Heydər Əliyev və Azərbaycan teleradiosunun inkişafı

post-img

Azərbaycan Televiziya və Radiosunun yaranmasının ildönümü sayılan 6 noyabr ərəfəsində efir jurnalistikasının keçib gəldiyi yol, uğurları və qarşıda duran hədəfləri iri planda diqqəti cəlb edir, yeni yanaşmalarla aktuallaşır. 

Ötən onilliklər ərzində maddi-texniki baza qənaətbəxş olmasa da, milli televi­ziya və radiomuzu yaradan insanlar fə­dakar əməkləri və yaradıcılıq axtarışları ilə onlayn mediamızın bu sahəsi inkişaf etdirib bugünkü yüksək səviyyəyə çatdır­mışlar. Məhz o insanların yüksək peşə­karlığı, xalqa bağlılığı sayəsində minlərlə televiziya və radio mütəxəssislər – jurna­listlər, rejissorlar, operatorlar, montajçılar yetişdirmiş, zəngin audio-video mate­rialları fondu yaranmışdır. Azərbaycan Televiziyası efir imkanlarının genişliyi, Azərbaycan Radiosu əhatə dairəsi və jur­nalistikamızın bu sahəsində öz ənənələri­ni yaradaraq məktəbə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin res­publikada hakimiyyətə hər iki gəlişi milli teleradionun inkişafı, onun dünya sə­viyyəsinə yükəlməsi baxımından tarixi mərhələlər olmuşdur. Hər iki dövrdə efir jurnalistikanın maddi-texniki bazası müa­sirləşdirilmiş, peşəkarlıq səviyyəsi yük­səlmiş, cəmiyyət həyatında rolu və audi­toriyaya təsiri əsaslı surətdə artmışdır.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə ictimai-siyasi və mədəni həyata yeni texniki vasitələrlə daxil olan Azərbaycan Televiziyası təkcə xalqını keçmiş şərəfli tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm də mill-mənəvi dəyərlərimizin gəncliyin şüurunda həkk olunması missiyasını ye­rinə yetirirdi. Bu baxımdan Heydər Əliyev televiziyanın fəaliyyətinə xüsusi önəm verir, ilk növbədə, onun maddi-texniki bazasının möhkəmlənməsi, yayım area­lının genişləndirilməsi üçün hər cür siyasi dəstək göstərirdi. Buna görə idi ki, 1985-ci ildə Azərbaycan Televiziyası texniki təchi­zatına, film istehsalı və müxtəlif proqram­larla Mərkəzi Televiziyadakı çıxışlarına görə SSRİ-də 4-cü yerə çıxmışdı.

Ümummilli lider ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra isə Azərbaycanda teleradio məkanını sürət­lə müstəqil dövlətin tələbatına uyğun­laşdırdı. Bu amili nəzərdə tutan Heydər Əliyev televiziyanın xalqımızın həyatın­da oynadığı rolu nəzərdə tutaraq deyirdi: “Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir!”. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsi keçən qurumlardan biri də dövlət teleradiosu bazasında yeni­dən qurulan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olmuşdur. 2009-cu ildə yaradılan “İdman”, 2011-ci ildə tə­sis olunan “Mədəniyyət” telekanallarının fəaliyyətinin, xüsusilə, son illərdə Azər­baycan Televiziyasında aparılan islahat­ların nəticəsidir ki, müxtəlif formatlarda və aktual mövzularda hazırlanan proqramlar tamaşaçıların maraqla qarşıladıqları ve­rilişlərə çevrilib. Bunlarla bərabər, Azər­baycan Televiziyası media sektorunda yaranan tendensiyaları qorumaqla, onları konkret sosial-mədəni reallıqlar prizma­sında əks etdirir. 

– İctimai-siyasi proqramlar studiyası­nın hazırladığı, ölkəmizdə və kənarda baş verən aktual, ictimai-siyasi hadisələrin təhlil olunduğu “Həftə” proqramı, “Əsas məsələ” tok-şousu, “Hədəf” verilişi və digər yayım materialları təkcə informativ deyil, həm də maarifçilik yükü olan proq­ramlardır. “Telesəhər”, “Obyektiv”, “Sözü­müz imzamızdır”, “Döyüşçü”, “Peşəkar­lar”, “Günə davam”, “Görüş yeri”, “Xalqın adamı”, “Ekoetika”, “Əslində biz”, “Əsrin adamı”, “Sözün düzü”, “Çöl adamı”, “Ora­lar”, “Kinoman”, “Texno xəbər”, “ 1 AZTV”, “Üçbucaq”, “2 x 2”, “Atlan”, “Məhşər” və digər biri birindən daha baxımlı olan ve­rilişləri, həmçinin yerli və xarici filmləri də maraqla qarşılanır, geniş ictimai rəy do­ğurur.

“AzTV xəbər” informasiya proqramı­nın hər gün 7 dəfə Azərbaycan, 1 dəfə rus və 1 dəfə ingilis dillərində efirə gedən buraxılışları yalnız ölkədə deyil, xaricdə də sabit auditoriya qazanıb. Möhtəşəm zəfərlə başa çatan 44 günlük Vətən mü­haribəsində Azərbaycan Televiziyası və Radiosu xalqımızın və kənarda yaşayan milyonlarla tamaşaçının əsas informasiya mənbəyinə çevrildi. 

Nə cür əks olunmasından asılı olma­yaraq, televiziya və radionun mövcud media resursları arasında dominatlığı, onun öz əhatə dairəsindəki tamaşaçı və dinləyici auditoriyasının əsas informasiya mənbəyinə çevrilməsi inkarolunmazdır. Əlbəttə, bu üstünlük, formasından asılı olmayaraq media mühitində rəqabətin aradan qaldırılması deyil. Son illərdə cə­miyyətimizin ancaq etibarlı informasiya mənbəyinə deyil, həm də maarifçilik və əyləncə məkanına çevrilən Azərbaycan Televiziya və Radiosu daxili istehsalat prosesində məhz bu məqamları prioritet istiqamətə çevirib. 

Xatırladaq ki, Azərbaycan Televiziy­sı 67 illik yolda zəngin təcrübəsi ilə zən­gin məktəbə çevrilib və bu gün də ölkənin televizya məkanında aparıcı rol oynayır. Maddi-texniki bazasının zənginliyi, uzun illər formalaşan ən yaxşı ənənələr əsa­sında yetişən peşəkar yaradıcı heyəti ilə Azərbaycan Televiziyası yenə öndədir, “Ana televiziya” statusunu qoruyub sax­layır.

– Bunlarla bərabər, Azərbaycan Te­leviziyasının yayım siyasətini müəyyən­ləşdirən şəxslər “Bu gün qazanılan istə­nilən uğurlarla kifayətlənmək gələcək tənəzzülün başlanğıcıdır” – gerçəkliyini yaddan çıxarmırlar. Bütün televiziya pro­seslərinin internetləşdiyi indiki dövrdə televiziya və internet texnologiyalarının bir çox sahələrdə – həm televiziya məz­mununun yaradılmasında, həm də tama­şaçıya çatdırılmasında bir-birinə nüfuz etməsi üçün xüsusi şərait yaradılır. Azər­baycan telekanallarının internet yayımı­nın eksperimental mərhələdən keçməklə çox vacib kütləvi informasiya vasitələri seqmenti kimi meydana çıxması artıq adi qarşılanır. Yaxın gələcəkdə genişzo­laqlı internet texnologiyalarının inkişafı qlobal şəbəkənin yayım keyfiyyəti ilə alternativ kanallar arasındakı sərhədləri siləcək. Bu, şübhəsiz ki, televiziya ya­yımının yeni inkişaf səviyyəsinə gətirib çıxaracaq və teleməkana yeni perspek­tivlər açacaq.

Media diskursunun diqqətəlayiq möv­zularından birinə çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə - sənaye ha­disəsi kimi, təşkilati və idarəetmə qərarla­rının məcmusu kimi, jurnalist fəaliyyətinin yeni xüsusiyyəti, yeni medianın yaranma­sı üçün ilkin şərt kimi nəzərdən keçirilir. Azərbaycan Televiziya və Radiosunda bu prinsip prioritet istiqamət elan edilib: “İnformasiya şəbəkənin inkişafı dəyişdik­cə, məlumatın yenilənmə tezliyi, yayılma sahəsi və məzmun müxtəlifliyi qorunma­lıdır”.

Elməddin QULİYEV,
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məsul işçisi



Sosial həyat