Rəsmi İrəvan avantürizmdən əl çəkmir
Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdakı imzasını dandı. O, bunu Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının İrəvanda keçirilmiş geniş tərkibdəki iclası zamanı etdi. Yazımızda məsələnin təfərrüatlarına varacağıq. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq.
Qeyd edək ki, Ermənistan ötən ildən başlayaraq üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Aİİ-yə rotasiya qaydasında sədrliyi həyata keçirməkdədir. Bu ilin dekabrında sədrlik müddəti başa çatacaq və missiya başqa ölkəyə keçəcək. Paşinyan isə Ermənistan Aİİ-yə rəhbərliyə başlayarkən bildirmişdi ki, qurumun sırf iqtisadi zəminli təşkilat olaraq qalması vacibdir, siyasi amillər onun fəaliyyətinə hansısa formada təsir göstərməməlidir. Əlbəttə, Nikolun mövqeyi absurddur.
Birincisi, Aİİ nə qədər iqstisadi təmayüllü təşkilat olsa da, mümkün deyil ki, siyasi ritorikadan kənarda dayansın. İkincisi, Paşinyan haqqında söz açdığımız fikri elə-belədən səsləndirməmişdi. Məlumdur ki, rəsmi İrəvanın anti-Rusiya köklənişi var. Ermənistan o zaman da, elə indi də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətini ciddi şəkildə boykot etməklə məşğuldur. KTMT müstəvisində Rusiya əleyhinə demarş edən Paşinyan ölkəsinin, hətta, qurumdan çıxa biləcəyini də təkrarlamaqdadır. Aydındır ki, Rusiyanın başlıca mövqe tutduğu bir təşkilatla yaxşı olub, o biri ilə pis olmaq ağlabatan deyil. Nikol isə faktiki olaraq bunu deyir: siyasi planda Moskvaya qarşı çıxacağıq, amma bunun iqtisadi zərərini görməməliyik. Əlbəttə, belə yanaşmada normal məntiq yoxdur.
Ermənistanın KTMT-ni gözdən salmaq istəyi xüsusunda onu da deyə bilərik ki, ölkə, ümumən, Rusiyanın hakim rol oynadığı bütün təşkilatları heçə saymaq üçün bəhanə axtarışındadır. Paşinyan 2 il əvvəl KTMT-yə sədrliklə dağıdıcılığa yol verdiyi kimi, hazırda eyni “missiyanı” Aİİ müstəvisində gerçəkləşdirir. O, bunu 1 il əvvəl dilə gətirdiyi və qurumun iqtisadi yönümlü olmasının vacibliyinə, siyasi amillərin onun fəaliyyətinə təsir göstərməsinin yolverilməzliyinə dair tezisi inkar etməklə gerçəkləşdirir.
***
Beləliklə, Paşinyan birbaşa 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın adını tutmasa da, tam aydındır ki, həmin sənədlə bağlı manipulyativ mövqeyini Aİİ müstəvisinə keçirir. Nikol bildirib ki, ölkəsi malların və insanların Ermənistandan keçidinin təhlükəsizliyinin təminatına hazırdır. Ardınca isə vurğulayıb ki, rəsmi İrəvanın haradasa, hansısa sənəddə üçüncü dövlətin Ermənistan ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsinə razılıq verməsi barədə bəyanatlar reallığın təhrifidir. Baş nazir onu da bildirib ki, reallığın təhrifi İrəvanın regional kommunikasiyalarla bağlı öz suverenliyinin məhdudlaşdırılmasına nə vaxtsa razılıq verdiyini nəzərdə tutan bəzi şərhlərə də aiddir.
Elə isə 44 günlük müharibəyə son qoymuş, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat üzərində dayanaq. Daha doğrusu, sənədin 9-cu bəndinə diqqət yetirək. Həmin bənddə açıq şəkildə bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Göründüyü kimi, bəyanatda hər şey dəqiq göstərilib. Konkret olaraq, sənəddəki “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili” fikrinə nəzər salaq. Deməli, ölkəmizin Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” kimi olmasına dair təsəvvürü tam doğrudur. Rəsmi İrəvan isə bununla razılaşmır.
Digər tərəfdən, bəyanatdakı “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir” fikri də konkretdir. Yəni, Paşinyanın bu məsələdə da nəyi dandığı məlum deyil. Onun inkarçılığı Aİİ müstəvisinə gətirməsi isə əlavə mülahizələrə yol açır. Çox güman ki, bir azdan Paşinyan və komandasındakılar KTMT kimi, bu qurumu da Ermənistanın mənafelərini dəyərləndirməməkdə günahlandıracaqlar. Düşünülməsi mümkündür ki, üçtərəfli bəyanata üstüörtülü istinad, daha dəqiq desək, sənədi danma ritorikası bunun üçün yaxşı fürsət verib.
Bəli, Ermənistan rəhbərliyi özü təhrifçiliklə məşğuldur. Tam dəqiq yazılmış bir müddəanın inkarı misli-bərabəri olmayan həyasızlıqdır. Ancaq Paşinyanın və komandasının üzvlərinin ifasında belə qeyri-ciddilik dolu həyasızlıq, ilk dəfə deyil ki, yaşanır. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əbəs yerə danışmır. O, son vaxtlar inadlı şəkildə Ermənistanın üçtərəfli bəyanatdakı imzasını geri götürmədiyini xatırladır. Xanım Zaxarova belə deyir: Paşinyan bəyanatdakı imzasını geri götürsün ki, Ermənistanın ondan üz döndərdiyi rəsmiləşsin. Bunu etmirsə, deməli, sənəddə yazılanlar icra olunmalıdır.
Ancaq Paşinyan həm üçtərəfli bəyanatın icrasından boyun qaçırır, həm də imzasını geri götürmək istəmir. Məsələn, bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, üçtərəfli bəyanatdan imtina sənədin icrasını təmin etmək potensialından uzaqlığın təsdiqi olar və bu səbəbdən belə bir addım atılmayacaq. Deməli, Simonyanın da həyasızlığı sərhəd tanımır.
Əlavə edək ki, Paşinyan, təxminən, bir ay öncə üçtərəfli bəyanata Ermənistanın məğlub, Azərbaycanın qalib ölkə statusunu təsdiqləyən sənəd kimi yanaşılmasının yolverilməzliyini də dilə gətirmişdi. Görəsən, başqa necə yanaşılmalıdır? Belə çıxır ki, Azərbaycan Ordusu erməni silahlı birləşmələrini İrəvana qədər qovmalı və Paşinyan daha rüsvayçı akta imza atmalı idi. Bir daha belə qənaətə gəlirik ki, Ermənistan rəhbərliyi üçün reallığın dərkinin gücdən başqa vasitəsi yoxdur.
Onu da deyək ki, Azərbaycan, heç bir halda, Ermənistanın Naxçıvana yol məsələsində regional kommunikasiyalarla bağlı təhlükəsizlik təminatına etibar etmir. Bu mövqenin əsaslandırılması üçün arqumentlər çoxdur. Həm 30 ilə yaxın davam etmiş işğal, həm də ondan əvvəl erməni millətçilərin Naxçıvana gedən qatarları daşa basması unudula bilməz. Habelə, Ermənistan 44 günlük müharibədən sonra özünün reabilitasiyası, inam və etibar qazanması naminə heç bir iş görməyib, səmimiyyət mühiti yaratmayıb, hər vəchlə Qarabağdakı artıq canını tapşırmış olan separatçı rejimi saxlamağa çalışıb. Azərbaycan hər bir nəticəyə öz gücü hesabına nail olub və nail olmaqdadır.
Üstəlik, hazırda Qərbin erməni avantürizmini Cənubi Qafqaz reallığının tərkib hissəsinə çevirmək istəklərini görürük. Bu meyilin nəticəsidir ki, rəsmi İrəvan “Dünyanın kəsişməsi” kimi cəfəng ideya səsləndirir. Belə bir ideya sözügedən avantürizmi diri saxlamaq məqsədinə hesablanmış həm siyasi, həm iqtisadi, həm də mənəvi dividend qazandıran təbiətə malikdir. Deməli, N.Paşinyanın Aİİ-nin Hökumətlərarası Şurasının İrəvanda keçirilmiş geniş tərkibdəki iclası zamanı bildirdikləri də Ermənistanın avantürizmdən əl çəkməyəcəyinin növbəti dəfə bəyan edilməsidir.
Ə.CAHANGİROĞLU
XQ