Ana dilinin və dilçiliyin böyük himayədarı

post-img

Azərbaycan ədəbi dili dilçilik elminin inkişafı nöqteyi-nəzərindən tarixin müəyyən məqamlarında diferensiya və inteqrasiya baxımından təzadlı mərhələlərini yaşayıb. Bu faktorları şərtləndirən başlıca amil, ilk baxışda nə qədər paradoksal görünsə də, milli dövlətçiliyimizin taleyində yaşanan qabarmalar və çəkilmələrlə bağlıdır.

Azərbaycan dil tarixi məktəbində ədəbi dilimizin ümumxalq dil platformasında for­malaşması barədə postulatların məntiqi də təsdiq edir ki, hər bir dilin normal inkişaf mühiti dedikdə, o dilin daşıyıcısı olan xalqın dövləti və dövlətçilik təfəkkkürü başa düşü­lür. 

Adi həqiqətdir ki, dilin areal və leksik ge­nişliyi onun daşıyıcısı olduğu dəyərlərin miq­yası ilə ölçülür. Bu məlum həqiqətin daha bir təsdiqi bütün dillərin inkişaf yollarının onun müxtəlif ictimai-siyasi, nəzəri mülahizələrin predmetinə çevrilməsi ilə bağlıdır. Azərbay­can ədəbi dilinin təşəkkül tapmasını ona görə də dilçilik məktəbimiz XIX əsrin sonlarına yaxın, milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi”nin nəşri ilə başlayan, daha sonra “Şərqi-Rus”, “Həyat”, “Fyüzat”, “İrşad”, “Tazə Həyat”, “Molla Nəsrəddin”, “Bahar”, “Kəşkül” və digər çoxsaylı qəzet-jurnalların fəaliyyəti ilə bağlayır. 

Bununla belə, ədəbi dilimizin forma­laşması dövrü 1918-ci illər ərəfəsi və ondan sonrakı dövrlərlə, demək olar ki, sinxronlaş­dırılmış bağlılığı mübahisəsiz qəbul edilir. Elmi-filoloji qaydalar vәnormaları ilə dil tariximizin ən böyük faktı kimi Mizrə Fətəli Axundovun nəsr və dramaturgiyasında, mil­li mətbuatımızın standartı kimi qəbul edilən “Əkinçi” və “Fyüzat”ın səhifələrində, teatr tamaşalarında, nəhayət, Cümhuriyyətin elan olunmasından sonra dövlət dəftərxanalarında görünən ədəbi dil genişlənərək zənginləşmək üçün münbit şərait axtarışında idi. 

1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının 23 aylıq fəaliy­yəti müddətində dilimizə Dövlət dili statusu verilməklə, onun işlənmə arealının sürətlə ge­nişlənməsi üçün dövlətin iradəsi bu məsələdə həlledici oldu. Proses cəmiyyətin ictimai-si­yasi həyatı ilə o qədər üzvi bağlılıqla inki­şaf edirdi ki, onun qarşısını 1920-ci il aprel ayının 28-dən, yəni Cümhuriyyətin bolşevik Rusiyası tərəfindən devrilməsindən sonra da almaq mümkün olmadı. Dilçiliyimizdə məhz Azərbaycan ədəbi dilinin funksional tipo­logiyasının müəyyənləşməsi həmin dövrlər­dən hesablanır. Üstəlik, həmin dövrlər onun müqayisəedilməz səviyyədə inkişafı, oynadı­ğı sosial rol, işlənilmə zərurətinin artması – bütün bunlar dilimizin inkişaf tarixində yeni və əsaslı mərhələnin başlanğıcını qoydu.

Başlanan proses daxilində, xalqımızın ic­timai-siyasi baxışları ilə heç də üst-üstə düş­məyən yeni bir ictimai formasiya mühitində Azərbaycan ədəbiyyatı və mədəniyyətində, onların fonunda milli mətbuatımızın inkişaf tendensiyası müşahidə edilirdi. Azərbaycan peşəkar musiqi sənətinin əsasını qoymuş Üzeyir Hacıbəylinin şəxsində mədəniyyəti­miz, Rza Təhmasib, Sidqi Ruhulla, Mirzağa Əliyev, Abbasmirzə Şərifzadə, Mustafa Mər­danov, Leyla Bədirbəyli və digər sənət adam­larının çiyinlərində dayanan teatrımız intibah dövrünü yaşayır və ölkənin ədəbi-mədəni həyatında gedən müsbət tendensiyalar ədəbi dilin inkişaf mühitini yaradırdı. 

Sovetləşmənin birinci onilliyi müddətin­də Azərbaycan dilinin rəsmi olaraq Dövlət dili statusunda olması, 1922-ci ildə Azərbay­can hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tər­tibinin tapşırılması Xalq Komissarları Sove­tinin Sədri, dramaturgiyamızda tarixi dramın banisi Nəriman Nərimanovun şəxsi nüfuzu ilə atılan addımlar idi. O addımlar ilkin nəticə verməkdə idi. 

1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümumittifaq Türkoloji qurultayın tövsiyələ­rinə cavab olaraq, 1929-cu il yanvarın 1-dən Azərbaycan SSR-də kütləvi şəkildə latın qrafikalı əlifbanın tətbiq edilməsi də kinetik enerjinin göstəriciləri kimi qəbul edilə bilər. Baxmayaraq ki, 1940-cı il yanvarın 1-dən Azərbaycanda kiril yazısı əsasında tərtib edil­miş yeni qrafikalı əlifbaya keçildi, amma, necə deyərlər, proses başlamışdı və mütəxəs­sislərdə dilimizin fonetikasının kiril əlifbası ilə ifadəsinin qüsurlu olduğu barədə qənaətlər əvvəl elm və təhsil müəssisələrində, qəzet re­daksiyalarında, hətta siyasi-inzibati rəhbərli­yin kluarlarında pıçıltı ilə olsa da, müzakirə edilirdi.

1969-cu il iyulun `14-də Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlmə­sindən sonra Azərbaycan dili ətrafında yara­dılmış buz qatlarının yoxa çıxması müşahidə olundu. Bu, daha çox o dövrdə Azərbaycan mətbuatının avanqardı olan “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”) 1969-cu il sentyabrın 18-də Akademik Dram Teatrının binasında 50 illik yubiley tədbirində ölkənin gənc və xarizmatik liderinin çıxışına siyasi tribunalardan “yığışdırılmış” ecazkar Azər­baycan dilindəki çıxışı ilə baş verdi. Bundan 42 gün sonra – noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illik yubileyində də Ulu öndər Azərbaycan dilində nitq söylədi. Respublikanın gənc rəhbərinin günümüzdə hamı üçün adi qarşılanacaq bu addımının ötən əsrin 70-ci illərində açıq sə­mada şimşək effekti yaratmasının səbəbini isə 15 il əvvəl ölkədə baş verən və partiya-sovet orqanlarında repressiv adlandıra biləcəyimiz “təmizləmə əməliyyatı” ilə yerli rəhbərliyə və ziyalılara verilən “dərs”də axtarmaq lazım gəlir. 

Bu, 1956-cı il iyul ayının 24-də Azər­baycan KP MK bürosunun “Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR-nin Dövlət dili barəsində maddə əlavə edilməsi haqqında” qərarına Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun kəskin müna­sibətindən sonra Azərbaycan siyasi elitasın­da atılan cəsarətli addım idi. Xatırladaq ki, həmin qərarda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Azərbaycan SSR-in döv­lət dili Azərbaycan dilidir. Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millət­lərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir"- təkilifinin Ali Sovetinin üçüncü sessiyasının müzakirəsinə çıxarılması ilə bağlı təklifinə etiraz edilmirdi.

16-17 illik fasilədən sonra Heydər Əlirza oğlu Əliyevin Azərbaycan siyasi elitasının və SSRİ-nin müxtəlif subyektlərindən, o cüm­lədən Moskvadan gəlmiş qonaqların iştirakı ilə keçən mötəbər məclisdə bütün daşlaşmış ritualları pozması Ümumittifaq səviyyədə diqqətçəkən cəsarətli addım idi. Statistik, hətta, məlumatlı azərbaycanlıların bəlkə də unutduğu və yaxud unutmaq istədikləri o ha­disəni, əlbəttə, Ümummilli lider yaxşı xatır­layırdı. Ancaq strateji planlarla Azərbaycanın 1-ci postuna gələn partiya lideri siyasətin şah­mat oyununda mittelşpil mərhələsinə keçidi qaçılmaz sayırdı. Bu, həm də ona görə idi ki, həmin addımın davamı 1974-cü ildə Azərba­yan SSR Dövlət Mükafatı nominantları siya­hısında “Müasir Azərbaycan dili” dərsliyinin salınması oldu. Növbəti addımın Sovet Azər­baycanı Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili olaraq təsbit edilməsi artıq İttifaq miqyasında siyasi rəhbərliyin Sov. İKP MK-nın Siyasi Bürosunda bu məsələyə münasibət bildirməsi ilə nəticələndi. 

Ümummilli liderimiz Azərbaycana ikinci dəfə siyasi rəhbərliyə gələndən sonra müstəqil Azərbaycan Respublikasının Prezidenti ola­raq yeni Azərbaycan Respublikasının Konsti­tusiyası — Azərbaycan Respublikasının Əsas Qanununun hazırlanması üzrə komissiyanın sədri olarkən atdığı addımlar və bu addımlara ən yüksək səviyyədə reaksiyalar barədə da­nışırdı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş Ana Qanu­numuzda Azərbaycan dilinin dövlət dili kimi salınmasından doğan o söhbətlər nə dərəcədə ibrətamiz idi...

Prezident Heydər Əliyevin dilimizin qo­runaraq inkişaf etməsi ilə bağlı hansısa ali dövlət sənədinə atdığı imzanın arxasında nə qədər səmimiyyət olduğunu həmin tarix haqqında məlumatlı olanlar daha yaxşı bilir­lər.

Belə sənədlərdən biri “Azərbaycan əlifba­sı və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Rrespublikası Prezi­dentinin 2001-ci il avqust ayının 9-da imza­ladığı fərmanıdır. Fərmanın preambulasında həmin hadisənin xalqımızın və dövlətimizin həyatında gün kimi qalmasının hansı zərurət­dən yarandığı və ümumiyyətlə, bu faktın fəl­səfəsi açılır: “Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya siviliza­siyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gə­miqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azər­baycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir”.

Ali dövlət sənədi ilə hər il avqust ayının 1-ni xalqımız Azərbaycan Respublikasın­da Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edir. Bunun ardınca ölkəmiz­də “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunu da xalqımızın ən böyük maddi və mənəvi sərvəti kimi qəbul etdiyimiz Azərbaycan dilinə qayğını dövlətin başlıca vəzifəsi elan edən sənəddir.

Əlbəttə, Ümummilli liderimizin imzaladı­ğı analoji dövlət sənədləri xalqımız və döv­lətimiz üçün ən vacib məsələlərin diqqətdə saxlanılması ilə bərabər, dövlərin və dövlət­çiliyin yaratdığı ənənələr baxımından diqqət­çəkəndir. 2003-cü ilin oktyabrında seçicilərin böyük əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin bu ənənələri qorumaq və inkişaf etdirməyə yönələn addımlarının nəticəsidir ki, xalqımız 20 ildən artıq müddətdə müdrik olduğu qədər də qətiyyətli, strateji düşüncəli dövlət xadimi ilə birlikdə addımlamağa səs verir. Bunun başlıca səbəbi ancaq son üç ildə xalqımızı 35 ilə yaxın müddətdə ən çətin sı­naqlarla imtahana çəkən, ona Xocalı acısını yaşadan, həyatının 28 ilini Şuşasız yaşadan, on minlərlə oğul və qızını qətlə yetirən, 30 ilə yaxın müddətdə ərazisinin 20 faizindən çoxunu işğalda saxlayan, onun ləyaqəti ilə oynayan erməni separatizmini və Ermənista­nı kapitulyasiya aktına məcbur etməsi deyil. Prezident İlham Əliyev bu 20 ildə təsdiq etdi ki, Ümummilli liderin və Zərifə xanım Əliye­vanın ailəsində xalqımıza məxsus ən müqəd­dəs dəyərlərlə böyüyüb və həmin dəyərlərin daşıyıcısıdır. Məhz o dəyərlər Prezident İlham Əliyevin ölkə rəhbəri postunda fəaliy­yətinin əsas generasiya mənbəyi olub və bu keyfiyyət onun taleyüklü strateji məsələlərə yanaşmasında xüsusilə qabarıq görünür. 

Ölkə televiziyaları ilə yayımlanan, Pre­zident İlham Əliyevin Anar Kərimovu mə­dəniyyət naziri təyin olunması ilə bağlı vi­deoformatda qəbul zamanı onun yeni təyin olunan nazirlə söhbəti zamanı Dövlət dilimiz olan Azərbaycan dilinin qorunmasına müna­sibəti nə qədər səmimi və ibrətamiz idi. Bu fikirlər hər birimiz üçün yol xəritəsi idi: “Əs­rlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamı­mızın vəzifəsidir. Mən ana dilinin qorunma­sı ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm. Azərbaycan Milli Elmlər Akade­miyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. He­sab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xü­susi yeri vardır”.

Prezidentin son cümləsindəki təəssüf hissi xalqımızın tarixin müxtəif dövrlərində itiril­miş dövlətçiliyindən yaranan, dolğun dünya­görüşün və zaman-zaman yaratdığı, yaşatdığı, daşıyıcısı olduğu dəyərlərlə zəngin əsərlərin heç də hamısının gələcək nəsillərə çatmadı­ğının etirafı idi. Buna görə idi ki, prezident­liyinin ikinci ilində 2004-cü il yanvar ayının 12-də Dövlət dilinə qayğının təzahürlərindən biri olan sərəncamını imzaladı. Sərəncamda Azərbaycan ədəbiyyatı, mədəniyyəti və el­minin həmin vaxta qədər kiril qrafikalı əlifba ilə çap edilmiş əsərlərin ən gözəl nümunələri­ni latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi müvafiq dövlət qu­rumlarına həvalə edilirdi. Həmin ilin dekab­rında imzalanan digər sərəncam dövlət başçısı Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkə­sinə hədiyyə edilməsini reallaşdırdı. 

İlham Əliyevin prezidentliyi dövründə xalqımızın tarixi köklərinə daha dərindən bağlanılması üçün atdığı müxtəlif addımlarla xarakterik olub. 

Belə addımlardan biri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat olan TÜRKSOY-da Azərbaycanın fəal iştirakı ilə bağlıdır. Ümummilli liderimi­zin xarizması və türk xalqlarının perspektiv gələcəyi ilə bağlı keçirdiyi narahatlıq hissləri qısa müddətdə ölkəmizin bu nüfuzlu təşkilat­da dominantlığını hiss etdirdi. 1996-cı il no­yabrın 6-7-də Bakıda türk xalqlarının birliyi, ədəbi-mədəni əlaqələri ilə əlaqədar üç mü­hüm tədbirin– TÜRKSOY-un VIII toplantısı, Türk dünyası yazıçılarının III qurultayı və Məhəmməd Füzulinin 500 illik yubileyinin yekun tədbirlərinin keçirilməsi bunu ilk ola­raq ortaya qoymuşdu. 

İlham Əliyevin prezidentliyi dövründə türk xalqlarının vahid hədəf uğrunda birliyi nəinki TÜRKSOY-da, habelə müxtəlif plat­formalarda özünü göstərir. Bunun niyə belə olduğunu Prezident TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanladığı təbrik məktubunda təşkilatın nə uğrunda çalışmalı olduğunu, hədəflərini belə göstərirdi: “Türk dünyası öz qədim və möh­təşəm mədəniyyəti ilə bəşər sivilizasiyası ta­rixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış, günümüzədək milli mədəni özünəməxsuslu­ğu qoruyub saxlamışlar. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu böyük sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY qardaş türk ölkələri arasında ya­radılan ilk beynəlxalq qurum kimi ötən müd­dətdə təqdirəlayiq xidmətlər göstərmişdir”.

Azərbaycan xalqının ədəbiyyatına və di­linə qayğını Prezidentin bütün fəaliyyəti ər­zində görmək mümkündür. 2013-cü il aprel ayının 9-da təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişa­fına dair Dövlət Proqramı”nı, bu istiqamətdə hazırlanan sənədlərin içində strateji hədəfləri olan proqram kimi qəbul qəbul edilməsi tə­sadüfi deyil. Azərbaycanda dilçilik elminin inkişafına təkan verən və hazırda öz bəhrəsi­ni verən bu sənəd dilçiliyimizdə yeni inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün vacib rol oynayır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dövlət Dil Ko­missiyası yanında Monitorinq Mərkəzinin yaradılması isə təkcə dilimizin saflığının qorunması istiqamətində maarifləndirmə işi­nin aparılması deyil, mətbuat və televiziya sahəsində, dövlət və özəl qurumlarda, reklam lövhələrində Azərbaycan dilinin qrammatik normalarının qorunmasının təmin edilməsi­dir. Möhtərəm Prezidentimizin bu istiqamətdə gördüyü işlər çoxdur. Ali dövlət rəhbərimiz hər bir addımında Azərbaycan xalqının yarat­dığı maddi-mənəvi dəyərlərin məcmusu olan Azərbaycan dilinə qayğı-diqqətini görür və yüksək qiymətləndiririk.

Mahirə HÜSEYNOVA,
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor

Sosial həyat