Paşinyanın anti-Rusiya davranışındakı yeni məntiq
Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini ləğv edib. Belə bir fikri ölkənin “Hraparaq” qəzeti yayımlayıb. Digər media vasitələri də məsələyə geniş yer ayırıblar.
Əvvəlcə görək 2020-ci ilin 44 günlük müharibəsinə son qoymuş, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində nə yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Əlbəttə, Ermənistan bölgədəki bütün nəqliyyat əlaqələrinin bərpasında maraqlıdır. Baş nazir Nikol Paşinyan yaxşı başa düşür ki, bu, son dərəcə vacibdir. Ancaq məsələyə bir qədər fərqli yanaşır. O bildirir ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol suveren Ermənistanın ərazisindən keçir və buna görə də həmin yolda ölkəsinin sərhəd və gömrük nəzarəti tətbiq edilməlidir. Üçtərəfli bəyanatda Nikolun dediyinin yolverilməzliyi haqqında bir şey yoxdur. Yalnız sırf bu mənada onu haqlı saymaq mümkündür. Reallıq isə budur ki, erməni baş nazir gücünü söz oyununda sınayır, manipulyasiya yolu tutur.
Göründüyü kimi, sənəddə çox aydın şəkildə qeyd edilir ki, yola nəzarəti Rusiya FTX-si etməlidir. Paşinyan sırf bu məsələni son bir aydakı çıxışlarının, müsahibələrinin hamısında inkar etməklə məşğuldur. Özü də, necə deyərlər, utanıb çəkinmədən. O, yola Rusiya hərbçilərinin nəzarət etməsi ilə bağlı nə isə yazılmadığını vurğulamaqdadır.
***
Ümumən, qeyri-reallığı həqiqət kimi təqdim etmək təkcə Paşinyanın deyil, bütövlükdə, onun komandasının şakəridir. Böyük anlamda yanaşsaq isə bu, tipik erməni xəstəliyinin simptomudur. Təsadüfi deyil ki, onilliklər ərzində boş xülyalar danışıblar. O qədər çox danışıblar ki, dedikləri yalanlara özləri də inanmağa başlayıblar. Görünür, üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı da eyni durumdur. O da görünür ki, Nikol bir neçə dəfə həmin bənddə yer alan müddəanı dandıqdan sonra hansısa həmkarı ona orada Rusiya FTX-si ilə bağlı yazılanları başa salıb. Yəqin, o zaman Paşinyan 9-cu bəndi tamamilə “ləğv edib”. Gülməlidir, deyilmi?
***
Əlqərəz, “Hraparaq” da yazır ki, N.Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini ləğv etdiklərini dar çevrədəki həmkarlarına bildirib. Yəni, məsələnin rəsmi təsdiqi yoxdur. Belə yanaşma Paşinyan iqtidarının adətidir. Söhbət heç vaxt heç nəyi birbaşa, açıq şəkildə bildirməməkdən gedir. Nikol, eyhamlı danışmaqla, öz aləmində, diplomatik davrandığını sanır.
Eyhamlı danışmaqdan söz düşmüşkən, Paşinyan bir neçə gün əvvəl Ermənistanın 2024-cü il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı ölkəsinin Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi bölmənin yaradıldığını bildirib və deyib ki, məhz həmin bölmə Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yola nəzarəti həyata keçirəcək. Onu da nəzərə alaq ki, rəsmi Bakı Ermənistandan keçməklə Naxçıvana yol məntiqindən daşındığını açıqlayıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yolun İran ərazisindən keçəcəyini deyib. Şübhəsiz ki, bu, Ermənistanın məsələ ilə bağlı üçtərəfli bəyanatda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyə razı olmamasından irəli gələn fikirdir. Bu, həm də o deməkdir ki, Bakı İrəvanın təhlükəsizlik təminatına güvənmir. Deməli, Nikolun ölkəsinin Təhlükəsizlik Xidmətində əlavə bölmə yaratmasına və bunun üçün büdcədən vəsait ayırmasına ehtiyac yoxdur.
***
Məsələyə bir qədər fərqli yanaşmaq, eləcə də Azərbaycanın Naxçıvana yolla əlaqədar son qərarına aydınlıq gətirmək üçün üçtərəfli bəyanatın 6-cı bəndinə diqqət yetirək. Bu bənddə Laçının Azərbaycana qaytarılması ilə yanaşı bildirilir ki, “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.
Əlbəttə, Ermənistan bu bəyanat üzrə bir çox öhdəliklərini yerinə yetirmədiyi kimi, Laçın yolu üzrə yeni hərəkət marşrutu məsələsinə də əhəmiyyətsiz yanaşdı, ümumən, təxribatçı mövqe tutdu, Qarabağdakı separatçı qurumu az qala ayrıca dövlət kimi təqdim etməyə çalışdı, Laçın dəhlizi məntiqinə kökləndi və ona bir növ, eksteritoriallıq hüququ qazandırmağa cəhd göstərdi və sair. Bütün bunlar Azərbaycanı qəti addımlar atmağa vadar etdi və bu il sentyabrın 19-da başlamış və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri ilə ölkəmiz suverenliyinə qovuşdu. Artıq nə separatçı qurum var, nə də onun üçün nəfəslik funksiyasını yerinə yetirən Laçın dəhlizi. Azərbaycanla Ermənistan arasında hələlik tam müəyyənləşməmiş sərhəd xətti mövcuddur ki, həmin xətdə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi fəaliyyətdədir. Deməli, üçtərəfli bəyanatın yeni marşrut məntiqi də yoxdur.
Belə görünür ki, üç il əvvəl Naxçıvana Ermənistandan keçməklə gedəcək olan yol məsələsi məhz üçtərəfli bəyanatın 6-cı bəndinə qarşılıq irəli sürülmüşdü. Yəni, o zaman Laçın dəhlizi məntiqi var idisə, ölkəmiz üçün də Zəngəzur dəhlizi məntiqi meydana çıxmışdı. Bu, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin son dərəcə incə düşünülmüş gedişi idi və əslində, 44 günlük müharibədən sonrakı diplomatik savaşın mühüm elementi kimi özünü göstərirdi. Hər halda, indi belə nəticəyə gəlmək mümkündür.
***
Bəli, Ermənistan üzərinə götürdüyü heç bir öhdəliklərə riayət etmədi, ötən müddətdə Qarabağdakı separatçı rejimi hər cür təmin etməyə və möhkəmləndirməyə girişdi. Üstəlik, N.Paşinyan, demək olar, bütün platformalarda Zəngəzur dəhlizi ideyasına qarşı barışmaz mövqeyini ortaya qoydu. Heç fərqinə də varmadı ki, bu cür ritorika ilə özünü çətin duruma salır. Bu gün isə o, faktiki olaraq Zəngəzur dəhlizinin tərəfdarı kimi çıxış edir. Nəinki çıxış edir, eyni zamanda, az qalır ki, ideyanın reallaşması üçün yalvarsın. Nikolun durmadan məsələdən söz açması fikrimizin təsdiqidir. Onu da deyək ki, erməni baş nazir söhbəti Zəngəzur dəhlizi şəklində deyil, “Dünya kəsişməsi” kimi qoyur.
N.Paşinyan özünün “Dünya kəsişməsi”ndə Rusiyanı heçə saymaq yolunu tutur. Nəzərə alaq ki, üçtərəfli bəyanatın 9-cu bəndinin ləğvi məsələsinin gündəmə gəlməsi də İrəvanın anti-Rusiya siyasətinin “məhsulu” kimi meydana çıxıb. Böyük ehtimalla Nikol Moskvanın adekvat davranışının nədən ibarət olacağını yoxlamaq istəyir. Ona görə məsələni şayiə kimi ortaya atır. Əlbəttə, Kreml şayiəyə reaksiya verən deyil. Amma ümumi ab-havadan və Rusiyanın siyasi istableşmentinin fikirlərindən reaksiyanın nədən ibarət ola biləcəyini təxmin etmək mümkündür.
Ə.RÜSTƏMOV
XQ