Oktyabrın 7-də gözlənilmədən başlanan, dərhal da şok effekti yaradan HƏMAS-İsrail qarşıdurmasından ötən 27 gün ərzində dünyanın yaxın və uzaq ölkələrində ekran qarşısındakı tamaşaçıların çoxu bölgədə cərəyan edən faciəvi prosesləri nəfəs dərmədən müşahidə edirlər. Hər bir izləyici özündə bu suala cavab tapmaq istəyir: Kimdir günahkar?
Dünyada ümidverici xəbərlər dolaşır: Qəzzada vəziyyəti düzəltmək üçün cəhdlər edilməyə başlanılıb. Nüfuzlu “Politico” nəşri Birləşmiş Ştatların adlarını çəkmədiyi iki senatoruna istinadən yazır ki, Ağ ev hazırda İsraillə müharibədə HƏMAS-ın məğlubiyyətindən sonra Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanını nəzərdən keçirir.
Bəlkə, bu yolla barışmaz düşmənləri bir müddət bir-birlərindən kənarda, məsafədə saxlamaq mümkün ola bilər. Hər halda, sülh naminə görülən bütün işlər alqışlanmalıdır. Axı, ən kövrək sülh belə qana susayan müharibələrdən üstündür.
Məqalədə o da bildirilir ki, ABŞ rəsmiləri artıq İsrail siyasətçiləri ilə Qəzzada sülhməramlıların yerləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Qeyd olunur ki, indiki mərhələdə beynəlxalq qüvvələrin mümkün tərkibi ilə bağlı ilkin müzakirələr gedir. Onların tərkibində Amerika hərbçilərinin olması ehtimalı isə azdır.
“Bloomberg news” nəşri daha əvvəl bildirmişdi ki, ABŞ və İsrail diplomatları Qəzza zolağında ictimai asayişi qorumaq üçün sülhməramlı qüvvələrin yaradılması məsələsini müzakirə edirlər. Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson “Bloomberg”ə verdiyi açıqlamada sülhməramlılar arasında ABŞ qoşunlarının yer alacağı ilə bağlı mülahizələri təkzib edib. Bundan əvvəl dövlət katibi Entoni Blinken demişdi ki, Ağ ev administrasiyası HƏMAS-ın süqutundan sonra Qəzzaya nəzarəti Fələstin Muxtariyyətinin üzərinə götürməsinə üstünlük verəcək.
Yeri gəlmişkən, ABŞ-ın “baş diplomat”ının yaxın günlərdə yenidən Yaxın Şərqə səfər edəcəyi, bu dəfə İsrail rəsmiləri ilə bərabər, Ankarada da Yaxın Şərqi ağuşuna alan ağır böhrandan çıxış yollarını tapmaq məqsədilə danışıqlar aparacağı barədə xəbərlər yayılıb. Diqqətçəkən məqam odur ki, E.Blinken Qəzzada həm təhlükəsizliyin, həm də idarəçiliyin təmin olunmasında beynəlxalq qurumların iştirakının mümkünlüyünü inkar etməyib.
Bu arada dünən məlum olub ki, Qəzzada mühasirədə qalan xarici vətəndaşların ilk qrupu ərazini tərk edərək Misirə doğru yola düşüb. Qeyd etmək lazımdır ki, əcnəbi vətəndaşların bölgədən təhlükəsiz çıxışı üçün “Rəfah” sərhəd keçidinin yenidən açılması gündəmə gəlib. Bu məsələ isə Qətərin vasitəçiliyi ilə İsrail, Misir və HƏMAS arasında əldə edilən razılaşma sayəsində mümkün olub. Azı 400 xarici vətəndaşın Misirə keçməsinə icazə verilib.
Xarici vətəndaşlarla yanaşı, təxminən 81 yaralı fələstinli də müalicə üçün Qəzzadan təcili yardım maşınları ilə Misir xəstəxanalarına aparılıb. Xəstələr oktyabrın 7-dən, yəni müharibə başlayandan bəri Qəzzanı tərk etməyə icazə verilən ilk fələstinlilərdir.
Xarici vətəndaşlar və fələstinlilərin münaqişə bölgəsini tərk etməsi Qəzzada yenidən kommunikasiya xətlərinin tamamilə kəsildiyi bir vaxta təsadüf edir. Anklavı telekommunikasiya xidməti ilə təmin edən “Paltel” (Fələstin Telekommunikasiya Şirkəti) iki gün bundan qabaq əvvəllər “Twitter” kimi tanınan “X” sosial media veb-saytında sakinlərə bütün telefon və internet xidmətlərinin tam kəsilməsi barədə məlumat yayıb.
Bununla da, Qəzzada yaşayan 2,3 milyon əhalinin dünya ilə internet əlaqəsi kəsilib və beynəlxalq yardımın çatdırılması dayandırılıb. Fələstinin səhiyyə orqanlarının verdiyi məlumata görə, telefon və internet xidmətində son fasilələr İsrailin Qəzzanın şimalındakı Cəbəliyə qəsəbəsindəki fələstinli qaçqın düşərgəsində azı 100 nəfərin ölümü, təqribən bir o qədər də sakinin yaralanması ilə nəticələnən hava hücumundan bir neçə saat sonra baş verib.
Məlumat üçün bildirək ki, Cəbəliyə etnik zəmində 1948-ci ildən bəri davam edən müharibələrdən qaçan fələstinli ailələr üçün sığınacaq məkanı olub. İsrail hərbçiləri qaçqın düşərgəsini buradakı HƏMAS komandirlərini hədəfə aldıqları üçün vurduqlarını bildirirlər. Bu arada xəbər yayılıb ki, İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS-ın silahlı qüvvələrinin müdafiə xəttini yarıb.
Bəli, “bəşəriyyət hazırda Üçüncü Dünya müharibəsinin ərəfəsindədir”. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bosniya və Herseqovinadakı Saraybosna Universitetinin yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib ki, Birinci və İkinci dünya müharibələrindən fərqli olaraq, indi əvvəlcə “proksi” güclərdən istifadə olunur.
Sadə el dilində desək, böyük dövlətlər “ilanı Seyid Əhməd əli tutmaq istəyirlər”. N.Kurtulmuş həmçinin bildirib ki, dünyada islamofobiya meyilləri də sürətlə güclənir. TBMM sədri hazırda bəşəriyyətin özünün ən çətin dövrlərindən birini yaşadığını söyləyib. Onun sözlərinə görə, BMT heç bir humanitar problemi, o cümlədən qlobal yoxsulluğu, miqrasiya məsələlərini həll edə bilmir: “Çünki mövcud sistem buna imkan vermir. Daha ədalətli dünyaya ehtiyac yaranıb.
Məsaim ABDULLAYEV
XQ