Azərkosmos ölkəmizdə ilk dəfə olaraq “Milli Kosmik Hakaton” keçirdi

post-img

6-7 dekabr 2025-ci il tarixlərində ölkəmizdə ilk dəfə “Milli Kosmik Hakaton” keçirilib. Tədbir Azərkosmosun təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sabah.Hub və İsrailin “IAI” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan İnnovasiya Mərkəzində həyata keçirilib.     

Hakatonun əsas məqsədi kosmos və innovasiya sahəsində 18-35 yaş arası azərbaycanlı gəncləri bir araya gətirərək innovativ yanaşmaların inkişafına şərait yaratmaq, kosmik sahibkarlıq və innovasiya barədə məlumatlılığı artırmaq və gənclərin bu sahəyə bağlılığını artırmaqdır.   

Tədbir çərçivəsində iştirakçılara texniki tapşırıqlar təqdim olunub, həmçinin “Kosmik İqtisadiyyat” mövzusunda sessiya keçirilib. Hakatonun seçmə mərhələsində 150 müraciət arasından seçilmiş 15 komanda 24 saat ərzində Yerin müşahidəsi peykləri əsasında əldə olunan məlumatlar, və müasir texnologiyalardan istifadə edərək kənd təsərrüfatında məhsuldarlığın artırılması, şəhərsalma proseslərinin optimallaşdırılması, ətraf mühitin qorunması və fəlakətlərin idarə olunması kimi sahələrdə kosmik texnologiyalarının tətbiqinə dair həllər təqdim etdilər.Komandaların təqdim etdiyi innovativ həllər və yanaşmalar kosmik texnologiyalarının tətbiq imkanlarının nə qədər geniş olduğunu aydın şəkildə nümayiş etdirdi.

Tədbirin sonunda, münsiflər heyətinin seçdiyi 3 qalib komanda inkubasiya dəstəyi və müvafiq pul mükafatları ilə (I yer – 3000 AZN, II yer – 2000 AZN, III yer – 1500 AZN)  təltif olundu. 

Qalib komandalar və onların layihələri:

I Yer – “Millenium” komandası

Millenium, istifadəçilərin şəxsi həyat tərzi və məkan seçimlərinə uyğun ən yaxşı əraziləri qısa müddətdə müəyyən etməsinə imkan yaradan, peyk məlumatları, süni intellekt və interaktiv istilik xəritələrindən istifadə edən veb və mobil daşınmaz əmlak analitika platformasıdır.

II Yer – “SITE” komandası

Bu layihə məsafədən zondlama və FAO Torpaq Qiymətləndirmə Çərçivəsi əsasında müəyyən bir ərazinin kənd təsərrüfatı üçün uyğunluğunu yüksək dəqiqliklə müəyyən edən peyk əsaslı analitik torpaq qiymətləndirmə alətidir.

III Yer – “Astryx” komandası

Bu layihə peyk məlumatları, ətraf mühit göstəriciləri və maşın öyrənmə modellərindən istifadə edən balıqların ən çox harada tapılacağını proqnozlaşdıran və həmçinin, akvakultura infrastrukturunu davamlı monitorinq edən ağıllı dəniz yaşama mühitinin müşahidə və proqnozlaşdırma sistemidir.

Əlavə olaraq, 4-cü yerin qalibi “Aadvark” komandası, hakatonun tərəfdaşı olan Sabah.Hub tərəfindən inkubasiya proqramına qəbul olunmaq imkanı qazandı. 

Eyni zamanda, ilk onluqda yer alan komandalar, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, və İsrailin “IAI” şirkətinin tərəfdaşlığı ilə gələn il keçiriləcək akselerasiya proqramına qəbul olunmaq imkanı əldə etdilər.

Qeyd edək ki, ümumi hakatonda 10-a yaxın universitetdən 75 nəfər iştirak edib.

Azərkosmos kosmos sahəsindəki innovasiya təşəbbüsləri ilə Azərbaycanda kosmos və texnologiya sahələrində yenilikçi həllərin inkişafını dəstəkləyir və gənclərin bu sahələrə marağını artırır.















Sosial həyat