Bakıdan “qırmızı kart” alanların “həyəcan siqnalı”

post-img

Ermənipərəst Qərbin anti-Azərbaycan koalisiyası tükənməkdə olan arsenalının son “güllələrini” havaya boşaltmaqla məşğuldur. Son vaxtlar Bakıya qarşı növbəti “hücum” cəhdləri okeanın o tayından edilməkdədir. Bu dəfə “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu”nu qabağa veriblər. 

Birləşmiş Ştatların Pensilvaniya şta­tında lövbər salmış bu institut oktyabrın 31-də Azərbaycanın yaxın günlərdə və ya həftələrdə Ermənistana qarşı “hərbi müdaxilədən dərin narahatlıq keçirdiyini” açıqlayaraq, “qırmızı bayraq həyəcanı” elan edib. Ermənipərəst müttəfiqlərdən “həyəcan siqnalı” ilə ayağa qaldırılanlar­dan biri də ABŞ Dövlət Departamentidir. Dünyanın supergücünün xarici diplomati­ya idarəsi bu barədə “Amerikanın səsi”­nin erməni xidmətinin sorğusuna cavab olaraq, “Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstəyini təsdiqlədiyini” açıqlayıb. Lemkin İnstitu­tunun Ermənistan və Azərbaycan ara­sındakı durumdan narahatlığı ilə bağlı ABŞ Dövlət Departamenti qeyd edib ki, “Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün istənilən formada pozul­ması ciddi fəsadlara səbəb olacaq”. 

Suyun niyə bulandığı məlumdur

Dövlət Departamentinin açıqlamasın­da Ağ evin ikitərəfli dialoqdan müntəzəm şəkildə irəliləyiş gözlədiyi vurğulanır, böl­gədəki vəziyyətin daim izlənildiyi və güc tətbiqindən çəkinməyin vacibliyi xüsusi olaraq qeyd edilir. Ermənistanın ABŞ-ın yaxın tərəfdaşı və dostu olduğunu bildirən xarici siyasət idarəsi Ermənistanın siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndi­rilməsi üçün rəsmi İrəvanla əməkdaşlığın genişləndiriləcəyini bəyan edib. 

İki ölkə arasında qarşılıqlı maraqlara söykənən əməkdaşlıqla işimiz yoxdur. Amma onlardan birinin “suverenliyinin və ərazi bütövlüyünün pozulmasının” kim, yaxud kimlər üçün “ciddi fəsad­lara səbəb olacağı” barədə ikincinin bəyanatı bəzi suallar doğurur. Əgər hədəfdə Azərbaycandırsa, bunu tam əminliklə deyə bilərik ki, Bakı otuz ildən artıq sürən Qarabağ münaqişəsini “cid­di fəsadlara səbəb olmadan” artıq həll edib. Və bu zaman tərəflərdən heç bi­rinin suverenliyinə və ərazi bütövlüyünə xələl gəlməyib. Bu, baş vermiş olsaydı, İrəvan və Bakı ölkələrin ərazi bütövlüyü­nün qarşılıqlı surətdə tanınması ilə bağ­lı rəsmi açıqlamalarda bulunmazdılar. Məsələnin siyasi tərəfinə gəldikdə isə iki ölkə arasında sülh müqaviləsinin harada və nə vaxt imzalanacağı barədə Bakının öz mövqeyi var və onu açıq şəkildə bil­dirib. Bəli, təklif olunan yeni platformada sülhün yalnız bölgə dövlətlərinin iştirakı ilə “3+3”, yaxud “tet-a-tet” formatda əldə olunacağı nəzərdə tutulur. Əlbəttə, bu zaman ikiüzlülüyünə şübhə yeri qalma­yan Avropa İttifaqının və ABŞ-ın sülh­yaratma təşəbbüslərinə ehtiyac yoxdur. Yəqin diqqətli oxucuya “qırmızı bayraq və xəbərdarlıq” şousunun əsl məramı bəlli oldu.

Durbininizi çevirin, cənablar!

Qayıdaq Azərbaycanın üzərinə “həyə­can bayrağını silkələyən” Lemkin İnstitu­tunun üstünə. Bu institutun Azərbaycana qarşı narahatlıq dolu “bayraqqaldırma” aksiyasının zəminində Bakının Zəngəzu­ru işğal etməyə hazırlaşdığı barədə ermə­ni mediasının və onlara “züy tutan” qərbli “bacı və qardaşlarının” feyk xəbərlərinin dayandığı şübhə doğurmur. Deyəsən, qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən bu institutda son xəbərləri izlə­mirlər. Ya da bölgədəki vəziyyət barədə yalnız hayların dezinformasiyalarını oxu­yurlar. Ola bilsin ki, onlar özlərindən çox uzaqdakı bölgədə baş verənlərə binoklun tərs gözü ilə baxırlar. Əgər obyektiv və tərəfsiz informasiyaya çıxışları olsaydı, o zaman öyrənərdilər ki, Ermənistan əra­zisindən Naxçıvana keçəcək Zəngəzur dəhlizi layihəsi Azərbaycan üçün artıq cəlbediciliyini itirib. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Admi­nistrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Rəsmi Bakının mövqeyi sayılan bu fikri bir həftə bundan əvvəl “POLİTİCO” nəş­ri də oxucuların nəzərinə çatdırıb. İndi Azərbaycandan Naxçıvana İran ərazisin­dən keçəcək avtomobil və dəmir yolunun inşası ilə məşğuldur. Yəni, İrəvan daha çox özünə fayda verəcək layihədən imti­na edəndən sonra Bakı bu variantı seç­di. Çünki indi bölgədə siyasi-iqtisadi oyun qaydalarını diktə edən tərəf odur. 

Etnik yarımçıqlıq kompleksi

Bu məqamda oxucuları ermənipərəst Lemkin İnstitutu barədə məlumatlandı­raq. Üç il əvvəl ABŞ-ın Pensilvaniya şta­tında təsis edilmiş “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu” Türkiyə ilə bərabər, Azərbaycanı da hədəf seçib. Bu gün ABŞ başda olmaqla, ermənipərəst dövlətlər Lemkinin yalanlarınıın ucun­dan tutub ucuzluğa getməyi, uydurma faktlarla Azərbaycanı gözüqıpıq etməyi qarşılarına məqsəd qoyublar. Ötən əs­rin ortalarında “1915-ci ildə türklər 1,5 milyon ermənini qırıblar” yalanını dünya­ya üfürən ukraynalı-yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin (1900–1959) beynəlxalq rəyi Türkiyəyə qarşı kin və düşmənçiliyə kökləməklə məşğul olub. Yarandığı gündən, yeri gəldi-gəlmədi, Azərbaycana qarşı yalan və böhtanlar yağdıran, onu ittiham edən bu qeyri-hö­kumət təşkilatı beynəlxalq ictimaiyyətdən Azərbaycanın cəzalandırılmasını istəyir. Bu ilin yanvarında iddia edirdi ki, “Azər­baycan “Artsax”ı (Qarabağ) 23 gündən çoxdur blokadada saxlayır”. “Azərbaycan Prezidenti Əliyev on ildən artıqdır ki, er­məni soyqırımı ideologiyasını təbliğ edir, azərbaycanlılarda zorakılıq və vəhşilik­lərlə ifadə olunan ermənilərə nifrət hissi aşılayır. Azərbaycan cəzalandırılmalı, erməniləri qorumaq, insanların və malla­rın sərbəst hərəkətini təmin etmək üçün bağlanan yollara BMT sülhməramlıları yerləşdirilməli, Azərbaycana hərbi yar­dım dərhal dayandırılmalıdır”. 

Bu tip şər-böhtanla kifayətlənməyən Lemkin adına İnstitut hesab edir ki, “soyqırımı”na şərik olan millətlər və təş­kilatlar məsuliyyətə cəlb edilməlidirlər. Ölkəmizə qarşı Qərbin “səlib yürüşçülə­ri”nin tələbləri ilə tam üst-üstə düşən bu tezislərin Lemkin İnstitutuna erməni diasporundan ötürüldüyü qəti şübhə do­ğurmur. Fəaliyyətini qlobal müstəviyə da­şımaq niyyətində olan institutun ABŞ-da­kı erməni diasporu ilə sıx əməkdaşlıq qurduğu, onların müxtəlif məsələlərlə bağlı eyni platformadan çıxış etmələri göz önündədir. Həm də bunu açıq şəkil­də həyata keçirməkdən, haylara dəstək olmaqdan çəkinmir. “Birgə fəaliyyətdən” əyani misal: ABŞ-da qondarma erməni soyqırımının tanınması ilə bağlı institut bu il mayın 7-də sosial şəbəkələrdə aşa­ğıdakı mesajı paylaşıb: “Lemkin İnstitutu dünyadakı erməni diasporunu ABŞ-ın 50 əyalətində soyqırımın tanınma prosesini tamamladığına görə təbrik edir!’’. Bu da humanitar təşkilatın dünyaya üfürdüyü “ədalətli, tərəfsiz” yanaşması. Belə mi­salların sayı onlarcadır. Bəs niyə Soyqı­rımların Qarşısının Alınması İnstitutu bugünədək Xocalı ilə yanaşı, Qaradağlı, Ballıqaya, Başlıbel və Ağdabanda dinc əhaliyə qarşı törədilmiş soyqırımlarına etiraz səsini ucaltmaması bir tərəfə, on­ları araşdırmağa cəhd də etməyib? 

Azərbaycana qarşı təkcə Lemkin İns­titutu deyil, ermənipərəst bütün təşkilat və idarələr “qırmızı həyəcan bayrağı” qal­dıra bilərlər. Yalana, saxtakarlığa və din pərdəbazlığına bürünmüş “ultimatumları” Bakı çox eşidib. Əslində, əski parçasın­dan fərqlənməyən belə psevdo-bayraq­ların birinin hansı aqibətlə üzləşdiyinə bütün dünya şahidlik etdi. Deyəsən, Cə­nubi Qafqazdan, faktiki olaraq, qovulmuş kənar güclərin, yad ünsürlərin arsenalı tükənib. Azərbaycanın qətiyyətli mövqe­yindən əməlli-başlı əndişələnmiş həmin cəbhənin əlində qalan elə “virtual həyə­can bayrağı” imiş. Bakı isə onları oyun qaydalarını kobud şəkildə pozduqlarına görə, bölgənin geosiyasi meydanından “qırmızı kart”la çıxarıb. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Qeyri-hökumət təşkilatı olan Lemkin İnstitutunda dörd-beş nəfər fəaliyyət göstərir. Açığı, bizim və Ermənistan mediasın­dan kənar bu institutun nə adını eşidiblər, nə də özünü tanıyırlar. Onun qaldırdığı hay-küy isə birin­ci növbədə həm ABŞ-dakı, həm də Avropadakı ermənipərəst lob­bilərin, guya, Azərbaycana təsir göstərməsinə hesablanıb. Yəni, bu institutun sözünü eşidən və onunla hesablaşan yoxdur.

ABŞ Dövlət Departamentinin açıqlamasına gəldikdə isə he­sab edirəm ki, bu da müəyyən mənada Ağ ev Administrasiyası­nın özünə xal qazanmaq jestidir. Çünki bu idarəni ermənipərəst konqresmenlər Ermənistana kömək etmədiyinə, bu səbəbdən Qarabağı tam itirdiyinə görə qı­nayırdılar. İndi Ağ ev göstərməyə çalışır ki, o, erməniləri böyük bir bəladan xilas edib. Guya, onun xəbərdarlığı olmasaydı, Azərbay­can Ermənistanın yarısını boşal­dacaqdı və s. Halbuki, rəsmi Bakı ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, bizim qonşunun ərazisində gözümüz yoxdur. O ki qaldı, Zəngəzur dəhlizinə, ona Azərbaycanın marağı itib. Bu yolu İran ərazisi vasitəsilə re­allaşdırmaq niyyətindəyik. İndi Ermənistan Naxçıvana dəmir yo­lunun onun ərazisindən keçməsi üçün Azərbaycana yalvaracaq. Ona görə Bakı indiki durumda İrəvanla nə sülh müqaviləsini im­zalamağa tələsir, nə də kommuni­kasiyaları açmağa. 

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, siyasi ekspert

Əslində, bu, erməni diaspo­runun canfəşanlığıdır. Qərbin media portallarında ermənilər, yaxud maraqları üst-üstə düşən adamlar tərəfindən yazılmış məqalələrin şahidi oluruq. Hamı­sı onu diqqətə çatdırmağa çalışır ki, guya, Azərbaycan Ermənista­na hərbi müdaxiləyə hazırlaşır. Fəqət, Azərbaycan Preziden­ti İlham Əliyev tərəfindən sülh gündəmi bəyan edilib. Onu da bildirib ki, Azərbaycanın Ermə­nistanın torpağında gözü yoxdur. Düzdür, ortada anklav məsələsi var ki, onlar da Ermənistan tor­pağı sayıla biməz. Bu məsələ mütləq öz həllini tapmalıdır. Hər­bi yolla deyil, danışıqlar vasitə­silə, delimitasiya nəticəsində həll olunmalıdır. 

Digər bir məsələ Ermənistan­dan deportasiya olunmuş azər­baycanlıların geri qayıtmasıdır. Bu, heç də ərazi iddiası deyil, beynəlxalq humanitar hüquq çərçivəsində tanınan haqdır. Er­mənilər isə necə deyərlər, “qara məni basınca, mən qaranı basım” aforizmi ilə hərəkət edirlər. Onlar təcavüzkar dövlət kimi torpaqla­rımızı otuz il ərzində işğal altında saxlayıblar. İndi də ideoloji şou yaradıblar. Məqsəd bu yolla Azər­baycana təzyiq göstərmək, eləcə də Qarabağ ermənilərinin geri qayıtması kimi şüarlar səsləndi­rirlər. Bəli, Bakı onların Qarabağa qayıtmasına etiraz etmir, amma bununla paralel şəkildə Ermənis­tandan qovulmuş azərbaycanlıla­rın məsələsi də həll olunmalıdır. 

 

İ.HƏSƏNQALA
XQ





Siyasət