Özəl bölmə 500 milyon manat güzəştli kredit alıb

post-img

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına indiyə qədər güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib. Fonddan redaksiyamıza bildirildiyinə görə, həmin göstəricinin 65,155 milyon manatı cari ilin yanvar-sentyabr aylarında reallaşıb.

Prezident İlham Əliyevin 2017-ci il noyabrın 29-da imzaladığı fərmana əsasən, ölkədə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanan faizlərə görə subsidiyanın verilməsinə başlanılıb. Həmin sənəddə kredit–zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi adıçəkilən fond qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

Mexanizm çərçivəsində indiyə kimi zəmanət verilən kreditlərin orta müddəti 30 ay, sahibkarlıq kreditləri üzrə hesablanan faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min – 5 milyon manat təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, eləcə də maşın və avadanlıq istehsalına, ticarət və digər xidmət sektorlarına yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6500 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, dövlət başçısının 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, həmçinin emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək vasitələri genişləndirilib və cari ildən etibarən daha iki yeni alətin – sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə sahibkarların öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.

Ümumiyyətlə, son illər aparılan islahatların nəticəsində güzəştli maliyyələşmə, kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinə çıxış imkanları genişləndirilib, investisiya təşviqi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, sənaye zonalarının inkişafı təşviq olunub, dövlətin yeni dəstək alətləri tətbiq edilib. Eyni zamanda, özəl bölmədə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azaldılıb, investisiya yatırımının stimullaşdırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsinə başlanılıb, satınalmalar sahəsində kotirovka sorğusu proseduru tamamilə elektronlaşdırılaraq vahid internet portalı yaradılıb.

Bütün bunlarla yanaşı, sahibkarlığın inkişafını şərtləndirən vergi qanunvericiliyi müasirləşdirilib. Özəl sektorun fəaliyyətini daha da gücləndirilmək məqsədilə şəffaflıq və hesabatlılığın artırılması, rəqəmsallaşmanın geniş vüsət alması, rəqabət mühitinin inkişafının təmin olunması, əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi və gömrük islahatları kimi məsələlər də hər zaman diqqətdə saxlanılıb.

Beləliklə, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də payı 81 faizi, məşğulluqda payı isə 70 faizi keçib. Özəl bölməyə dövlət dəstəyinin daim diqqətdə saxlanılması qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb.

Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağırışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyat şaxələndirilməsinin diqqət mərkəzində saxlanılması, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi də bunun bariz ifadəsidir.

İqtisadiyyat