Görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovla müsahibəmiz davam edir.
İkinci söhbət
– Hidayət müəllim, danışdıqlarınızdan bəlli olur ki, Heydər Əliyevin birinci hakimiyyəti illərində, yaxşı vaxtlarında, hakimiyyətin zirvəsində olanda onunla şəxsi tanışlığınız, münasibətiniz olmayıb. Nədən Heydər Əliyev 1987-ci ildə bütün səlahiyyətlərini itirəndən sonra inadla, dönmədən onu müdafiəyə qalxdınız? Bu bir əxlaq məsələsi idi, yoxsa milli heysiyyatdan, qeyrətdən doğan qərar?
– Mən qısa müddətdə Mığrıda işləyəndən sonra İrəvana bir inqilabçı ruhu ilə getmişdim. Əlbəttə, Bakıya gəlib rahat və yaradıcı bir mühitdə işləyə bilərdim, karyera qurardım. Bunun üçün perspektivlər böyük idi. Amma Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın həyatına da biganə qalmaq, onları öz talelərinə buraxmaq, soy-kökə, doğma yurda etinasızlıq, öz ruhumu tərk edib getmək olardı. Burada da erməni təzyiqi altında olan xalqımıza müsbətə doğru bir dəyişikliyə nail olmaq istəyirdim. İliyinə qədər millətçi olan ermənilərin əhatəsində buna nail olmaq çətin və mürəkkəb bir iş idi. O zaman üzə vurmasalar da, bizə olan münasibəti açıq hiss edirdik. Bir müddət işləyəndən sonra bunu daha aydın hiss etdim. Amma Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı fərqi də aydın gördüm. O zaman dərk etdim ki, nüfuzlu, güclü Azərbaycanın, onun qətiyyətli, sözübütöv, qüdrətli rəhbərinin olması nəinki Qərbi Azərbaycanda, bütün Sovet İttifaqı ərazisində yaşayan həmvətənlərimizin taleyində çox mühüm rol oynayır.
Ona görə mən Heydər Əliyevlə cəmi bir dəfə, qəfil bir görüşdən başqa heç vaxt görüşməsəm də, onu şəxsən tanımasam da ona heyran oldum, Heydər Əliyevçi oldum. 1987-ci ildə ona qarşı təqiblər başlayanda özümə mənəvi və əxlaqi bir borc bildim ki, Heydər Əlirzaoğlunun özünün xəbəri olmadan belə, heç bir təşəkkür gözləmədən onu müdafiə edim. Bəlkə də təvazökarlıqdan kənar görünür, amma həqiqətdir ki, Heydər Əliyevi elə məqamlarda müdafiə etmişəm, Azərbaycanda bəlkə də heç bir yazıçı, heç bir jurnalist, onu mənim kimi ardıcıl müdafiə etməyib. O zaman Azərbaycandan kənarda yaşayanlar, xüsusilə Ermənistanda yaşayanlar Heydər Əliyevin xalqımız üçün necə böyük dəyər olduğunu daha yaxşı dərk edirdilər. İrəvandan Heydər Əliyevin böyüklüyü, bütün azərbaycanlılar üçün müstəsna bir şəxsiyyət olduğu daha aydın görünürdü. Lakin Heydər Əliyev haqqında əfsanələr gerçək olanda, onun şöhrəti nəinki Azərbaycanın, Cənubi Qafqazın silsilə dağlarını aşıb Sovet İttifaqına, dünyaya yayılmağa başlayanda artıq ermənilər ona qatı düşmən kimi münasibət bəsləməyə başladılar.
Bir xatirəni də danışım. 1960-cı illərdə Azərbaycanda mədəni həyatda da bir qədər durğunluq var idi və teatr, incəsənət arxa planda idi. Heydər Əliyev gələndən sonra təbii ki, bu sahəyə də çox böyük diqqət və qayğı göstərməyə başladı. Yadımdadır, o illərdə SSRİ xalq artisti, SSRİ Ali Sovetinin deputatı, məşhur teatr rejissoru Hraçya Qaplanyanı Bakıya dəvət etmişdilər. İstəyirdilər onu teatrda islahatlar aparmaq üçün bir məsləhətçi kimi istifadə etsinlər. Heydər Əliyev onu şəxsən qəbul etmişdi. Qaplanyan İrəvana qayıdandan sonra mənə danışdı ki, Heydər Əliyev ona deyib: “Mənə dedilər, qonşu respublikada belə bir teatr rejissoru var. Mən də dedim, niyə Moskvadan, ayrı respublikalardan mütəxəssis çağıraq, elə öz qonşularımızdan dəvət edək”.
Qaplanyan danışırdı ki, “Azdrama”nı gəzəndə baxdım ki, səhnə avadanlığı, texnika çox köhnədir. Əksər avadanlıq lap sıradan çıxmış vəziyyətdə idi. Bütün bunları Heydər Əliyeviçə bir ürəyiyananlıqla dedim. Heydər Əliyev də dedi: “Görürsünüz də, bütün bunları mənə heç kim deməyib. Lazım olan qurğular, səhnə avadanlığı barədə məlumat verməyiblər”. Deyir, “Mən barmağımı dişlədim ki, birinci katibə danışdıqlarım Bakıdakı həmkarlarım üçün yaxşı olmayacaq. Çünki eşitmişdim ki, Heydər Əliyeviç işinin öhdəsindən gələ bilməyən bir neçə naziri bir gündə işdən çıxarır. Ona görə vəziyyəti düzəltmək üçün dedim: “Heydər Əliyeviç elə bizdə də avadanlıq belə idi, son vaxtlar dəyişməyə başlamışıq”.
Qaplanyan Bakıda Azərbaycan Akademik Milli Dövlət Dram Teatrında Şekspirin “Üçüncü Riçard” pyesini tamaşaya qoymalı idi. Bu da bir erməni bicliyi idi ki, demişdi bir erməni əsəri qoyum truppanı tanıyım. Qərara gəlmişdi Hakop Paronyanın “Şərqli diş həkimi” pyesini səhnələşdirsin. Paronyan Türkiyə ermənisi olduğu üçün əsərinin dili çox qəliz idi. Ona görə rejissor demişdi bu əsəri ancaq Hidayət tərcümə edə bilər. Tərcümə etdim və əsəri səhnəyə qoydular. Tamaşada Hökümə Qurbanova və bizim digər məşhur sənətkarlarımız oynadılar. Buna baxmayaraq, sonra heç Qaplanyan da bura gələsi olmadı, məsləhətçiliyi də baş tutmadı.
Yəni Heydər Əliyevin əzəməti, böyüklüyü məni elə şövqləndirmişdi ki, 1982-ci ilin noyabrında o SSRİ-nin baş şəhəri Moskvaya dəvət olunanda, Siyasi Büronun üzvü seçiləndə, Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndə ona bir şeir də yazmışdım. Şeirdə belə misralar var:
Dağ başında dalıb kövrək xəyala,
Zirvələrdən əl edirəm hər yala,
Ayaqlarım yol maşını!
Şimala
Yön alıram, qarlı, buzlu bir səhər.
Bu qış başqa qış olacaq, əzizim,
Donmayacaq çayım, çeşməm, dənizim!
İzsiz göyə iz salacaq hər izim,
Öz qınında çatlayacaq çox qəhər.
Məlikməmməd oyanacaq o başdan,
Dəli Domrul sağ çıxacaq vuruşdan,
Simurq quşum, bu qışdakı uçuşdan
Başlayacaq Aya, Günə min səfər
– Hidayət müəllim, siz Bakıya gələndə Heydər Əliyevə münasibət necə idi? Onun qoyub getdiyi kadrların söhbətlərində, danışıqlarında bir dəyişiklik hiss edirdinizmi?
–Bakıya 1984-cü ildə gəldim və bir müddətdən sonra hiss etdim ki, açıq bəyan etməsələr də, üstüörtülü bəzi dairələrdə Heydər Əliyevə münasibətdə bir qərəz, kin var. Əlbəttə, tənqid etməyə, haqqında nəsə danışmağa cəsarət etmirdilər. Çünki Heydər Əliyev Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi.
Sovet İttifaqı da yavaş-yavaş çalxalanmağa başlayırdı deyə, ermənilər donosbazlıq edirdilər. 3 ildən bir az artıq müddətdə Baş katiblərin üçü bir-birinin ardınca vəfat etdilər və 1985-ci ilin martında artıq Mixail Qorbaçov hakimiyyətə gəldi. Bundan sonra Kremldə ermənipərəst qüvvələr güclənməyə başlamışdı. Daha çox onlar Əliyevə qarşı gizli yazışmalar, donoslar təşkil etdirirdilər. Hiss edilirdi ki, Heydər Əliyevə qarşı çox ciddi şəkildə kampaniya aparırlır. Azərbaycanda da Əliyevin yaxınlarına münasibət sürətlə dəyişirdi...
Mən “Gənclik” nəşriyyatının baş redaktoru işləyirdim. Bir gün “Təbiətin yaşıl libası” kitabının müəlliflərindən biri, elmlər namizədi Mahmud Xəlilov həmin kitabın çapı ilə bağlı yanıma gəlmişdi. Heydər Əliyev də bir neçə ay olardı ki, Qorbaçovun təzyiqi ilə istefaya getmişdi. Kitabın da əsas müəllifi Heydər Əliyevin böyük qardaşı akademik Həsən Əliyev idi. Mahmud müəllimə dedim: “Siz bu təzə qəzetlərə baxın, mən də bir kitaba baxım, sonra qərarımı deyim”. Kitabı bir xeyli vərəqləyib bəzi yerlərini diqqətlə oxudum və dedim mən bu kitabı çap edəcəm. Mahmud müəllim bir az diksinən kimi oldu, yəni Heydər Əliyevin qardaşı Həsən Əliyevin müəllifi olduğu kitabı çap etmək olar? Təkrar sual verdi ki, “nə vaxt çap edə bilərsiniz?” Dedim: “Gələn ilin planına salıb çap edərəm”. Onu tam arxayın yola saldım. O gedəndən bir saat, saatyarım sonra Həsən müəllim mənə zəng etdi. Dedim: “Arxayın olun, kitabı çap edəcəyik, mən qərarımı bildirdim”. Dedi: “Gəlib sizi görmək istəyirəm”. Dedim: “Ağsaqqalı ziyarət edərlər. Mən özüm sizin yanınıza gələrəm”. Vədələşdik, elə sabahı günü Coğrafiya İnstitutuna getdim.
Payız idi, hava da soyuq. Mən qəbul otağına girəndə, Həsən müəllimin yanında Moskvadan qonaqlar var idi. Qonaqları qoyub gəlib mənimlə görüşdü və üzbəüz otağa keçdik. Çox səmimi söhbətimiz oldu, bir az da uzun çəkdi. Açığını deyim ki, çox maraqlı tarixi hadisələr danışdı. Əlbəttə, hamısını danışmaq çox vaxt aparar. Amma maraqlı bir faktı deyim. Həsən müəllim danışırdı ki, 1918-ci ildə erməni quldur dəstələri ilə Zəngəzura gələn Andranik, Dro, Nijde onların yaşadığı kəndə də soxulublar və təkcə Heydər Əliyevin atası Əlirza kişinin yaxınlarından, ailəsindən 18 ya 19 nəfəri qətlə yetiriblər. Yəni 40-45 dəqiqədə Həsən müəllim mənə ermənilərdən o qədər zəngin faktlar danışdı, mən heyrətə gəldim ki, bu insan Azərbaycanın yeni tarixini nə qədər yaxşı bilir. Sonra yenə kitabdan söz saldı, dedim: “Həsən müəllim, kitabdan arxayın olun, onu çap edəcəyik”. Sonra bir-iki nəfər mənə dedi: “Başın ağrıyacaq, yuxarıda eşidər-bilərlər, işini çətinə salma”. Amma heç nəyə baxmadan kitabın çapını “genplana” saldım və həqiqətən də kitab 1988-ci ildə işıq üzü gördü.
İlk görüşümüzdən sonra Həsən müəllim hər dəfə “Azərnəşr”in binasının yaxınlığından keçəndə mütləq mənim yanıma qalxar, siyasi proseslərdən, yaxın tariximizdən çox maraqlı söhbətlər edərdi. Son dərəcə maraqlı və dərin zəkalı bir insan idi. İkinci bir tərəfdən də, dünya çapında kifayət qədər yaxşı tanınan təbiətşünas alim idi. Bununla yanaşı, həm siyasi prosesləri dərk edən, vaxtilə Azərbaycan rəhbərliyində təmsil olunan dövlət xadimi idi...
– Həmin illərdə mən universitet tələbəsiydim, amma Heydər Əliyevə olan isti münasibətimdən hadisələri diqqətlə izləyirdim. Həqiqətən, ulu öndərə qarşı təkcə Moskvada deyil, Bakıda da son dərəcə ədalətsiz hücumlar olurdu. Demək istədiyim odur ki, onu müdafiə etmək, onunla bir səngərdə olmaq elə də asan məsələ deyildi. Yəqin Sizə də təzyiqlər az olmayıb?
– Azərbaycanda, sözün əsl mənasında, Heydər Əliyevə qarşı ikinci cəbhə açılmışdı. Yəni Heydər Əliyevin qurub-yaratdığı, inkişaf etdirdiyi Azərbaycanda ən yüksək vəzifələrə irəli çəkdiyi milli kadrların böyük bir hissəsi ulu öndər vəzifədən gedən kimi onun əleyhinə çıxışlar etməyə başlamışdılar. Bir qism adamlar da sadəcə onlara dəyib-dolaşmasınlar deyə, kənara çəkilib susurdular. Ortada bir-iki tanınmış adam qalmışdı, onlardan biri mən idim, biri Əjdər Xanbabayev idi və s.
Yeri gəlmişkən, əvvəlcə elə rəhmətlik Əjdər müəllim haqqında söz açım. Əjdər müəllim “Azərnəşr”in direktoru, mən isə “Gənclik” nəşriyyatının baş redaktoru idim. Bir binada otururduq. Əjdər müəllim əvvəllər Dövlət Mətbuat Komitəsinin sədr müavini idi, amma Əbdürrəhman Vəzirov birinci katib təyin olunan kimi, Naxçıvandan, Qərbi Azərbaycandan olan bütün vəzifəli adamları bir-bir vəzifədən uzaqlaşdırdı. Onu da Mətbuat Komitəsindən “Azərnəşr”ə direktor göndərdilər.
Bir gün nahar fasiləsində gördüm Əjdər müəllim bir neçə əməkdaşımızla “Azərnəşr”in giriş qapısında durub söhbət edir. Bundan 20-25 gün əvvəl də Əjdər müəllim öncə Türkiyədə olmuşdu, sonra qayıdıb bir gün Bakıda qalıb İrana getmişdi. Bu müddətdə onu görməmişdim. Məni görən kimi çağırdı və dedi, sənin filan yazını oxudum, çox yaxşı idi. Mən də zarafatla dedim: “Əjdər müəllim, bunu İranda oxudunuz, yoxsa Türkiyədə?”
Dedi: “Mən onu Naxçıvanda oxudum, sonra Culfadan Moskvaya telefonda bir adama onun bəzi yerlərini oxudum, sonra getdim İrana”. Heç ağlıma gəlməzdi ki, o Moskvada bunu kimə oxuya bilər. Dedim: “Təşəkkür edirəm ki, mənim yazılarımı oxuyursunuz”. Dedi: “Mən sənin yazılarını nəinki oxuyuram, onları yığıram”. Sonra qayıtdı: “Gedək mənim kabinetimə, sənə deyəcək sözüm var”. Qalxdıq kabinetə. Əjdər müəllim stolun siyirtməsindən bir qovluq çıxartdı, üstünə elə rus dilində yazılmışdı “İdayat”. Ordan elə materiallarımı çıxarıb göstərdi, məətəl qaldım, hətta dedim: “Əjdər müəllim, bunların çoxu heç mənim özümdə yoxdur. Verərsiniz, üzünü çıxarıb qaytararam”. Dedi: “Baxarıq”. Doğrusu, mənim heç ağlıma gəlməzdi ki, onun Heydər Əliyevlə yaxınlığı ola bilər. Bu söhbətimiz 1990-cı il may ayının sonunda nahar vaxtı oldu.
Bir neçə gün sonra iş vaxtının sonunda Dövlət Nəşriyyat Komitəsinin sədri Rəşid Mahmudovun yanına qalxdım, ona bir-iki sözüm vardı. Katibə dedi, yanında adam var, çıxsın sonra siz keçərsiniz. Keçdim sədrin müavini Rafael Məmmədovun kabinetinə. Gördüm Əjdər müəllim də, şair Taleh Həmid də burdadılar. Həmin günü mən maşınsız idim. Talehə dedim, nə yaxşı burdasan, maşınnansa məni də evə apararsan. Dedi: “Baş üstə”. Burada bir az söhbətləşəndən sonra mən Rəşid müəllimin yanına girib sözümü deyib çıxdım ki, Taleh məni gözləyir. Əjdər müəllim qaldı Rafael müəllimin kabinetində, biz durub getdik evə.
Evə çatıb əl-üzümü yudum, yenicə stola oturmuşdum ki, telefon zəng çaldı. Qaldırdım ki, Cəlal Əliyevdir. Hövlənək dedi: “Əjdəri vurdular!” Əvvəl ağlıma gəlmədi ki, hansı Əjdərdən söhbət gedir. Sonra dedi: “Bəs Əjdər Xanbabayevi deyirəm”. Dedim: “Axı 40-45 dəqiqə əvvəl bir yerdəydik”. Dedi: “Bilirəm”.
Bundan xeyli əvvəl, bir gün iş otağımda oturub kitab oxuyurdum, qəfil qapı açıldı, Cəlal Əliyev girdi içəri. Açığı onu həyatda heç görməmişdim, amma qapıda görən kimi tanıdım. Mənim yazılarım onda maraq oyadıb, gəlib ki, görüm bu Hidayət kimdir? Təşəkkür etdi, xeyli söhbət etdik. Sonralar Heydər Əliyevin əsasən xaricdə çap olunmuş müsahibələrini gətirib mənə verdi. Ulu öndər hələ Moskvada idi, Bakıya gəlməyə imkan vermirdilər. Mən də əlaqələrimdən istifadə edib bu müsahibələri faksla İrana, Türkiyəyə, hətta Polşaya göndərdim. Polşada bir Kulik adlı redaktor tanışım vardı, mən ona göndərdiyim materialları o da başqa sosialist ölkələrinə yayırdı.
Aradan illər keçdi. Heydər Əliyev artıq Azərbaycan Prezidenti idi. Bir dəfə də Respublika sarayında tədbir öncəsi yüksək vəzifəli məmurlar, nazirlər həmişəki kimi salonun arxasındakı gözləmə otağına toplaşmışdılar. Heydər Əliyev hələ gəlməmişdi. Cəlal müəllim də oradaydı. Mənə baxıb dedi ki, “gördüm bir oğlan elə yazır e, heç nəyə baxmır. Dedim, görüm bu kimdir. Əvvəl kitab çap etmək bəhanəsiylə “sekretarımı” göndərdim. Bu gəlib Hidayət haqqında yüksək fikirlər söylədi. Sonra özüm durub getdim yanına...”
Cəlal Əliyevin Əjdər müəllimlə bağlı söylədiyinə heç cür inana bilmirdim. Bir- iki dost-tanışa, onunla bir binada yaşayan əməkdaşlarımıza telefon açdım. Konkret bir fikir deyən olmadı. Yadıma Bakı Dövlət Universitetinin müəllimi Əliyar Səfərli düşdü. Əjdər müəllimlə dost idilər. Əjdər müəllim də Mətbuat Komitəsinin mikrorayonda təzə istifadəyə verilmiş binasına yenicə köçmüşdü. Əliyar müəllimə zəng vurub Əjdər müəllimin təzə evinin telefonunu istədim, dedi məndə də yoxdur. Bir neçə dəqiqə fikrə getdim ki, kimdən öyrənim, bu xəbər düzdür, yoxsa yox. Telefon zəng çaldı. Qaldırdım ki, Əliyar müəllimdir. Dedi: “Day axtarma. İş-işdən keçib. Həkimin özü ilə danışdım. Əjdər artıq həyatdan köçüb”. Çox mütəəssir oldum...
Sonra öyrəndik ki, Əjdər müəllim Heydər Əliyevlə çox sıx əlaqə saxlayırmış və onun Bakıya qayıtmasına hazırlıq işləri görürmüş. Bunu da təbii ki, o zamankı hakimiyyətə tabe olan xüsusi xidmət orqanları bilib və rəhbərliyə məlumat veriblər.
Əjdər Xanbabayevin “Azad qadın” heykəlinin arxasında yaşayan dostu bir neçə ay əvvəl rəhmətə gedibmiş. O da vaxtaşırı bazarlıq edib, elə qapıda ailəsinə verib çıxırmış. Bunu izləyiblər. Son dəfə də zənbili dostunun evində qapıda verib gəlir və maşına oturanda onu odlu silahla vururlar.
Dəfn günü Rəşid Mahmudov mənə zəng vurub dedi, sən orda çıxış et. Dedim: “Rəşid müəllim, yaxşı olardı Əjdər müəllimlə bir yerdə işləyən yaşlı adamlardan biri çıxış etsin. Axı mən onunla işləməmişəm, yaxından dostluğumuz olmayıb”. Gördüm Rəşid müəllim çox təkid edir. Sonra bildim ki, heç demə çıxış edən tapılmırmış. Əjdər müəllim də çox nüfuzlu şəxs idi və Azərbaycanda ən peşəkar naşir idi. Heydər Əliyevlə əlqələrini bilib dəfnində qorxudan heç kim çıxış etmək istəmirdi. Mən razılaşdım.
Cənazəni Ensiklopediya Mərkəzindən götürdülər. Amma mitinq qəbiristanlıqda oldu. Orada şair Bəxtiyar Vahabzadə, mən, bir də Elmlər Akademiyasından bir nəfər danışdı. Açığı, mən çox emosional çıxış etdim. Düzdür, çəkiliş yox idi. Amma sonra bildim ki, Əjdər müəllimin qohumu Rizvan Vahabov xəlvəti çıxışları diktafona yazıbmış. Bir müddət sonra Rizvan həmin çıxışımı mənə bağışladı. Yazıçı-jurnalist Elmira Axundova mənim o çıxışımı “Naşirin ölümü” kitabına salmışdı.
Əjdər Xanbabayevin dəfnindəki çıxışımdan sonra mənə qarşı yeni hücumlar başladı. O vaxt Naxçıvanda mətbəələrə baxan bir idarə var idi, Mətbuat Komitəsinin tabeliyində idi. Onun müdirini tanıyırdım, bir neçə dəfə yanımda olmuşdu. Əjdər müəllimin qətlindən sonra məxsusi olaraq yanıma gəlmişdi. Dedi: “Əjdər müəllim Naxçıvana gəlmişdi, sizin qəzetdə dərc edilən, Heydər Əliyevi dəstəkləyən yazınızı oxudu. Sonra istədi bunu Heydər Əliyevə çatdırsın. Evdən zəng etmədi, Naxçıvandan da zəng etmədi. Culfaya getdik, ordan danışıq məntəqəsindən Moskvaya zəng vurdu və sizin yazınızı, demək olar, əvvəldən axıra qədər Heydər Əliyevə oxudu”.
(ardı var)
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist