlxalq humanitar hüququn pozulmasına görə bir dəfə də olsun təqsirləndirməyib”.

Y.Hacıyeva qeyd etdi ki, sonrakı dövrdə, yəni 1990-cı ildən sonra Azərbaycanda baş verənlər isə hamının gözləri önündədir. Ümumilikdə, bir milyon əhali qaçqın və məcburi köçkünə çevrilmiş, böyük məhrumiyyətlərə düçar olmuşdur. Nə azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası, nə də işğal olunmuş ərazilərdən məcburi çıxmaları zamanı beynəlxalq humanitar hüququn heç bir qaydasına əməl edilməmişdir. Həmin dövrdə humanitar qaydalara əməl edilməməsi, beynəlxalq konvensiyaların tələblərinin pozulması ABŞ-yə yaxşı məlum olsa da, nə Dövlət Departamenti, nə Nümayəndələr Palatası, nə də Senat tərəfindən bununla bağlı hansısa fikir bildirilməmişdir: “Burada bir haşiyə çıxmaq istərdim. Məlumdur ki, Birinci Qarabağ müharibəsinin gedişi zamanı mülki əhaliyə qarşı soyqırımı cinayətləri də törədilmişdir. Bu cinayətlərin təsnifatlaşdırılması da məhz beynəlxalq konvensiyalar, beynəlxalq qanunvericilik əsasında həyata keçirilib. Etnik mənsubiyyət əsas götürülərək dəfələrlə soyqırımı cinayətlərinin baş verməsi göz önündə idi. Amma bütün dünyada insan hüquqlarının və demokratiyanın müdafiəçisi qismində çıxış edən ABŞ bununla bağlı hər hansı mövqe nümayiş etdirməyib”.

Müsahibimiz bildirdi ki, Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsi Nümayəndələr Palatasında indiyədək cəmi bir dəfə gündəmə gəlib. Bu da Vaşinqtonun şəxsi maraqları ilə bağlı olub: “1990-cı illərdə Yaxın Şərqdəki etnik ermənilər bölgədəki qarışıqlıqdan istifadə edərək, Ermənistan hakimiyyəti vasitəsilə qeyri-qanuni silah satışı həyata keçirirdilər. Həmin silahlar regiondakı amerikalı əsgərlərə tuşlandığı üçün konqresmenlər, necə deyərlər, ənənəni cəmi bir dəfə pozaraq, Ermənistana sanksiyalarla bağlı təkliflər səsləndirmişdilər”.

Politoloq digər bir müqayisə də apardı. Dedi ki, SSRİ-nin dağılmasından ötən 33 il ərzində postsovet ölkələrində, yaxud dünyanın digər yerlərində milyonlarla insanın qaçqın və məcburi köçkünə çevrilməsi halları baş verib. ABŞ Konqresi, yaxud da Dövlət Departamenti bu hadisələrin heç biri ilə bağlı humanitar hüququn pozulması məsələsini qaldıraraq, sanksiya tətbiqi məsələsini gündəmə gətirməyib: “Ona görə də belə bir məntiqi sual yaranır ki, nə üçün sanksiya məsələsi yalnız 2023-cü ilin sentyabrında Qarabağı könüllü şəkildə tərk etmiş etnik ermənilərlə bağlı gündəmə gətirilir? Onların gedişini beynəlxalq humanitar hüququn pozulması, deportasiya kimi qələmə verməkdə məqsəd nədir? Əlbəttə, biz burada məqsədin nədən ibarət olduğunu bilirik. Bunun izahı hazırda ABŞ-də hakimiyyətdə olan Demokratlar Partiyası daxilində ermənilərin rəhbər şəxslərə təsir imkanlarının kifayət qədər olmasında, demokratların isə öz növbələrində erməni icmasından istifadə etməsindədir. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də 2022-ci ilin sentyabrında demokratların rəhbəri qismində məhz erməni lobbisinin vəsaiti hesabına İrəvana səfər etmişdi”.

Y.Hacıyeva onu da bildirdi ki, ABŞ-də keçiriləcək prezident seçkiləri öncəsi erməni əsilli vətəndaşların səslərini qazanmaq üçün Demokratlar Partiyası rəhbərliyi ismarıclar verməkdədir. Amma Vaşinqton bu ismarıcların uzunmüddətli perspektivdə Cənubi Qafqaz kimi mühüm regionda ABŞ-nin strateji tərəfdaşı olan Azərbaycanın maraqlarını zədələdiyini nəzərə almalıdır.

Səxavət HƏMİD
XQ





Siyasət