İnklüziv təhsil dairəsini genişləndirir

post-img

Ali təhsil müəssisələri bu sahədə geridə qalır

Sağlamlıq imkanları məhdud, eləcə də həssas təbəqədən olan uşaqların dünya ilə əlaqəsi, həmyaşıdları və böyüklərlə təmasları, hərəkətliliyi, ətraf mühitlə, təbiətlə ünsiyyətində onun təhsil alması mühüm rol oynayır. İnklüziv təhsil modeli məhz fiziki, sosial, emosional, əqli, linqvistik, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq hər bir şəxsə ümumi təhsil almaq imkanı verdiyi üçün önəm kəsb edir. Azərbaycanda inklüziv təhsilin tətbiqinə 2005-ci ildən pilot layihələrin icrası ilə başlanılıb. 

Hazırda ölkəmizdə 18 yaşadək əlillərin sayı 46 min 391 nəfərdir. Azərbaycan Res­publikası Elm və Təhsil Nazirliyindən ve­rilən məlumata görə isə ölkəmizdə 40 ümumi təhsil müəssisəsində inklüziv siniflər təşkil olunub. 2023-2024-cü tədris ilində isə 245 nəfər sağlamlıq imkanları məhdud uşaq ink­lüziv təhsilə cəlb olunub. Rəqəmlər göstərir ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların 1 faizdən də azı inklüziv təhsilə cəlb olunub. Bu da sirr deyil ki, belə uşaqla­rın valideynləri övladlarını cəmiyyət arasına çıxarmaqdan daha çox, evdə təhsil almaları­na üstünlük verirlər. Bunun obyektiv və su­byektiv səbəbləri var. İnklüziv təhsil mode­linin üstünlüyü isə ondadır ki, uşaqlar məhz ümumtəhsil müəssisələrində adi qaydada dərs ala bilirlər. 

Bu təhsil modelinin tətbiq olunduğu məktəblərdən biri – Bakı şəhəri 202 saylı tam orta məktəbdə 16 sinifdə 29 şagird təhsil alır. 

Məktəbin direktoru Gülüstan Vəliyeva “XQ”yə açıqlamasında bildirdi ki, qayda­ya görə hər sinifdə 2-dən çox şagird ola bilməz: 

–Məktəbimizdə 2016-cı ildən inklüziv təhsil modeli tətbiq olunur. Belə uşaqların təhsil aldığı sinifdə 20-dən çox şagird olma­malıdır. Şagirdlərin hazırlığı zamanı bəzən istədiyimiz nəticəni əldə edirik, bəzən bu, mümkün olmur. Adətən xəstəliyin ağırlaşma­sı belə uşaqların adi qaydada təhsil almasına mane olur. Onlar xüsusi məktəblərə və ya ev təhsilinə cəlb olunurlar. 

Direktorun sözlərinə görə, belə uşaq­lar tez yorulduqlarlına və bütün dərslərdə otura bilmədiklərinə görə, korreksion pe­daqoqlar məktəbdə ayrılmış xüsusi resurs otağında onlarla məşğul olurlar:

–Şagirdlərimiz arasında 100 dairəsində hesablama bacarığı olan, mətni əla oxuyanlar da var. Amma onlarda analiz-sintez prosesi çox zəifdir. Bəzən məktəbimizə sağlamlıq­ları qismən məhdud olan uşaqlar da onlayn qeydiyyatdan keçərək qəbul olunurlar. İnk­lüziv təhsilə cəlb olunmayan belə şagirdlərlə də korreksion pedaqoqlarımız məşğul olur, onların sosiallaşmasına maksimum kömək edirlər. 

Azərbaycan Dövlət İqtisad Universitetin­də (UNEC) inklüziv şəraitin yaradılması və sağlamlıq imkanları məhdud olan tələbələr üçün ali təhsil səviyyəsinin əlçatanlılığının yüksəldilməsi məqsədilə 2015-ci ildə İnklü­ziv Təhsil Mərkəzi yaradılıb. 

Mərkəzin direktoru Sevinc Məhsimo­va hazırda bu istiqamətdə çox böyük nai­liyyətlər əldə etdiklərini bildirdi:

–Mərkəzin yaradıldığı ilk dövrdə univer­sitetdə cəmi 26 nəfər əlilliyi olan gənc qiyabi təhsil alırdısa, hazırda təkcə əlillik yox, digər kateqoriyadan olan, həssas təbəqəyə aid 200 nəfərdən çox tələbə inklüziv təhsilə cəlb olu­nub. Mərkəz ümumi auditoriyalarda, hamı ilə birgə təhsil alan tələbələrə keyfiyyətli təhsil almaqda yardımçı olmaqla, onların univer­sitet həyatına tam inteqrasiyasına dəstək göstərir. Universitetin 3 saylı tədris binasında əlilliyi olan şəxslərin rahat bir şəkildə bütün imkanlardan yararlana bilmələri üçün hər şə­rait yaradılıb. Həmçinin, təhsil ocağında İnk­lüziv Təhsil Fondu yaradılıb. 

Sevinc Məhsimova UNEC-də Psixo­loji Mərkəz, İnklüziv Təhsil Fondunun yaradıldığını, yardıma ehtiyacı olanların həmin qurumlara yönləndirdiklərini dedi:

–Valideynlər bu cür tələbələrin həyatında vacib rol oynadıqları üçün onlarla da sosi­al iş aparırıq. Tədrisdə də bir çox yeniliklər tətbiq olunur. Məsələn, fərdi təhsil trayekto­riyası çərçivəsində audio-dərslik, audio-mü­hazirələr təşkil edilir. Əlilliyi olan tələbələr üçün əlavə dərslərin keçirilməsi, üzrlü səbəb­dən universitetə gəlməyənlərin evdən onlayn dərsə qoşula bilməsi üçün imkanlar yaradılır. 

UNEC-də əlilliyi olan tələbələr arasında ikili diplom və mübadilə proqramlarının iş­tirakçılarının olması da təqdirəlayiq haldır. Eləcə də Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində əlilliyi olan bir neçə tələbə Avropa universitetlərində təhsil alıblar.

Qurum rəsmisi əlilliyi olan gənclərin xü­susi bacarıqlarının üzə çıxarılmasına verilən dəstək sayəsində tələbələr arasında şairlər, yazıçılar, rəssamlar, riyaziyyatçılar, peşə­kar İT mütəxəssislərin olduğunu vurğuladı. 2018-ci ildə UNEC təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün təşkil edilən əmək yarmar­kasında 1200-dən çox ali təhsili olan gəncin iştirak etdiyini, onlardan 108-nin işə qəbul olunduğunu dedi. 

Azərbaycan Dövlət Neft və Sənaye Uni­versitetində hazırda 6 tələbə inklüziv təhsilə cəlb olunub. Bakı Dövlət Universitetində isə inklüziv təhsil alan tələbələrin sayı 16-dır. 

Təhsil eksperti Elmin Nuri inklüziv təhsilin, əsasən orta məktəblərdə həyata keçirildiyini bildirdi: 

–Azərbaycanda inklüziv təhsil, əsasən orta təhsil müəssisələrindədir. Əslində bu, təkcə orta məktəblərə şamil olunmamalıdır. Daha böyük yaş qruplarında da o proble­mi özündə daşıyan şəxslər vardır. Ali təhsil ocaqlarında inklüziv təhsil modelinin təmini ilə bağlı sorğular keçirilib. Müəyyən monito­rinqlər aparılıb. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün hansı işlər görüləcək, sualına lazımi cavab alınmayıb. Universitet­lərdə sağlamlıq imkanları məhdud olan şəxs­lər üçün panduslar, əlavə liftlərdən başqa, demək olar ki, heç bir iş görülmür. Ali təhsil ocaqları arasında UNEC-də artıq bir neçə ildir ki, İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir. Təəssüflər olsun ki, bunu bir univer­sitetin timsalında göstərə bilirik. Düşünürəm ki, bütün ali təhsil müəssisələrində bu, belə olmalıdır. Digər universitetlər isə zəruri inf­rastrukturun qorunub saxlanmasına çalışır və bununla da işlərini bitmiş hesab edirlər. 

Müasir cəmiyyətdə hər hansı bir ayrı-seç­kilik varsa, belə bir cəmiyyət tam hesab edilə bilməz. İnklüziv cəmiyyətə gedən yol məhz inklüziv təhsildən başlayır. 

 

Leyla QURBANOVA
XQ



Təhsil