Fərqanədə “Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində konsert keçirilib

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində Fərqanə Dövlət Universitetində (FDU) konsert keçirilib.

FDU-nun rektoru Bahodirjon Şerməhəmmədov çıxışında bildirib ki, Azərbaycan hər zaman Özbəkistan xalqına mənəvi cəhətdən yaxın olub, onun mədəniyyəti, ədəbiyyatı və incəsənəti ölkədə böyük maraqla qarşılamıb. Rektor vurğulayıb ki, iki xalq arasındakı dərin humanitar bağlar bu gün də möhkəmlənməkdədir və belə tədbirlər tələbələrin bir-birinin mədəni irsini daha dərindən öyrənməsinə şərait yaradır,gənclər arasında qarşılıqlı hörmət və dostluğu daha da gücləndirir.

AMM-nin direktoru Akif Marifli bildirib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin uzaqgörən siyasəti nəticəsində yaranan və möhkəmlənən müttəfiqlik münasibətləri humanitar sahədə əməkdaşlığın inkişafına geniş imkanlar açıb. O əlavə edib ki, tədbirin Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunması xüsusi  məna daşıyır. Onun sözlərinə görə, B.Vahabzadənin zəngin poetik irsi Azərbaycan ədəbiyyatının və bütövlükdə türk dünyasının mənəvi xəzinəsinin mühüm tərkib hissəsidir və ortaq dəyərlərin yaşadılmasına xidmət edir.

Konsert proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Orxan Cəlilov və Rəvanə Əmiraslanlının yüksək məharətlə təqdim etdikləri vokal ifalarla açılıb, onların çıxışları alqışlarla qarşılanıb.

Tədbirdə Mədəniyyət Mərkəzinin “Xarı Bülbül” teatr truppası da zəngin proqramla çıxış edib. Onlar  “Arşın mal alan” və  “Qayınana” əsərlərindən səhnələr göstəriblər. Mədəniyyət Mərkəzinin “Qarabağ zəfəri” rəqs ansamblının üzvləri  milli rəqslərimizi təqdim ediblər.  

Azərbaycan musiqisinin, teatrının və rəqslərinin təqdim edildiyi bu proqramı Fərqanə ictimaiyyətinin nümayəndələri böyük maraqla izləyiblər.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 







Mədəniyyət